AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsgər, Vətən əmanəti, yurd əmanəti...

  • + A
  • - A
  • 13-11-2020, 10:31



    Nurəddin ƏDİLOĞLU yazır


    Şuşa uğrunda döyüşlərdə yaralanan əsgərin sağalandan sonra ən böyük arzusu İkinci Fəxri xiyabanda general –mayor Polad Həşimovun məzarını ziyarət etməkdir

    Əhəd Həmidli Tovuz hadisələrindən sonra könüllü olaraq orduya yazılmışdı. General-mayor Polad Həşimovun şəhid olması xəbərini hamı kimi, o da dərin hüznlə qarşılamışdı. Həmin gərgin günlərdə hara üz tuturdusa şəhid generalın üz-gözündən təbəssüm, xeyirxahlıq, mərdlik, cəsarət yağan şəkilləri ilə rastlaşırdı. Sanki şəhid general Əhəd yaşında olan gənclərə heç vaxt solmayan əbədi təbəssümlə düşməndən qisas almağa “hazırlaşın” deyirdi. Ekranda-efirdə hərbi marşlar, mahnılar səslənirdi:

    İntiqamı alınmasa şəhidlərin, geri dönmə!

    Son qələbə çalınmasa, silahınla sən öyünmə!

    Əsgər, Vətən əmanəti, yurd əmanəti,

    Əsgər, ocaq əmanəti, od əmanəti.

    Sentyabrın sonunda ölkədə qismən səfərbərlik elan olundu. Mobil telefonuna səfərbərlik çağırışı ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsindən ismarıc göndəriləndə Əhəd iyirmi iki yaşına qədəm qoymuşdu. Onun boya-başa çatdığı Xırmandalı kəndində adətən uzaq səfərə çıxanlar, xeyir işə hazırlaşanlar, əsgəri xidmətə çağırılanlar qəbiristanlığa gedib orada Hacı Seyid Məhəmməd ağanın məzarını ziyarət edərdilər. Anası Subiyyə xanım onu babası Kərbəlayı Aydından yadigar qalan Quranın altından keçirib, arxasınca su atandan sonra Əhəd kənd qəbiristanlığına yollandı. Seyid Məhəmməd ağanın, babaları Məşədi Ədilin, Kərbəlayı Aydının, nənələri Aminə Qəhrəman qızının, Lətifə Babayevanın məzarlarını

    ziyarət elədi. Son illər Xırmandalıda daha bir adət ənənə halını almışdı. 1992-ci ilin may ayında işğal ərəfəsində Şuşa şəhərindən çıxarılan və Birinci Qarabağ müharibəsinin şanlı yadigarı olan bayraq kəndin muzeyində ən dəyərli eksponat kimi qorunurdu. O vaxtdan həmin bayraq çağırışçıların və könüllü olaraq cəbhəyə yollanan gənclərin ziyarət etdikləri ən müqəddəs məkana çevrilmişdi. Muzeydə Birinci Qarabağ müharibəsi zamanı şəhid olan kənd sakinlərinin şəkilləri, onların təltif olunduqları medallar da qorunurdu. Kəndin məktəbi şəhid Xıdır Məmmədovun adını daşıyırdı. Əhədin babası Aydın müəllim uzun müddət bu məktəbdə çalışmışdı. Nəvələrinə deyirdi ki, Qarabağ uğrunda şəhid olan Xıdır Məmmədov, Abəsəli Səfərov bizim nəsilə yaxın, Fədail Abbasov, Rüstəm Qasımov, Sayıq Qəmbərov , Zaur Ələsgərov uzaq qohum sayılsalar da, hamısı doğmalarımızdır. Babası təqaüdə çıxandan sonra adəti üzrə həmişə məktəbə baş çəkərdi, yuxarı sinif şagirdlərinə və məktəbin gənc müəllimlərinə vətənpərvərlik hissləri aşılayardı. İndi sağ olsaydı yəqin nəvəsi Əhədlə qürur duyardı və kənddən cəbhəyə yollanan bütün könüllülərə uğur diləyərdi...

    Bəli, ata-babalarımızdan bizə əmanət qalan yurdumuzun, yer üzünün cənnəti olan Qarabağımızın uğrunda savaşmaq növbəsi indi Əhəd Həmidli kimi oğullara çatmışdı. Düşmənin növbəti təcavüzü və ölkəmizin dinc əhalisinə qarşı ardı-arası kəsilməyən təxribatları Qarabağ savaşının yeni, həm də həlledici mərhələsinin başlanmasına təkan vermişdi. Ordumuzun cəbhəboyu erməni faşistlərinə sarsıdıcı zərbələr endirməsi və ilk uğurları əsgər və zabitlərimizin qələbə əzmini artırmışdı. 3 il əvvəl Tərtərin Qaziyan kəndində ön cəbhədə hərbi xidmət zamanı qazandığı təcrübə Vətən müharibəsində Əhədin çox karına gəldi. Qatıldığı hərbi birləşmə Füzuli şəhərinin azad olunması uğrunda döyüşlərdə möhtəşəm qələbə qazandı, sonra Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını işğalçılardan təmizlədi. Azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız irəlidə qazanılacaq böyük qələbədən soraq verirdi. Ali Baş Komandanın qətiyyətli çıxışları hər gün, hər an əsgərlərdə qələbəyə inam, ümid yaradırdı.

    Əhəd öz aləmində əhd eləmişdi ki, general – mayor Polad Həşimovun ruhunu şad etmək üçün Qarabağın qeyrət rəmzi olan Şuşaya üçrəngli

    bayrağı özü sancacaq. Bu payız Tanrı təbiətin bütün gözəlliklərini doğma Şuşadan əsirgəməmişdi. Xilaskar ordumuz payızı qızılı don kimi əyninə geyib yüksəklikdə məğrurcasına dayanan şəhərə can atırdılar. Qarşıda Çin səddi qədər qüdrətli, əzəmətli abidə kimi görünən Şuşa və onu 28 ildən çox yırtıcı, murdar caynağında saxlayan qaniçən erməni əsgərləri vardı. Qanlı – qadalı müharibə qara əjdaha kimi əsgərləri bir-bir udurdu. Ən çox itki verən də erməni-daşnak faşistləri idi. Şuşa uğrunda qızğın döyüşlərdə Əhəd əvvəl ayağından, sonra qolundan yaralandı. Bayraq sancmaq üçün çıxmaq istədiyi yüksəklikdən üzüaşağı yuvarlandı. Bir müddət nəhəng sal qayanın yaxınlığında husuz qaldı. Sözlərini əzbər bildiyi mahnı elə bil dağda-daşda əks - səda verib ətrafa yayıldı:

    Atılanda düşmən üstə qollarına təpər olsun.

    Göz yoldadır, qulaq səsdə, savaşımız zəfər olsun.

    Əsgər, Vətən əmanəti, yurd əmanəti,

    Əsgər, ocaq əmanəti, od əmanəti.

    Əhədin qolunda güc, ayağında hey qalmamışdı. Birdən amiranə səs eşitdi: “Qalx ayağa əsgər, ardımca gəl!” Gözlərinə inana bilmirdi. Başının üstündə general Polad Həşimova oxşar general dayanmışdı. Əhəd qoynunda səliqə ilə saxladığı bayrağı çıxarıb öpdü və ona uzatdı. Nə deyəcəyini bilmədi. Ağır-ağır ayağa qalxıb generalın arxasınca yürümək istədi. General bir göz qırpımında irəli şığıyıb qatı duman içində görünməz oldu...

    ...Ertəsi gün hərbi xəstəxanada özünə gələndə qolunu, ayağını sarıqlı gördü. Dünənki savaşda nə baş verdiyini xatırlamağa çalışdı. Bir il əvvəl hərbi xidmətə çağırılan qardaşı Faiq Ağdərə istiqamətində döyüşlərdə iştirak edirdi. Eşitmişdi ki, əmisi oğlu, leytenant Səməd Həmidli Suqovuşan və Qubadlının işğaldan azad olunmasında fərqlənib. Babasının qardaşı Niftalı əminin nəvələri Elmar, Elcan, Elmin, Qaraş əminin nəvəsi baş leytenant Ülvi Kərimov də Vətən müharibəsinə qatılmışdılar. Bir dədə-baba ocağından yeddi nəfər... “Yeddi müqəddəs rəqəmdir, inşallah onlar da salamat olar!” Bütün tibb heyəti şad –

    xürrəm görünürdü, ona gözaydınlığı verirdilər. Dəhlizdəki böyük monitordan Ali Baş Komandanın əzəmətli səsi ucalırdı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

    Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

    Əhəd qəlbində “Şuşaya qələbə bayrağı sancan Azərbaycan əsgəri sən xoşbəxtlərin ən xoşbəxtisən,”- deyə pıçıldadı.

    Bu günlərdə yaralı əsgərimiz Əhəd Həmidlinin anası Sübiyyə xanımla telefonla əlaqə saxladıq, 9 noyabr - Dövlət Bayrağı Günü münasibətiliə təbrik edib Əhədin vəziyyəti ilə maraqlandıq. “Şükür Allahın kərəminə Əhəd yaxşılaşır, amma karantin rejimi ilə əlaqədar hələlik yaralı əsgərlərin müalicə olunduğu xəstəxanaya valideynləri buraxmırlar...”

    Biz də öz növbəmizdə “İki sahil” qəzeti redaksiyası adından yaralı əsgərin anasına təsəlli verdik: “İnşallah sağalar, Əhəd hospitaldan çıxana kimi müharibə də qurtarar!” dedik. Doğru söz dəmiri dələr deyiblər. Nəhayət, noyabrın 10-da düşmən təslimçilik aktını imzaladı. İndi Əhəd Həmidlinin bir arzusu var: Sağalandan sonra Qarabağ savaşının qəhrəmanlarının, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərimizin məzarını ziyarət etmək...

    İlk ziyarət edəcəyi məzarlar da Tovuz istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olmuş general - mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, qalibiyyətlə başa çatan Vətən müharibəsində onların qisasını alan on doqquz yaşlı Cəbrayıl Dövlətzadənin və Milli Qəhrəman, polkovnik Şükür Həmidovun İkinci Fəxri xiyabanda əbədi uyuduqları məzarlar olacaq...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR