Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət yenidən gərginləşə bilər. Rəsmi Bakı bir neçə dəfə imitasiya xatirinə danışıqların aparılmayacağını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son müsahibəsində danışıqlar prosesinin dayandığını bildirib. Nə baş verir? Qarabağda müharibə başlanacaq? Suallarımız Milli Məclisin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev cavablandırır.
- Razi bəy, Prezident İlham Əliyev Azərbaycan televiziyalarına müsahibə verib və Dağlıq Qarabağla bağlı önəmli açıqlamalarla çıxış edib, danışıqlar prosesinin dayandığını deyib. Prezident erməni rəhbərliyini ən kəskin sözlərlə sərt şəkildə ifşa edib. Sizcə nə baş verir?
- Prezident İlham Əliyevin müsahibəsindən aydın oldu ki, Azərbaycan dövlətinin ermənilərin nazı ilə oynamağa nə səbri qalıb, nə də vaxtı. Ermənistanın baş naziri bilir ki, artıq ona Azərbaycan tərəfindən fikirləşmək və qərar qəbul etmək üçün vaxt verilməyəcək. Hərçənd ki, yadımızdadır ki, o Azərbaycan Prezidentindən Düşənbə şəhərində keçirilən görüşdə vaxt verilməsini birbaşa xahiş edib. Keçən zaman ərzində aydın oldu ki, erməni rəhbərlər dəyişə bilər, amma xarakteri və iç üzü dəyişə bilməz. Azərbaycanın da səbr kasası dolub və Paşinyanın da yalanları üzə çıxdıqdan sonra o artıq Azərbaycandan vaxt istəyə bilməz. Onun üçün də təxribatlara əl atır ki, danışıqlar prosesini pozsun. Nikol Paşinyan qədər qeyri-səmimi və yalançı siyasətçi yer üzündə yoxdur.
-Danışıqların bərpası üçün çağırışlar var. Azərbaycan danışıqlarda iştirak etməlidirmi?
-Mən danışıqların hazırkı formatda davam etdirilməsinin əleyhinəyəm. Prezidentin də bu barədə net danışmasını çox bəyəndim. O dedi ki, “biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik”. Əlbəttə, əgər Ermənistanın rəhbərliyi hər addımda Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır deyirsə, tarixi şəhərimiz olan Şuşada qondarma rejimin “rəhbəri”nin andiçmə mərasimini keçirirsə söhbət hansı danışıqlardan gedə bilər ki. Bu qondarma mərasim xalqımıza yönəlik bir təhqir idi. Əslində, onun qondarma andiçmə mərasimini bombalamaq tam hüququmuz idi. Əfsuslar olsun ki, Azərbaycan dünya ölkələrinin ikili standartları ucbatından bunu edə bilmir. Ermənistan bir-birinə daban-dabana zidd açıqlamalar verir. İyul hadisələri açıq silahlı təxribat idi. Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub. Bunun ardınca avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub. Əgər Ermənistan rəhbərliyi nəticəyə əsaslanan real danışıqlara hazır deyilsə, heç bir danışıq olmayacaq.
-Ermənistanın XİN sözçüsü Azərbaycan Prezidentinin çıxışına münasibət bildirib və işğal edilmiş əraziləri tarixi erməni torpaqları adlandırıb. Sizcə...
-Açığını deyim ki, ermənilər tarixi torpaqlarımız deyəndə adamın başından tüstü çıxır. İnsan nə qədər həyasız, ikiüzlü və nadürüst olmalıdır ki, belə sözü ağzına alsın. Əfsuslar olsun ki, hələ də onların arxasında duran dövlətlər var. Onlar daha çox Rusiyaya güvənərək belə fikirlər irəli sürürlər və Rusiya dövlətinin də Qarabağ məsələsində onlara sahib çıxması təəssüf doğurur. Hansı tarixi torpaqlar? Nikol Paşinyan BBC Hard Talk verilişində tarixi torpaqlar mövzusu ilə biabır olmadımı? Verilişin aparıcısı Stephen Sackur onu efirdə rüsvay etmədimi? Nikol Paşinyanda doğrudan da psixi çatışmazlıqlar var. İki gün öncə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan Nikol Paşinyanı nəzərdə tutaraq yazmışdı ki, Konstitusiyada aydın şəkildə yazılmalıdır ki, psixi problemi olanlar yüksək siyasi vəzifələr tutmasınlar. Heç istəməzdim ki, Azərbaycan prezidenti belə bir psixi problemləri olan biri ilə danışıqlar aparmalı olsun. Ümid edirəm ki, buna ehtiyac da olmayacaq. Erməni xalqı bu psixi elə onun öz metodu ilə siyasətdən qovacaq.