Ölkəmizdəki azad və rəqabətli biznes mühitindən sui-istifadə edən kölgə iqtisadiyyatı subyektləri və valyuta möhtəkirlərinin qanunsuz əməllərinə qarşı mübarizə istiqamətində prokurorluq orqanlarının ardıcıl tədbirləri davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, belə tədbirlərdən biri kimi, Hüseynov Şahüseyn Qurban oğlunun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan, beynəlxalq pul köçürmələri və sair qanunsuz maliyyə əməliyyatları ilə məşğul olmasına dair daxil olan məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şahüseyn Hüseynovun 2017-ci ildən etibarən Bakı şəhəri ərazisində icarəyə götürdüyü ofisdə faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq pul vəsaitlərinin müəyyən faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə verilməsi üzrə xidmət göstərilməsindən ibarət sahibkarlıq fəaliyyəti göstərməsinə, xarici dövlətlərdə yaşayan şəxslərlə qabaqcadan əlbir olaraq, ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini xarici dövlətlərə və əksinə istiqamətdə göndərməsinə və bu yolla ümumilikdə xüsusilə külli miqdarda pul vəsaitini gəlir qismində əldə etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Şahüseyn Hüseynovun icarəyə götürdüyü ofisdə, o cümlədən yaşayış və digər aidiyyəti ünvanlarda aparılan axtarışlar zamanı 248 min ABŞ dolları və 1.450 manat məbləğində pul əskinasları, pul vəsaitlərinin köçürülməsinə dair qara mühasibatlıq sənədləri və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülüb.
Toplanan ilkin sübutlarla Şahüseyn Hüseynov Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi (xüsusilə külli miqdarda gəlir əldə etməklə törədilən qanunsuz sahibkarlıq) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Hazırda Şahüseyn Hüseynovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, valyuta mübadiləsi ilə bağlı maxinasiyalarda iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və vurulan ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir", - Mətbuat xidmətindən bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.