Həmrəylik Ulu Öndərin xalqına qoyub getdiyi ən qiymətli dəyərdir
İbrahim Cəfərov,
ADAU-nun rektoruBu gün - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Statistikaya görə bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. 50 milyon azərbaycanlı həmrəy olarsa, yaşadıqları yerlərdə ölkəmizlə bağlı həqiqətləri ətrafına çatdırarsa, dünyanın hər yerində ölkəmiz daha yaxından tanınar, informasiya müharibəsində daha çox zəfərlər qazanarıq.
Tarixə nəzər saldıqda uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
31 dekabr həm də Yeni İl gecəsidir. Bu il bizə Zəfər Qələbəsi bəxş edib tariximizə qızıl hərflərlə yazılsa da, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna ehtiram olaraq Yeni İl şənlikləri keçirilməyəcək. 2020-ci il Azərbaycan üçün sınaq ili oldu, bütün dünya Dövlət-Ordu-Xalq birliyinin, həmrəyliyinin şahidi oldu. Rəhbərlik etdiyim ADAU da bi il çox sınaqlardan keçdi. Həm kollektiv üzvlərimiz, həm məzun və tələbələrimiz Vətən müharibəsinə yollandı. Təəssüf ki, qazilərlə yanaşı Universitetimiz öz məzun və tələbələrinin bir qismini müqəddəs şəhidlik zirvəsinə yola saldı. Bu il həmişə auditoriyaları, tələbə yataqxanaları qayğısız tələbələrlə dolu olan təhsil ocağımız pandemiya səbəbilə tələbələrindən ayrı düşdü. Hazırda yataqxanalarımız öz qucağını Gəncəyə mənfur düşmənin atdığı raket nəticəsində evləri dağılmış vətəndaşlarımıza açıb. Bu özü, həmrəyliyin ən bariz nümunəsidir. Şükürlər olsun ki, həm pandemiya, həm də müharibənin ölkəmizə yaşatdığı sınaqlardan həmrəy olaraq qalib çıxdıq.
Gələn il xalqımıza xoş günlər arzulayıram. İnanıram ki, dövlətin və səhiyyənin düzgün strategiyası nəticəsində dünyanı bürüyən COVİD-19 virusundan xilas olub, qalib ölkənin qürurlu vətəndaşları kimi hər bir sahədə yalnız xoş soraqlar, xoş xəbərlərlə gələn ili başa vuracağıq.
Həmrəylik Gününüz mübarək!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR