ABŞ ordusu beş hərbi bazada nüvə mikrореaktorları yerləşdirəcək

ABŞ Ordusu hərbi obyektlərin enerji təminatını daha dayanıqlı etmək məqsədilə beş hərbi bazada nüvə mikrореaktorlarının yerləşdirilməsini planlaşdırır.
Associated Press-in məlumatına görə, layihə çərçivəsində ümumilikdə 20-dən çox belə qurğunun tikilib istismara verilməsi nəzərdə tutulur. ABŞ ordusunun seçdiyi beş şirkət layihənin müəyyən edilmiş mərhələlərini yerinə yetirdiyi halda, beş il ərzində ümumilikdə 2,2 milyard dollara qədər maliyyə ala bilər. Şirkətlər mikrореaktorların tikintisinə, mülkiyyətinə və istismarına cavabdeh olacaq.
Gücü 1-20 meqavat arasında olacaq mikrореaktorlar kritik əhəmiyyətli hərbi obyektlər üçün ehtiyat və dayanıqlı enerji mənbəyi kimi nəzərdə tutulur. Hərbçilərin bildirdiyinə görə, qurğular illərlə yanacaq doldurulmadan işləyə bilər. Bu isə elektrik enerjisinin kəsilməsi və ya hərbi münaqişə zamanı dizel yanacağının çatdırılmasında problem yarandıqda xüsusi əhəmiyyət daşıyır.
Mikrореaktorların yerləşdiriləcəyi bazalar Şimali Karolinadakı Fort-Bragg, Kentukkidəki Fort-Campbell, Texasdakı Fort-Hood, Corciyadakı Fort-Benning və Nyu-Yorkdakı Fort-Drumdur.
Bununla belə, həmin hərbi bazalar ümumi elektrik şəbəkəsinə qoşulu qalacaq. Nüvə mikrореaktorlarının bazaların bütün enerji tələbatını tam şəkildə qarşılaması nəzərdə tutulmur.
“Janus” adlanan proqram ötən il başladılıb. Onun əsas məqsədi yeni nəsil nüvə texnologiyalarının sınaq mərhələsindən praktiki istifadəyə keçirilməsini sürətləndirməkdir. ABŞ Prezidenti Donald Trampın administrasiyası 2025-ci ilin mayında orduya tapşırıb ki, 30 sentyabr 2028-ci ilədək ABŞ-ın hərbi obyektlərindən birində müasir nüvə reaktorunun istismara verilməsini təmin etsin.
ABŞ ordusu hesab edir ki, nüvə enerjisindən istifadə hərbi obyektlərin enerji təhlükəsizliyini artıracaq və onları xarici enerji mənbələrindən daha az asılı vəziyyətə gətirəcək.
Lakin layihə tənqidlərə də səbəb olur. Yeni nüvə reaktorlarının tikintisinin bahalı və riskli olduğunu düşünənlər var. Texas Universitetinin professoru Alan Kuperman hesab edir ki, hərbi maliyyələşmə kommersiya sifarişləri əldə edə bilməyən şirkətlər üçün faktiki olaraq gizli subsidiya rolunu oynaya bilər.
Mübahisəli məqamlardan biri də reaktorların tənzimlənməsi məsələsidir. Kommersiya məqsədli nüvə reaktorlarına ABŞ Nüvə Tənzimləmə Komissiyası lisenziya verdiyi halda, hərbi bazalardakı qurğuların lisenziyalaşdırılmasını birbaşa ABŞ Ordusu həyata keçirəcək.
Ordu isə bildirir ki, tələblər hazırlanarkən Nüvə Tənzimləmə Komissiyasının standartları nəzərə alınır. Məqsəd gələcəkdə bu şirkətlərin kommersiya lisenziyası almaq üçün reaktor konstruksiyalarında ciddi dəyişikliklər etməsinə ehtiyac qalmamasıdır.
ABŞ Ordusu radioaktiv tullantıların utilizasiyası məsələsində Energetika Nazirliyi ilə ayrıca razılaşma əldə etməyə də ümid edir. Radioaktiv tullantıların uzunmüddətli olaraq birbaşa hərbi bazalarda saxlanılması planlaşdırılmır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.