AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Operativ Qərargahın qərarlarına əməl etmək koronovirusdan xilasımız olacaq”

  • + A
  • - A
  • 7-07-2020, 22:40

    “Operativ Qərargahın qərarlarına əməl etmək koronovirusdan xilasımız olacaq”

    ​ ​ İlk dəfə ölkəmizdə koronavirusa (COVİD-19) infeksiyasına yoluxma halı bu ilin fevral ayının 28-də qeydə alındı və belə bir səbəb üzündən də, martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Koronavirusa görə tətbiq olunan karantin rejimi aprel ayının 27-də yumşaldılsa da, sonradan verilən məlumatlara görə insanların qəbul olunmuş qaydalara əməl etməmələri səbəbindən, ​ bu virusa yoluxanların sayı durmadan artmağa başladı. Hazırda​ ölkəmizdə virusa yoluxanların sayının təqribən 19 min nəfərə, ölənlərin sayının isə 230 ​ nəfərə yaxınlaşdığı vurğulanır. Artıq vəziyyət o həddə gəlib çatıb ki, tətbiq olunmuş növbəti karantin müddətində maska taxmaq məcburi hala gətirlib və bu məqsədlə cərimə həddi iki dəfə artırılıb. Son iki ay ərzində koronavirusa yoluxmanın artması səbəbindən hökumət Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda iyunun 21-dən ciddi karantin rejiminin tətbiqinə qərar vermişdi. Hazırda sərt karantin rejiminin tətbiq edildiyi bölgələrə yeniləri də əlavə olunub. Belə ki, Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun ötən cümə günü imzaladığı qərara əsasən, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadıldı. O cümlədən iyulun 4-dən Bakıda metropolitenində sərnişindaşıma fəaliyyəti 4 iyuldan 20 iyula kimi dayandırıldı. Hətta, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonu (şənbə-bazar) bütün ictimai nəqliyyat növlərinin dayandırılması haqda qərar da qəbul olunub.
    ​ ​ ​ ​ Bundan əlavə, ölkə ərazisinin ictimai yerlərində, o cümlədən küçələrdə, bulvarlarda yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla, yad adamların 5 nəfərdən artıq qruplarda cəmləşmələri də qadağan olunub. Yəni, bu yöndə atılan addımların kökündə cənab İlham Əliyev başda olmaqla, Azərbaycan hökumətinin hər bir vətəndaşının qayğısına qalması, onların sağlamlıqlarının qorunmasını təmin etmək durur. O halın varlığını da nəzərə almaq lazımdır ki, hazırda koronovirus pandemiyasının qarşısının alınması məqsədilə büdcədən indiyə kimi külli miqdarda vəsaitlər xərclənib, əksər dövlət qurumları koronovirusun qarşısının alınması tədbirlərinə səfərbər olunublar. Ona görə də, bir millət vəkili olaraq bütün yaşlı nəslin nümayəndələrini, gəncləri, bir sözlə hər kəsi mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün, preventiv tədbirlərin şərtlərini yerinə yetirməyə çağırıram. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq məsləhətdir. Karantin dövrünün tələb və tövsiyyələrinə hər kəs ciddi əməl etməli, o cümlədən tibbi maska taxmalı, sosial məsafə saxlamalı, dezinfeksiyaedici məhlullardan davamlı şəkildə istifadə etməlidir, hətta potensialı olan hər kəs virusa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsində də fəal iştirak etməlidir.
    ​ ​ ​ Onu da vurğulamaq yerinə düşər ki, cənab İlham Əliyevin birbaşa diqqəti və nəzarəti altında Azərbaycan hökumətinin indiyə kimi koronavirus təhlükəsinə qarşı atdığı addımlar, məhz beynəlxalq təşkilatlar tərəfindən lazımınca dəyərləndirilib. Bu gün də cənab Prezidentin tapşırığı ilə atılan addımlar, yəni virusun yayılmaması üçün görülən önləyici tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilməkdədir. Fakt budur ki, hələ bir müddət bundan öncə adı çəkilən bu qurumun ölkəmizdəki nümayəndəsi Hande Harmancı, Azərbaycan Respublikasının həyata keçirdiyi mübarizə tədbirlərini lazımınca dəyərləndirmişdi. O halın varlığını da qeyd etmək yerinə düşər ki, virusla əlaqədar aparılan mübarizə tədbirlərinə ÜST tərəfindən verilən qiymət, görülən işlər, epidemiya ilə bağlı hazırkı vəziyyət və s. onu söyləməyə əsas verir ki, Azərbaycan Respublikası belə bir ümumbəşəri bəladan daha az itgi ilə xilas ola biləcək yeganə dövlət olacaq.
    ​ ​ Əslində bu yöndə addımların atılması cənab Prezidentin ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə etdiyi çağırışa verilən dəstəkdir. Odur ki, bir millət vəkili olaraq atılan addımları alqışlayır və ölkəmizin​ koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən üzüağ, alnıaçıq çıxacağına tam əminliyimi bildirirəm. O halın varlığını da qeyd etmək istəyirəm ki, cənab Prezidentin çağırışı və birbaşa nəzarəti altında ölkəmizin bütün ərazisində​ koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirləri, xalqımızın belə bir bəladan az itgi ilə xilas olmasına imkan verəcək. Ona görə də, MM-in deputatı olaraq hər kəsə çağırışımı edib tövsiyyəmi bildirirəm ki, mümkün qədər karantin rejiminin tələblərinə hamılıqla əməl edək ki, dövlətimizi və xalqımızı tez bir zamanda belə bir bəladan xilas etmək mümkün olsun. Bundan əlavə, hökumətin bu yöndə gördüyü tədbirlərə hamılıqla dəstək olaq ki, cənab Prezidentin rəhbərliyi altında görülmüş bütün zəruri tədbirlər yaxın günlərdə öz nəticəsini versin. Hazırda bir millət vəkili olaraq bu yöndə etdiyim çağırış həm vətəndaş borcumdur, həm də Milli Məclisin bir üzvü olaraq ölkə başçısının atdığı addımlara vermək istədiyim dəstəkdir. Düşünürəm ki, hər kəsin Operativ Qərərgahın qərarlarına lazımınca əməl etməsi, bizim belə bir ümumbəşəri bəladan tez bir zamanda xilas olmağımıza imkan verəcək.

    Məşhur Məmmədov

    Milli Məclisin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR