AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bəyanatın hər bir bəndi Azərbaycanın mənafelərinə tam uyğundur

  • + A
  • - A
  • 12-11-2020, 17:19

    Bəyanatın hər bir bəndi Azərbaycanın mənafelərinə tam uyğundur

    Anar MƏMMƏDOV
    Milli Məclisin deputatı


    Bu günlərdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur və fərəh hissi var.

    30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Məhz döyüş meydanındakı bu uğurlarımız noyabrın 10-da Azərbaycanın siyasi qələbəsinin təsdiqi olan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bəyanatını şərtləndirdi. Bu sənəd, Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir.
    Bu qələbə bizə asanlıqla başa gəlmədi. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara davam etdiyi dövrdə Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri də səngimədən davam etdi.

    Bütün bu cəhdlər Müzəffər Ali Baş Komandanımızın diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməsi və məntiqli, faktlara əsaslanan arqumentləri ilə iflasa uğradıldı. Cənab İlham Əliyev dünyanın ən reytinqli kütləvi informasiya vasitələrinin ekranlarından faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, burada əsrlər boyu azərbaycanlılar yaşayıb və bundan sonra da Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalacaqdır. Bununla yanaşı, dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Həmin qətnamələr birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır ki, bu da münaqişənin həllində möhkəm hüquqi baza yaradır. Diplomatiya və informasiya müstəvilərindəki qələbələr münaqişənin həllində əhəmiyyətli rol oynasa da hazırda əldə etdiyimiz siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynadı. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur, eləcə də BMT TŞ-nin 4 qətnaməsi reallaşmış olur.

    Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir. Bəyanatın imzalanması ilə münaqişənin nizamlanması hərbi fazadan siyasi müstəviyə daşındı və beləliklə də problemin həlli həlledici mərhələyə daxil oldu. Sözsüz ki, bəyanatın imzalanması ilə Azərbaycan Ermənistan üzərində tam siyasi-diplomatik və hərbi qələbəsini təmin etmiş oldu. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Bəyanatın əldə olunmasında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin səyləri yüksək qiymətləndirilməlidir. Beləliklə, növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

    İşğaldan azad olunan ərazilərdə quruculuq-abadlıq işlərindən sonra əlbəttə ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaqlar. Bu isə o deməkdir ki, Qarabağda quruculuq və məskunlaşma prosesini dünya ictimaiyyəti izləyəcək, xüsusilə də BMT kimi beynəlxalq təşkilat şahidlik edəcək. Bundan başqa hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi də həyata keçiriləcək. Bəyanatda əksini tapmış maddələrə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri də bərpa ediləcək. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bununla da 30 ildən sonra Azərbaycanın qərb rayonları ilə Naxçıvanın quru əlaqəsi təmin ediləcək, vətəndaşlarımız tarixi torpaqlarımızdan keçməklə Naxçıvana gedə biləcək. Bununla yanaşı, Naxçıvanla əlaqələr daha da genişlənəcək və bunun sosial-iqtisadi əhəmiyyəti daha yüksək olacaq. Qısacası, bəyanatın hər bir bəndi Azərbaycanın mənafelərinə tam uyğundur. Bu bəyanatla 50 milyonluq Azərbaycan xalqı tam əminliklə deyə bilər ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR