Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fonduna müraciət ünvanlayıb.
AzadMedia.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq oktyabrın 27-də günorta saatlarından başlayaraq Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv atəşə məruz qoyub. Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində 4 dinc sakin həyatını itirib, 14 nəfər yaralanıb. Qətlə yetirilənlərdən 1-i, xəsarət alanlardan 4-ü azyaşlıdır.
Sentyabrın 27-dən başlayaraq həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı törədilən müharibə cinayətləri nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin terrorçu əməllərinin növbəti təzahürüdür:
"Ermənistanın təcavüzkarlıq əməlləri bununla bitmir. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq, uşaqları hərbi əməliyyatlara cəlb edir. Bununla Ermənistan hökuməti “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Uşaq hüquqları haqqında” Konvensiyasını və Konvensiyanın Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakültətiv Protokolunu, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyanı, eləcə də “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud surətdə pozur.
Yuxarıda qeyd edilən məqamlar Ermənistanın beynəlxalq hüququn prinsiplərinə, sənədlərdən irəli gələn öhdəliklərə nə dərəcədə laqeyd və etinasız yanaşdığının göstəricisidir. Otuz ildir davam edən silahlı münaqişə şəraitində Ermənistanın dəfələrlə dinc əhalinin, xüsusən də uşaqların qəsdinə yönələn amansız cinayət əməllərinə hələ də heç bir beynəlxalq hüquqi sanksiyanın tətbiq edilməməsi onun törətdiyi cinayətlərin daha ağır hal alması ilə nəticələnir.
Bunları nəzərə alaraq, biz bütün beynəlxalq təşkilatları Ermənistan tərəfindən törədilən qanunsuz əməllərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan hərəkətlərinə lazımi hüquqi qiymət verməyə çağırırıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.