Prezident İlham Əliyev növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə edib, əzm və iradə göstərdi
Azərbaycanın istər ikili, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin qurulmasında və müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsində söykəndiyi prinsiplər dəyişməzdir. Milli maraqları atdığı hər addımında öndə saxlayan dövlətimiz beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək heç bir dövlətin daxili işinə qarışmır, eyni zamanda, ölkəmizin daxili işinə müdaxiləni yolverilməz hesab edir. Bu günlərdə Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən iki bir sıra məqamları önə çəkərək ölkəmizin milli maraqlarını qətiyyətlə ifadə etmiş, rəsmi Afinadan gözləntiləri diqqətə çatdırmışdır: «Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik”.
Bunu Milli Məclisin deputatı Əliabbas Salahzadə Azadmedia.az-a bildirərək qeyd edib ki, ixtisasca diplomat olan, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən möhtərəm Prezidentimiz İlham Əliyev Yunanıstanın səfiri ilə açıq, qətiyyətli danışaraq bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən öndə olan məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz.
Prezident İlham Əliyev növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etmiş, əzm və iradə göstərmişdir, - söyləyən deputat, vurğulayıb ki, möhtərəm Prezidentimiz əməkdaşlıqda narazılıq yaradan digər məsələdən – Şərqi Aralıq dənizi regionunda Yunanıstan və Türkiyə arasında hazırda davam edən gərginlikdən bəhs edərək açıq mövqeyini nümayiş etdirdi: "Türkiyə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da qətiyyətlə Türkiyənin yanında olduğunu bildirir və qardaş ölkənin mövqeyinə növbəti dəfə dəstəyini nümayiş etdirdi. Dövlətimizin başçısı bir daha bildirdi ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik. Bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir".
Ə.Salahzadə sonda qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir.
Əliabbas Salahzadə,
Milli Məclisin deputatı