Avropa ölkələrində yoluxmalar artsa da, karantin sərtləşdirilmir. Azərbaycan isə geriyə doğru irəliləyir. Ölkədə avqustun 1-dək xüsusi karantin rejimidir, iyulun 5-dək isə SMS-lə küçəyə çıxmağa icazə verilir.
Ancaq məsələ burasındadır ki, əksəriyyət sərt karantin rejiminin tələblərinə əməl etmir. İnsanlar küçələrdə, yollarda, parklarda, marketlərdədir. Bir çox vətəndaş gündə iki SMS yazaraq hərəkət sərbəstliyi icazəsini alır. Bu halda iki həftəlik karantinin rejiminin bir əhəmiyyəti qalırmı?
Həkimlər, ekspertlər də Operativ Qərargahı tənqid edərək atılan addımların effektiv olmayacağını söyləyirlər. Hətta professor Adil Qeybulla bildirmişdi ki, iki həftəlik sərt karantin rejimi ilə müsbət nəticə əldə etmək mümkün olmayacaq.
Yenisabah.az xəbər verir ki, respublikanın baş infeksionisti Cəlal İsayev Musavat.com-a bildirib ki, Avropa ilə Azərbaycanı eyniləşdirmək olmaz. Onun sözlərinə görə, “qoca qitə”də hazırkı situasiya sərhədləri açmağa, karantini yumşaltmağa imkan verir, Azərbaycanda isə gedişat xoşagələn deyil və Avropa kimi addımlar atmaq üçün hələ tezdir.
“Ümid edirəm ki, iyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq. Amma biz yoluxmanın sayına baxmalı, gedişatı izləməli, təhlil aparmalıyıq. İndidən demək olmaz ki, bu iki həftədə hər şey yaxşı olacaq. Çünki insanlar səhlənkarlıq edir, maska taxmırlar, yas yerlərinə toplaşır, sərt karantin olsa da, küçələrdə, parklarda gəzirlər. Nə qədər söyləmək olar ki, lazımsız yerə küçəyə çıxmayın. Yoluxmanın artmasına səbəb olan amillər bunlardan ibarətdir. Əgər tövsiyələrə əməl edilsə, onda azalma olar”.
C.İsayev hələ də virusa barmaqarası baxanların olduğunu və bu səbəbə “qurunun oduna yaşın da yandığını” söylədi. O, insanların məsuliyyətsizliyinə nə ad verməli olduğunu bilmir: “Prezident neçə dəfə xəbərdarlıq edib, özü, xanımı, nazirlər maska taxırlar, cəmiyyətə nümunə göstərirlər. Amma ən çox cavanlar buna biganə yanaşırlar. Gənclər bu xəstəliyi ağır keçirmirlər, amma digər yaş qrupların nəzərə almalıdırlar”.
C.İsayev karantin tələblərinə əməl olunmasa yoluxmanın artacağını açıqladı. Onun sözlərinə görə, xəstəxanalarda artıq yer yoxdur, yüngül xəstələr ev şəraitində müalicə olunurlar. Baş infeksionist uşaqlarda koronavirusa yoluxmanın az olduğunu bildirdi: “Amma uşaqları qorumaq lazımdır. Bu, əsas vermir ki, uşaqlarda yoluxma faizi azdırsa, gigiyenik qaydalara əməl etməsinlər”.