44 günlük Vətən müharibəsində minlərlə igid iştirak edib, şəhid, qazi olublar. Müharibənin başladığı ilk gündən könüllü olaraq döyüşlərə qatılanlardan biri də Pərvin Əsədovdur. Pərvin Fövqaladə Hallar Nazirliyinin əməkdaşıdır. “Müharibə və şəhid xəbərləri gəlirdi. Artıq 2 gün idi ki, döyüşlər başlamışdı. Dözə bilmədim. İşdən çıxıb kommissarlığa yollandım. Dedilər ki, saat 1-də avtobus çıxır. Tez evə qayıdıb paltarımı dəyişdim. Valideyinlərimə də xəbər etmədim. Atam dostlarım vasitəsilə xəbər tutub məni yola salmağa gəldi. Bircə onu dedi ki, get və həmişəki kimi başımızı uca elə. Ya şəhid olacaqsan, ya da torpaqlarımıza bayraq sancacaqsan. Qeyd edim ki, mən əsgəri xidmətimi Ağdam bölgəsində artilleriya və ön cəbhədə səngərdə keçmişəm.”
Pərvin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun oğludur. “Demək olar ki, çox az adam bunu bilirdi. Amma eşidəndə ki, mən Vaqif Əsədovun oğluyam sanki hər kəsdə bir stimul yaranırdı. Amma tanınmış birinin oğlu olmaq heç nəyi dəyişmir. Həm də mən fərqlənmək, seçilmək istəmirdim. Vətən hamımızındır. O özü də dövlətə və dövlətçiliyə xidmət edən bir polis polkovnikidir. Mən də onunla fəxr edirəm. Onun yolu ilə addımlamağa çalışıram".
Pərvin deyir ki, dəfələrlə çətin situasiyalarla üzləşib. “Kəşfiyyat bölüyü olduğumuz üçün hər an ölümlə üz-üzə idik. Bizim qrupdan Yevlaxlı Yıldırım Ağayev Şuşa döyüşlərində şəhid oldu. Ona görə də üzərimdə Azərbaycan bayrağı və qumbara gəzdirirdim. Fikirləşirdim ki, əsir düşmə ehtimalım olsa özümü və düşməni qumbara ilə partladıb şəhid olacağam. Bayrağı da ona görə saxlayırdım ki, məni tanıya bilsinlər.”
Pərvin Əsədov hər zaman Vətənin xidmətində olduğundan fəxr etdiyini deyir. “Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Bizə şəhidlik qismət olmadı, amma yenidən Ali Baş Komandanın bir əmri ilə döyüşlərə qayıtmağa hazıram. Xidmət etdiyim hərbi hissələrin komandanlığına və Fövqaladə Hallar Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm Vətən müharibəsində iştirak etməyimə şərait yaratdılar.
Şəhidlərimiz qürur mənbəyimizdir. Hazırda xidmətdə olan əsgər yoldaşlarımı salamlayır, onlara döyüş tapşırıqlarını yerinə yetirməkdə uğurlar diləyirəm. Vətən sağ olsun!”