Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu Kamçatkada çətin vəziyyətə düşən azərbaycanlı turist Tatyana Dolivetslə bağlı vəziyyətlə əlaqədar Kamçatka rəsmiləri ilə əlaqə yaradıb.
Diplomatik nümayəndəlikdən bildirilib ki, müxtəlif ölkələrin vətəndaşlarından ibarət turist qrupunun, o cümlədən Azərbaycan vətəndaşı Tatyana Dolivetsin Kamçatka yarımadasında Tolbaçik vulkanına səfəri zamanı əlverişsiz hava şəraiti səbəbindən çətin vəziyyətə düşməsi barədə məlumat alındıqdan sonra aidiyyəti qurumlarla əlaqə yaradılıb.
Eyni zamanda, Kamçatkada yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə də əlaqə saxlanılıb. Vəziyyətin operativ şəkildə aydınlaşdırılması və zəruri tədbirlərin əlaqələndirilməsi istiqamətində iş aparılır.
Tatyana Dolivets sosial şəbəkələrdə yazıb ki, turist qrupu Tolbaçik vulkanına doğru hərəkət edərkən güclü yağışlar nəticəsində çay məcrasından çıxıb və sel suları yolu basıb. Nəticədə yolun təxminən 30 kilometrlik hissəsi zərər görüb. Hazırda turistlər geri qayıda bilmirlər.
Kamçatka diyarının aidiyyəti dövlət qurumları turist qrupu ilə peyk rabitəsi vasitəsilə əlaqə saxlayır və vəziyyəti nəzarətdə saxlayırlar. Əlverişsiz hava şəraiti səbəbindən turistlərin helikopterlə təxliyəsi hazırda mümkün deyil.
Səfirlik bildirib ki, hava şəraiti imkan verən kimi turistlərin təhlükəsiz əraziyə təxliyəsi üçün zəruri tədbirlər görülür. Qrupla əlaqənin qorunması, onların vəziyyəti barədə mütəmadi məlumat alınması və təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzindədir.
Azərbaycanın Rusiyadakı səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu Rusiya dövlət qurumları və Kamçatkada yaşayan azərbaycanlı icması ilə koordinasiyalı şəkildə vəziyyəti diqqətlə izləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.