AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Dostluq" yatağı xalqların rifahının daha da yaxşılaşmasına xidmət edəcək

  • + A
  • - A
  • 22-01-2021, 12:27



    Anar MƏMMƏDOV
    Milli Məclisin deputatı


    Azərbaycan və Türkmənistan arasında 21 yanvar 2021-ci il tarixində Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir və iki ölkə arasında münasibətlərin yeni mərhələsinin əsasını qoyacaq.

    Bu hadisə Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addım olmaqla yanaşı bütövlükdə Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

    Məlum olduğu kimi, Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib. Dövlət müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələr imzalanmış, eyni zamanda Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilmişdir. Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanması mühüm tarixi sənədlərdir.

    Həmçinin Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanmışdır. Bu Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, Xəzəryanı ölkələrin xalqlarının rifahının daha da yaxşılaşmasına töhfə verdi. Konvensiyanın imzalanması bir daha sübut etdi ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı . fəaliyyət mövcuddur. Şübhə yox idi ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi təhlükəsizliyin və sabitliyin başlıca qarantı qismində çıxış edəcək. Bu gün artıq imzalanmış Memorandum Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevirilməsində mühüm enerji strategiyasını müəyyənləşdirmiş oldu, həmçinin enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradılmasında mühüm əhəmiyyət kəsb edəcək. Sənəd həm də Xəzər dənizi tarixində ilk dəfə olaraq iki ölkənin yatağı birgə istismar etməsi və xarici bazarlara nəql etməsi ilə yadda qalacaq. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bununla Azərbaycan geoiqtisadi mövqeyini möhkəmləndirməklə yanaşı, tranzit və nəqliyyat əhəmiyyətini də xeyli dərəcədə gücləndirəcək. Beləliklə, Azərbaycan və Türkmənistan arasında imzalanmış Memorandum iki dövlət arasında olan dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Sənədin imzalanması iki dövlətin iqtisadi potensiallarını artırmaqla yanaşı, 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə Toplantısı ərəfəsində əməkdaşlığın daha da genişləndirilməsinin təsdiqi kimi səciyyələndirilir.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR