İran parlamentinin spikeri: Ölkə genişmiqyaslı iqtisadi müharibə şəraitindədir

İran parlamentinin spikeri: Ölkə genişmiqyaslı iqtisadi müharibə şəraitindədir
İran genişmiqyaslı iqtisadi müharibə şəraitindədir. Bunu İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf hökumət həftəsi münasibətilə çıxışında bildirib.
Qalibafın sözlərinə görə, qarşı tərəf İrana və ölkə əhalisinə təzyiq göstərmək üçün əlində olan bütün imkanlardan istifadə edir.
“Biz bu sahədə də düşmənə qalib gələcəyik”, – deyə parlament spikeri vurğulayıb.
O qeyd edib ki, müharibənin iqtisadiyyat üçün yaratdığı nəticələrə baxmayaraq, icra hakimiyyəti ölkənin idarə olunması və mövcud zəifliklərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.
Qalibaf hazırkı şəraitdə İranın ali rəhbəri Əli Xameneinin birlik, milli həmrəylik və dövlət məmurlarına etimadla bağlı tövsiyələrinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Parlament spikeri hökuməti əhalinin həyat səviyyəsinin və vətəndaşların alıcılıq qabiliyyətinin qorunmasına, gənclərin məşğulluğuna və iqtisadi təhlükəsizliyə prioritet verməyə çağırıb.
Qalibafın sözlərinə görə, hökumət əhalinin, özəl sektor nümayəndələrinin və bütün dövlət qurumlarının dəstəyi ilə iqtisadi təzyiqlərə qarşı dayana bilər.
O, həmçinin yaxın zamanda iqtisadi sahədə düşmənin həyata keçirdiyi “psixoloji əməliyyatların” uğursuzluğa düçar olacağına əminliyini ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.