Ermənistan Azərbaycandan elektrik enerjisi idxal etmək imkanını müzakirə edir.
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, ölkə elektrik enerjisi idxalı imkanlarını bir sıra tərəfdaş dövlətlərlə müzakirə edir. Bu ölkələr arasında Azərbaycan da var.
Paşinyan qeyd edib ki, Ermənistanın süni intellekt sahəsinə yatırdığı investisiyalar fonunda gələcəkdə elektrik enerjisinə tələbatın artması mümkündür. Bu səbəbdən ölkə ehtiyac yarandığı halda elektrik enerjisini hansı mənbələrdən idxal edə biləcəyini əvvəlcədən qiymətləndirir.
“Ölkələrdə bəzən elektrik enerjisi artıqlığı, bəzən isə tələbat yaranır. Ermənistanın süni intellekt sahəsinə yatırdığı investisiyaları nəzərə alaraq, ehtiyac yaranacağı təqdirdə elektrik enerjisini haradansa, o cümlədən Azərbaycandan idxal etməyin mümkün olub-olmadığını anlamalıyıq”, – Paşinyan bildirib.
Ermənistan hökumətinin rəhbəri bu məsələnin Gürcüstan, Türkiyə və İranla da ətraflı müzakirə edildiyini deyib.
Qeyd edək ki, bundan əvvəl Laçında Azərbaycan və Ermənistanın enerji qurumlarının nümayəndələri arasında görüş keçirilib. Görüşdə enerji sahəsində əməkdaşlıq, o cümlədən iki ölkə arasında elektrik enerjisinin mümkün ixracı və idxalı məsələləri müzakirə olunub.
Bu açıqlama Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması fonunda enerji sahəsində yeni əməkdaşlıq istiqamətinin formalaşa biləcəyinə dair mühüm siqnal kimi qiymətləndirilə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.