Sosial və iqtisadi dəstək tədbirlərinin davam etdirilməsi, həmçinin ölkədə həyata keçirilən digər sosial-iqtisadi islahatlar, o cümlədən kölgə iqtisadiyyatının, qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılması və şəffaflığın artırılması istiqamətində görülən tədbirlər, idxal əməliyyatlarına nəzarət tədirlərinin gücləndirilməsi kimi amillər qeyri-neft sektorunun dinamik inkişafına müsbət təsir göstərməklə 2021-ci il və ortamüddətli dövrdə büdcə gəlirlərinin formalaşmasının əsas hərəkətverici qüvvəsi olacaq.
Bu haqda Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.
2021-ci ildə gəlir siyasətinin digər mühüm istiqaməti elektron ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, nağdsız hesablaşma və ödəniş alətlərindən istifadə səviyyəsi yüksəldiləcək.
Qeyd olunub ki, ölkənin iqtisadi inkişafında dayanıqlılığın təmin olunması məqsədi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracın coğrafiyasının və nomenklaturasının genişlənməsi, büdcənin qeyri-neft gəlirlərinin artırılması orta müddətli dövrdə gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaq.
Büdcə gəlirlərinin formalaşdırılmasında diqqət olunacaq istiqamətlərdən biri də sərnişin və yük daşıma sahəsində avtonəqliyyat vasitələrinə görə tətbiq olunan ödənişlərin optimallaşdırılması olacaq.
“Kölgə iqtisadiyyatının miqyasının azaldılması, o cümlədən təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflıq və hesabatlılıq tələblərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Vergitutma bazası genişləndiriləcək, vergi inzibatçılığı təkmilləşdiriləcək”,-deyə Maliyyə Nazirliyinin hazırladığı sənəddə yazılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.