Bu problem ciddiləşir: millət vəkili müraciət etdi
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 300-ə yaxın vətəndaşla onlayn qaydada görüntülü danışıb.
Azadmedia.az xəbər verir ki, millət vəkili onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyəti qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb.
Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub. Aliment ala bilməyən qadınlardan gələn müraciətlərin sayı ciddi narahatlıq doğuracaq dərəcədə artıb. Millət vəkili bununla bağlı müvafiq qurumlarla müzakirələr aparıb və məsələnin həlli istiqamətində görülən işlərin sürətlənməli olduğunu bildirib.
Müzakirələr zamanı Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları koronavirusdan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.