Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı, kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
DİN-dən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə vətəndaş Etibar Yusifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 47 qram heroin və narkotik vasitələrin onlayn satışı nəticəsində əldə etdiyi maddi vəsaitlərin toplandığı plastik kartlar aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Etibar Yusifovun Abşeron rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 7 kiloqram 310 qram heroin, 2 kiloqram 440 qram qurudulmuş marixuana, 843 qram tiryək, 3 kiloqram 480 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində də əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Abşeron rayonu Saray qəsəbəsində yaşayan Habil Qarayevin evinin zirzəmisində narkotik tərkibli bitkiləri əkib-becərdiyi barədə idarəyə əməliyyat məlumatı daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və evin zirzəmisinə baxış zamanı orada yaratdığı istixanadan xüsusi qulluq edilərək yetişdirdiyi ümumilikdə 60 ədəd çətənə bitkisinin kolları və şitilləri, eləcə də 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Habil Qarayev ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mart ayında əkdiyini və onların yetişməsi üçün zirzəmiyə xüsusi olaraq su, istilik və havalandırma sistemi çəkdiyini bildirib.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 14 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar, araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.