Anar MƏMMƏDOV
Milli Məclisin deputatı Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan həm döyüş meydanının, həm də diplomatik -müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir. Bu uğurlara geniş imkanlar açan -ölkəmizin müstəqil siyasəti, hər addımda dövlətin, xalqın maraqlarının öndə saxlanılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyin ən yüksək tribunalardan bəyan edilməsi, heç kimin bizimlə diktə dili ilə danışmağa haqqı olmadığını bəyan edərək dünyanın ikili standartlarının beynəlxalq münasibətlərdə hüquq probleminin yaşanmasına yol açdığının əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, ən əsası, işğalçı Ermənistana sərsəm bəyanatlarına, təxribatlarına son qoymaq çağırışlarının sonda bu qələbə ilə nəticələnəcəyinə heç kimdə şübhə yox idi.
Ötən həftə MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında möhtərəm Prezidentimiz İlham Əliyev 44 gün davam edən müharibədə Silahlı Qüvvələrimizin qazandığı uğurlardan bəhs edərək, ordumuzun göstərdiyi rəşadəti, tarixdə az-az təsadüf olunan hərbi bacarığını, təcrübəsini diqqətə çatdırdı. Ali Baş Komandan bildirdi ki, uzun illər ərzində ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan təcavüzkar dövlət üzərində qazanılan Qələbə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib.
«Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi» söyləyən Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərindən indiyədək Dağlıq Qarabağı və Azərbaycanın yeddi rayonunu işğal altında saxlayan Ermənistanın vəhşiliklərindən söz açaraq, 1 milyondan artıq qaçqını olan ölkəmizə qarşı etnik təmizləmə siyasəti yeridən terrorçu ölkənin yüzlərlə azərbaycanlını qətlə yetirdiyini, şəhər və kəndlərimizin tamamilə dağıdıldığını diqqətə çatdırdı.
Müharibə dövründə bəzi MDB ölkələrinin kütləvi informasiya vasitələri Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün başladılan sülhə, məcburetmə əməliyyatlarına birtərəfli qaydada yanaşır, işğalçı mövqelərini müdafiə etməyə, münaqişə haqqında təhrif edilmiş məlumatlar yaymaqla təxribat törətməyə çalışırdılar. Bu isə nə MDB daxilində elan olunan əməkdaşlıq prinsiplərinə, nə də Azərbaycanla digər MDB ölkələri ilə olan münasibətlərin səviyyəsinə qətiyyən uyğun gəlmir, bəzən isə Azərbaycan xalqında ikrah hissi doğrurdu. Lakin cənab Prezidentin də qeyd etdiyi kimi Vətən müharibəsi dövründə münaqişənin mahiyyətinin bəzi xarici media orqanları tərəfindən qeyri-obyektiv, qərəzli şəkildə təhlilinə baxmayaraq Azərbaycanın tarixə, beynəlxalq hüquqa əsaslanan təbliğatı nəticəsində həmin mənzərə tamamilə dəyişdi. Dünya birliyi nəhayət Qarabağı Azərbaycanın ayrılmaz tarixi ərazisi kimi qəul etdi və belə olduğu təqdirdə regionda status-kvo heç bir halda sonsuza qədər davam edə bilməzdi.
MDB Dövlət başçıları Şurasının onlayn formatda keçirilən iclasında səsləndirilən fikirlərdən bir daha bəlli oldu ki, işğalçı Ermənistan tərəfindən 30 ilə yaxın bir dövrdə davam edən işğal siyasəti MDB məkanında siyasi əməkdaşlıq mühitinə mənfi təsir edib. Bu əsasda Azərbaycanın tarixi ədaləti bərpa edərək, tarixi torpaqlarını azad etməsi və işğala son qoyması MDB dövlətləri tərəfindən də müsbət qarşılanır. Prezident İlham Əliyevin faktlara söykənən, ardıcıl və tutarlı arqumentlərlə zəngin nitqi sonda iclasa sədrlik edən Özbəkistan prezidentinin Azərbaycan dövlətinin başçısına bununla bağlı təşəkkür etməsi ilə nəticələndi. Ölkə başçısı Ermənistanın təhrikçi hərəkətlərini ardıcıl şəkildə sadalamaqla, həm də bu illər ərzində göz önündə olan həqiqətlər görmək istəməyən, Azərbaycanın ərazi bütövlüyünə, Ermənistanın işğalçılıq siyasətinə münasibətdə prinsipial mövqeyi olmayan ölkələrə də öz açıq mesajlarını çatdırdı.
Videokonfransda bir daha aydın oldu ki, üzv dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. İndi Azərbaycanın müasir tarixində yeni mərhələ başlayır. Bu mərhələdə işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçiriləcək. Ən əsası isə budur ki, biz yeni mərhələyə daha güclü və qüdrətli Azərbaycanla qədəm qoyuruq.