ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən azərbaycanlı icmasının bir qrup üzvünün Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgürlə görüşü keçirilib.
Görüş zamanı icma üzvləri Mehriban Nəsib, Esmira Əsgərova və Elnur Səfərov baş konsula soydaşlarımızın fəaliyyəti haqqında ətraflı məlümat veriblər. Onlar bildiriblər ki, Azərbaycan həqiqətləri ilə bağlı keçirilən müxtəlif tədbirlərdə və aksiyalarda hər zaman Türkiyə diasporunun dəstəyini hiss ediblər. Ermənistanın 12 iyul tarixli Tovuz təxribatları və 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsində "Bir millət, iki dövlət"in diaspor təşkilatları bir araya gələrək Azərbaycan dövlətinə dəstək aksiyaları keçiriblər. Soydaşlarımız göstərdiyi fədakarlığa görə Türkiyə diasporuna təşəkkür ediblər.
Baş konsul Reyhan Özgür qazandığı parlaq Zəfərə görə qardaş Azərbaycanı təbrik etdiyini bildirib. Qeyd edib ki, Qarabağın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xəbəri bütün Türkiyədə sevinclə qarşılanıb. Azərbaycan və Türkiyə həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırmaq üçün diaspor təşkilatlarımızın birgə fəaliyyətindən məmnunluq ifadə edilib.
Görüş zamanı 2021-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr və Türkiyə diasporu ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.