AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fatma Yıldırım: “Havadarları Ermənistanı silahlandırmaqla regionda sülhün bərqərar olmasına qarşı çıxırlar”

  • + A
  • - A
  • 15-10-2020, 20:00


    “Bu gün ardıcıl qələbə sevinci yaşadan şanlı ordumuzun zəfərləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan əsgərinin düşməni pərən-pərən salması, işğal altında olan torpaqlarımızı qarış-qarış azad etməsi, həmin ərazilərdə yenidən üçrəngli bayrağımızın dalğalanması qələbə əzmini daha da artırır. Tezliklə bayrağımızın bütün Qarabağ səmasını bəzəyəcəyinə böyük inam yaradır. Bu haqq savaşında Azərbaycanın ədalətli mövqeyini beynəlxalq platformada dəstəkləyən ölkələr, xüsusilə qardaş Türkiyəyə sonsuz təşəkkürümüzü bildiririk”.

    Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

    O bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Millət vəkilinin sözlərinə görə, hazırkı məsuliyyətli dönəmdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkənin hökuməti və xalqı birmənalı şəkildə Azərbaycanın yanındadır və bizim haqq işimizi dünyada yorulmadan təbliğ edirlər:

    “Məlumdur ki, Azərbaycan ordusu doğma torpaqlarımızın işğaldan azad olunması əməliyyatına başladıqdan sonra bəzi dövlətlər Azərbaycana təzyiq göstərməyə başladılar. Amma onlar qarşılarında Azərbaycan prezidenti ilə yanaşı Türkiyənin prezidentini və türk xalqını gördülər. Bu gün Türkiyə rəsmi səviyyədə qətiyyətlə bəyan edir ki, Qarabağ Azərbaycan torpağıdır və Ermənistan işğala son qoymalıdır. Məhz bundan sonra regionda uzunmüddətli sülhə nail olunacaq”.

    Deputat söyləyib ki, Türkiyə tərəfi həmişə bizə “can Azərbaycan” deyə müraciət edir:

    “Türkiyə də bizim canımızdır. Çünki biz bir millət, iki dövlətik, soyumuz, dilimiz, dinimiz, adət-ənələrimiz eynidir. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə xalqı bu sevgisini tarixi binalarda, eyvanlarda iki ölkənin bayrağını yan-yana asaraq bütün dünyaya nümayiş etdirir. Bu aksiya hətta xarici mətbuat qurumlarında belə böyük əks-səda yaradıb”.

    Eyni zamanda, millət vəkili Ermənistan mətbuatında çıxan Türkiyənin də hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı saxta xəbərlərə də münasibət bildirib:

    “Azərbaycanın güclü ordusu var və bu günə kimi bütün foto və videogörüntülərdə azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmalarını hər kəs görür. Cənab prezidentin də dediyi kimi, biz istifadə etdiyimiz silahların hamısını pulla əldə etmişik. Qardaş Türkiyə hərbi sənayesinin məhsulu olan silahları almağımız, əlbəttə ki, Türkiyənin hərbi əməliyyatlarda iştirak etməsi demək deyil.

    Çünki biz Türkiyə ilə yanaşı İsrail, Rusiya, Ukrayna və s. bir çox ölkələrdən də müxtəlif silahlar almışıq. Dünya ictimaiyyətindən soruşmaq lazımdır, bəs iqtisadiyyatı iflasa uğramış işğalçı Ermənistan bu silahları haradan əldə edir?! Niyə bunun hesabatını onlardan heç kim tələb etmir?! Ermənistanın qeyri-qanuni silahlandırılması əslində bu ölkənin himayədarlarının regionda sülhün bərqərar olmasına qarşı olduqlarını açıq göstərməkdədir.

    Fatma Yıldırımın fikrincə, hazırda Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq əlaqələri yüksək səviyyədədir:

    “Ordularımız mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər. Təbii ki, Azərbaycan ordusunun peşəkarlığının artmasında məhz Türkiyə təcrübəsi və hərbi əməkdaşlığımız da vacib rol oynayır. Bu gün topraqlarımızın işğaldan azad olunması mübarizəsini Türkiyədə hərbi məktəblərdə təhsil almış yüksək təcrübəyə malik olan peşəkar zabitlərimiz həyata keçirir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi biz ordu quruculuğunda hər zaman Türkiyə modelinə üstünlük veririk.

    Görünən odur ki, bu gün dünya ictimaiyyəti bizim sahib olduğumuz silahlara, xüsusilə də Türkiyə Müdafiə Sənayesinin məhsulu olan “Bayraktar TB2” pilotsuz döyüş təyyarələrinə çox böyük maraq duyur. Dünən Fransanın “France 24” televiziya kanalına müsahibəsi zamanı müxbirin cənab Prezidentə birbaşa bununla bağlı verdiyi sual bu marağın təzahürüdür. Əlbəttə ki, ordumuzun “Baytaktar TB2” pilotsuz döyüş təyyarələrinə sahib olması bizi çox sevindirir. Çünki bu müharibədə həmin PUA-lar sayəsində müzəffər ordumuz çox qələbələrə nail olur, eyni zamanda, itkilərimizin qarşısını alır”.

    Deputat eyni zamanda, gələcəkdə işğaldan azad olunmuş şəhərlərimizdə bir küçənin, bu təyyarənin ixtiraçısı Səlcuq Bayraktarın şərəfinə adlandırılmasını da təklif edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR