Baba Rzayev dövlətə necə zərər vurub? - Rəsmi faktlar ASC sədrinə qarşı
Bakı və ölkənin bölgələrini (Naxçıvandan başqa) elektrik enerjisiylə təmin edən «Azərişıq» ASC tariflərin artırılmasına, gəlirlərinin 26.7 faiz yüksəlməsinə baxmayaraq, 2016-cı ili zərərlə başa vurub.
Şirkətin açıqladığı maliyyə hesabatına görə, elektrik enerjisi satışının həcmi 959 milyon manata yaxın olub. Di gəl, xərclərin artımı gəlirləri üstələyib. Nəticədə ötən ilin iyulun 15-dən elektrik enerjisini istehsalçıdan 4.3 qəpikdən (bunadək 4.1 qəpik) alan və istehlakçıya 6 qəpikdən deyil, 7 qəpikdən satan «Azərişıq» ASC-nin mənfəəti artmaq əvəzinə, il ərzində 3.7 milyon manat azalaraq 73.1 milyon manata düşüb. 2016-cı ilin dekabrın 1-dən isə istehlakçılara elektrik satışı tarifi differensiallaşdırılaraq 7-9-11 qəpik müəyyən edilib.
Tariflər artırılarkən hökumət bildirmişdi ki, «əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əmək haqlarının artırılmasına imkan verəcək».
KOMMERSİYA VƏ ƏMƏLİYYAT XƏRCLƏRİ ARTIB
Enerji satışından əlavə, 2016-cı ildə «Azərişıq» ASC-nin 24.7 milyon manatlıq digər gəlirləri də olub. Lakin kommersiya və əməliyyat xərclərinin 27 milyon manat artması ucbatından şirkət ili 372 min manat zərərlə başa vurub. Bundan başqa, «Azərişıq»a 25 milyon manatdan çox mənfəət vergisi hesablanıb. Maliyyə hesabatında diqqəti cəlb edən həm də odur ki, 2015-ci ildə şirkətə olan 43 milyon manat məbləğində borc «müddətin keçməsi səbəbindən» zərər kimi tanınıb.
İstifadə olunmuş enerjiyə görə ödəmələr aşağı olaraq qalır və bu sahədə durum yaxşılaşmaq əvəzinə pisləşir. İl ərzində enerji satışına görə istehlakçıların «Azərişıq» ASC-yə borcları 29.3 faiz artıb. Bu ilin əvvəlinə borcun məbləği kritik həddə – 678 milyon manata çatıb. Şirkət bu məbləğin 44.6 milyon manatının qayıtmasına şübhəylə yanaşır. Hesabatda belə deyilir.
«AZƏRİŞIQ» ASC-NİN NİZAMNAMƏ KAPİTALI NƏ QƏDƏRDİR?
Maliyyə hesabatında «Azərişıq» ASC-nin nizamnamə kapitalı ilə bağlı fərqli məlumatlar əks olunub. Balans hesabatında 2016-cı ilin əvvəlinə ödənilmiş nizamnamə kapitalının 1 milyard 319.2 milyon, ilin sonuna isə 885.6 milyon manat olduğu göstərilib. Lakin kapitalda dəyişikliklər hesabatında səhmdar kapitalının 1 milyard 356.3 milyon manat olduğu iddia olunur.
Lakin Vergilər Nazirliyinin məlumat bazasında şirkətin nizamnamə kapitalı bundan xeyli aşağı – 623.5 milyon manat göstərilib.
Digər maraqlı məqam isə budur ki, ötən ilin dekabrında Maliyyə Bazarlarına Nəzarət Palatası «Azərişıq» ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 131 milyon 50 min ədəd səhmlərini dövlət qeydiyyatına alıb.
EKSPERT: «ALINAN KREDİTLƏR TƏYİNATI ÜZRƏ SƏMƏRƏLİ XƏRCLƏNSƏYDİ…»
Enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, 2005-ci ildən bəri Azərbaycanın enerji şəbəkəsinə 4 milyard dollar sərmayə yatırılsa da, paylayıcı şəbəkənin dayanıqlığını təmin etmək mümkün olmayıb. Hətta Bakının əksər yerlərində normaya (220 Vatt) uyğun gərginlik verilmir, enerji ötürülməsində ciddi fasilələrə yol verilir. Qabarıq örnəksə ötən payız-qış mövsümüdür.
«Əgər alınan kreditlər təyinatı üzrə səmərəli xərclənsəydi, istehlakçılar kütləvi surətdə bu cür xoşagəlməz hallarla qarşılaşmazdılar. Ona görə də, yeni alınan kreditlərin son qəpiyinə qədər enerji şəbəkəsinin xeyrinə istifadə olunması hökumətin bir nömrəli vəzifəsi olmalıdır», – ekspert deyir.
Ötən il Asiya İnkişaf Bankı «Azərişıq» QSC-yə dövlət təminatıyla, 3 il ərzində ödənilmək şərtilə, 750 milyon dollar həcmində uzunmüddətli kredit xətti açıb. İ.Şaban hesab edir ki, bu vəsaitlərin səmərəli istifadə olunmasından ötrü satınalma şəffaf keçirilməlidir.