AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni ilə yeni arzularla

  • + A
  • - A
  • 30-12-2020, 12:39




    Başa vuracağımız il xalqımız üçün düşərli oldu

    Dekabrın 10-da keçirilən Zəfər paradında bütün Azərbaycan ayağa durdu, hamı bir ağızdan “Eşq olsun ordumuzun nər oğullarına!”, “Yaşasın xalqımız, yaşasın Ali Baş Komandanımız!” dedi.


    Yeni Zəfəriniz mübarək, əziz və hörmətli sərkərdəmiz! Məhz Sizin rəhbərliyinizlə, məhz Sizin ağıllı və müdrik siyasətinizlə, məhz Sizin uzaqgörən, çevik diplomatik manevrlərinizlə biz Qələbə əldə etdik. O Qələbəni ki, illər boyu həsrətindəydik, hər birimizin sinəsindən sanki ağır bir daş sallanırdı. Torpaqlarımızın uzun illər işğal altında qalmasına baxmayaraq Azərbaycan digər sahələrdə böyük qələbələrə imza atırdı. Bircə məsələ qalırdı: nankor və faşist erməniləri torpaqlarımızdan çıxarmaq.

    Şükürlər olsun, 2020-ci ildə bunu da bacardıq. XXI əsr hərb tarixinə öz zəfərimizlə imza atdıq. Dünya bir daha Azərbaycanın hansı potensiallara, hansı gücə, hansı qeyrətə sahib olduğunu gördü.
    İndi ilin son günlərini yaşayırıq. Bəlkə də 2020-ci il dünyada məhz azərbaycanlılar üçün ən düşərli il oldu. Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü yəqin ki, soydaşlarımız üçün bu dəfə əsl bayram olacaq. Bu Qələbə gerçəkdən uzaqda-yaxında olan azərbaycanlıları daha sıx tellərlə bir-birinə bağladı, xalqın özünə güvəni artdı. Eşq olsun igid oğullarımıza, Vətən müharibəsində misilsiz rəşadət göstərdilər, canlarından belə keçdilər. Allah şəhidlərimizə rəhmət eləsin, nur içində uyusunlar! Qazilərimiz də böyük fədakarlıq göstərdilər, nə qədər yaralananlarımız var. İnşallah onlar da tezliklə şəfa taparlar.

    Azərbaycan tarix yazdı bu qələbəylə. Qarşıdan yeni il gəlir. O Yeni İl özü ilə bərabər bizə yeni reallıqlar gətirəcək. Ölkəmiz iqtisadi və hərbi gücünü daha da artıracaq, vətəndaşlarımızın yaşam tərzi xeyli yüksələcək. Sözsüz ki, 2021-ci il əsasən işğaldan azad olunan torpaqlarımızda qurub-yaratmağa həsr olunacaq. Heç şübhə yoxdur ki, o şəhərlər, o kəndlər əvvəlkindən də gözəl olacaq, məcburi köçkünlərimiz böyük coşqu ilə dədə-baba torpaqlarına qayıdacaqlar.

    Bu, belə də olmalı idi. Çünki ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında, hətta mötəbər beynəlxalq kürsülərdən də bəyan edirdi ki, biz torpaqlarımızı işğaldan sülh yolu ilə azad edəcəyik, əks halda alternativ yol seçmək məcburiyyətində qalacağıq. Özü də dövlət başçımız hər dəfə bunu inamla dilə gətirirdi. Təbii ki, xalq da öz rəhbərinə inanırdı. Yeri gəlmişkən, iqtidar-xalq birliyi də Qələbənin qazanılmasında öz rolunu oynadı.
    İftixar hissi ilə demək istəyirəm ki, Vətən uğrunda canlarından keçən şəhidlərimiz, həmçinin qazilərimiz heç zaman unudulmayacaq, onların ailələri hər cür dövlət qayğısı ilə əhatə olunacaqlar. Bundan əlavə, “Yaşat!” Fondunun xətti ilə də fədailərimizə diqqət göstəriləcək.
    Artıq gələn ilin dövlət büdcəsi qəbul olundu. Büdcəyə diqqət yetirsəniz, bütün sahələrin maksimum nəzərə alındığını aydın görəcəksiniz. Ona görə də optimist olmağa dəyər.

    Heç şübhəsiz ki, yola saldığımız il bütün dünya üçün, eləcə ölkəmiz üçün də koronavirusla mübarizə ili kimi də yadımızda qalacaq. Belə ümidlər var ki, gələn ilin əvvəllərində Azərbaycanda da peyvəndləmə işlərinə başlanacaq və bu, yəqin ki, xeyli dərəcədə vəziyyətin stabilləşməsinə şərait yaradacaq.
    Arzu edirəm, hər gələn yeni il insanlara xoşbəxtlik və firavanlıq gətirsin, 2021-ci il sülh ili, əmin-amanlıq ili, bolluq ili olsun!
    Hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm.

    Əliabbas Salahzadə,
    Millət Vəkili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR