Müqəddəs Qurani-Kərim buyurur: “Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq edirsiniz, əgər pislik etsəniz, özünüzə pislik edirsiniz.” İnsanın yaxşı və pis əməllərinin özünə qayıtması barədə xalqımızın atalar sözləri və zərb məsəlləri də çoxdur. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin vəzifə səlahiyyətlərindən “özünəxidmət” vasitəsi kimi istifadə etmək “bacarığının” bumeranq effekti verməsi əslində elə "Nə tökərsən aşına, o da çıxar qaşığına", "Hər nə əkərsən, onu da biçərsən” kimi müdrik kəlamların fəlsəfi və məntiqi məna kəsb etməsinin əyani təsdiqidir.
...Adətən, dövlət başçısının etimadını doğrultmayan məmurların cinayət əməllərindən KİV-lər güya “gec” xəbər tutur. Ona görə bəzən deyirlər ki, filankəs vəzifədə olanda niyə onun nöqsanlarından yazmırdın? Və ya sadəcə, irad tuturlar: “Yıxılana balta çalmazlar.” Əslində Azərbaycan cəmiyyətində bu cür təsəvvürlər vəzifə meyarları ilə ölçülməməlidir. Vəzifəli-vəzifəsiz yıxılan adam ilk növbədə öz NƏFSİNİN “zirvəsi”ndən gurumgumbaz aşağı diyirlənir. İti tamahının quluna çevrilən, ixtisasca riyaziyyatçı və rabitəçi olan “əməkdar mədəniyyət işçisi” V.Səfərlinin rəhbərlik etdiyi KİVDF-nin biabırçı müsabiqələri, onun vəzifə səlahiyyətlərindən sui-istifadə faktları barədə KİV-də ilk tənqidi yazılar hələ 2011-ci ildə yazılmışdı. O zaman karyerası boyu bircə dəfə də olsun jurnalistika sahəsində çalışmayan V. Səfərli KİVDF-nin “ekoloji” müsabiqəsində öz oğlunu qalib elan etmişdi.
Bizə jurnalist sənətini sevdirənlər və...
...Sovet dövründə mətbuatda çalışanlar çox yaxşı bilirlər ki, hər hansı məsul şəxs qəzetdə tənqid olunanda məqalədə göstərilən faktlarla dərhal hüquq mühafizə orqanları maraqlanardı. Müasir dövrdə həbs olunmamış və ya vəzifəsindən uzaqlaşdırılmamış hər hansı məmur barəsində tənqid yazmaq elə də asan məsələ deyil. Ötən əsrin 70-80-ci illərində jurnalistika fakültəsində təhsil alan tələbələr yəqin ki, rəhmətlik Nəsir İmanquliyevin bu sözlərini yaxşı xatırlayırlar: "Kapitalizmdə jurnalistlər kapitalistlərin pul kisəsindən asılıdırlar."
...Bəli, o vaxtlar Şirməmməd Hüseynov, Qulu Xəlilov, Nurəddin Babayev, Famil Mehdi, Seyfulla Əliyev, Ceyran Əbdürrəhimova, Əliş Nəbili, Tofiq Rüstəmov, Mahmud Mahmudov, Cahangir Məmmədli, Akif Rüstəmov, Nəsir Əhmədli və başqa müəllimlər bizə ƏLAHƏZRƏT faktı təqdim edərkən obyektiv olmağı, jurnalistin davranış kodeksinə və peşə etikasına vicdanla əməl etməyi öyrətdilər. İndi həmin tələbələrin 60-dan, 70-dən çox yaşı var, amma kapital münasibətlərinin, bazar iqtisadiyyatının yetişdirdiyi “yeni dövrün” jurnalistləri ilə “ayaqlaşa” bilmirlər. Onların ömrüboyu sahib olmadıqlarına Nəsir İmanquliyevin dediyi kimi, kapitalistin PUL KİSƏSİNDƏN asılı olan jurnalistlər iki-üç ildə “nail” oldular. Ev, maşın, bağ və başqa yüksək imtiyazlar. Müstəqillik dövrü AZAD düşüncənin qurbanı olan rəhmətlik Rafiq Tağı deyirdi ki, bizim Azərbaycan insanı öz talantı və nəcibliyi ilə ciddidir. “Axtarsan, korrupsionerimiz də ciddidir, canimiz də: milli dəyər daşıyıcılarıdır...” Mən bu fikri KİV-in taleyinin etibar olunduğu, fəqət ona KİV kimi yox, KEF mənbəyi kimi baxan Vüqar Səfərliyə şamil edərdim.
Ciddi məmurun ağ yalanı
Vəzifə saxtakarlığı törətməklə dövlətin milyonlarla manat vəsaitini mənimsədiyi üçün həbs olunan V.Səfərli ilə ilk tanışlığım "Azərmətbuatyayımı" İstehsalat Birliyinin sədri və “Mövqe” qəzetinə başçılıq etdiyi vaxtlara təsadüf edir. 2008-ci ildə Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan əsgərlərinə ithaf etdiyim “Qara sarmaşıq” adlı kitabım müqavilə yolu ilə "Azərmətbuatyayımı"n köşklərində satılmışdı. Satışdan əldə olunan vəsaiti almaq üçün Vüqar Səfərliylə görüşməli oldum. Dedi ki, sənə bir manat da verə bilmərəm, get VÖEN açdır, dövlətə vergi ödə... Dedim müqavilə bağlayarkən işçiləriniz bunu mənə deməmişdilər, alacağım pul cəmi 180-190 manatdır. Gərəkirsə, vergini artıqlaması ilə ödərəm, amma ağır xəstəm var, dərman almaq üçün mənə bu pul təcili lazımdır. V. Səfərli çox CİDDİ görkəm alıb dedi ki, lap qardaşım ola bu pulu VÖEN-siz verə bilmərəm, bu, əməlli-başlı saxtakarlıq olar! İncimədim, düşündüm ki, ölkəmizdə nə yaxşı ki, belə məmurlar var, dövlətin bir manatının da qədrini bilirlər. Bir aya yaxın əlləşdim,VÖEN açdırmaq üçün Vergilər Nazirliyinin Lənkəran şəhərində yerləşən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə gedib -gəldim, Beynəlxalq Bankın Xətai filialında hesab açdırmağa və başqa xərclərə alacağım pulun əlli faizi sərf olundu. Yaponlarda belə məsəl var: Yalan - oğurluğa atılan ilk addımdır.
KİVDF - ədalət duyğusunu itirmiş yeganə qurum idimi?
2012 –ci ildə V.Səfərlinin növbəti ədalətsizliyi ilə üzləşdim. KİVDF -nin keçirdiyi müsabiqəyə “Novruz milli birlik bayramıdır” (“İki sahil” qəzeti, 2 mart 2012-ci il, səh. 17) yazımı təqdim etdim. Novruz bayramı ərəfəsi idi. Bir qrup qələm adamıyla Təzəpir məscidində AYB-nin sədr köməkçisi R. Aslanovun anasının yas mərasimində iştirak edirdik. “525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid məndən soyadımı soruşdu. Sənəddə soyadımın Muğanlı olduğunu eşidən kimi, bildirdi ki, sən bu gün müsabiqənin qalibi oldun. Bir neçə nominasiya üzrə keçirilən müsabiqənin qaliblərinə1000 AZN məbləğində pul veriləcəyini bildiyimə görə çox sevindim. Amma sevincim çox uzun sürmədi. Rəşad Məcid yaradıcı fəhmi ilə hiss etdi ki, mən hansı hisslər keçirirəm. Dedi ki, sənin qəlbini yerindən oynatdım, indi zəng edib bir də dəqiqləşdirərəm. O, məclisdən çıxdı və geri dönmədi. Mənim o pula ehtiyacım var idi, yoldaşım xəstəxanada müalicə olunurdu. Amma görünür, Vüqar Səfərli o pulu məndən də çox “ehtiyacı” olan hansısa “qələm adamına” verməyi özünə “mənəvi borc” bilmişdi. 2013-cü ilin may ayında həyat yoldaşım uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. O gün ürəyimdə ilk dəfə V.Səfərlinin ünvanına lənətlər yağdırdım, onu çiynində Səddam Hüseynin başını gəzdirən despota bənzətdim. Çünki mən özünü CİDDİ aparan, əslində ədalət duyğusu olmayan yalançı, pula düşkün Vüqar Səfərli kimi bir MƏMURUN mənəvi terrorunun qurbanı olan yeganə qələm sahibi deyildim. Vəzifə başında olan belələrinin PULA olan ehtirası, sərvət düşkünlüyü onları HAQQ -ƏDALƏTDƏN çoxdan uzaqlaşdırmışdı. Avestaşünasların bizim eradan əvvəl yaşamış Zərdüşt peyğəmbərə şamil etdikləri belə fikir var: “Nə qədər ki, insanlar öz zəiflikləri ilə mövcuddur, rüşvət veriləcək və alınacaq: ola bilsin qızıl pul şəklində, ola bilsin yaltaqlıq şəklində, ola bilsin ki, sevgiylə...” Adamı yandıran odur ki, XXI əsrdə RÜŞVƏT və SAXTAKARLIQ bizim ölkəmizin yaradıcı təşkilatlarında baş verirdi. Və KİVDF ədalət duyğusunu itirmiş yeganə qurum deyildi...
Qapısını ərklə döydüyüm adamlar
Nə isə... 2013 – cü ildə Milli Mətbuat Günü ölkə başçısının jurnalistlərə hədiyyə etdiyi 156, 2017 –ci ildə 255 mənzilli yaşayış binaları istifadəyə verildi. Bir dəfə jurnalistika fakültəsində bizə nitq mədəniyyətindən mühazirə oxuyan professor Nəsir Əhmədli ilə bu mövzuda söhbət edirdik, zarafatla dedi ki, mən elə bilirdim ölkədə 10-15 jurnalistdən biriyəm, sən demə, heç 411 jurnalistin arasında da adım yox imiş... Bu sözləri mənzilə ehtiyacı olan alim və qocaman jurnalist deyirdi. Böyük jurnalist ordusu jetişdirən müəllimlərimizi V. Səfərli, Ə. Həsənov kimi məmurlar mənzil bölgüsündə nəzərə almayanda biz nə edə bilərdik? Amma belə məqamda susmaq da olmur.
2017 –ci ildə KİVDF-yə mənzil üçün təqdim etdiyim sənədlərin toplanmasına rəsmi qaydada ödədiyim pullar (Daşınmaz Əmlakın Dövlət Reyestrindən özümün, oğlumun və gəlinimin adına verilən arayışlara, əmək kitabçamda jurnalist stajımın Dövlət notariusu tərəfindən təsdiqinə və digər xərclər) hədər getməsin deyə, özümü “oda-közə” vurdum. Doğrudur,V. Səfərlinin qəbuluna düşə bilmədim. Amma MŞ sədri Ə. Amaşovla görüşdüm. Əflatun bəyi 1995-ci ildən "Masallı" müstəqil qəzetinin baş redaktoru olduğum dövrdən tanıyırdım. Redaktoru olduğum qəzeti 1998-ci ilin nəticələrinə görə "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübariz əyalət qəzeti" mükafatına və diplomuna layiq görmüşdü. Masallıda və Bakıda necə deyərlər, duz-çörək kəsmişdik. Bakı Mətbuat Klubunun aylıq bülletenində dərc olunan “Susmaq qızıl deyilmış...” (“Prinsiplər və reallıq”, 1998-ci il, səh 36-39), mətbuat tarixinə aid məqalələrimi bəyənmişdi. Üstəlik MŞ-nin təsis və ondan sonrakı qurultayında sədr postuna özünün və sözünün çəkisi olan rəqibi olsa da, mən bir neçə tələbə yoldaşım, tanıdığım dost-tanışla birgə ona səs vermişdim. 55 illik yubileyimdə çıxışı zamanı hiss etmişdim ki, o mənim publisistik kitablarımla da yaxından tanışdır.
Onu da qeyd edim ki, Ə. Amaşov Milli Məclisin deputatı kimi 07.04.2016-cı il tarixli məktubunda KİVDF-nin icraçı direktoru V. Səfərliyə yazmışdı: “...Jurnalist Muğanlı Nurəddin Ədil oğlunun müraciəti rəhbərlik etdiyiniz dövlət qurumunun Azərbaycan Pespublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən jurnalistlər üçün yaşayış binasının inşasına məsul olduğunu nəzərə alaraq Sizə göndərilir. Xahiş edirik ki, Nurəddin Ədiloğlunun məsələsinə həssas yanaşılsın və bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə Milli Məclisin və müraciət müəllifinin məlumatlandırılması təmin edilsin. (Qoşma 7 vərəq)
Bütün bunlara baxmayaraq, Əflatun bəyin həmkarı, sakini olduğum Xətai rayonunun millət vəkili H.Mirələmov ona zəng də elədi. Əflatun Amaşov məktəbli olanda Gürcüstandan göndərdiyi yazıları Hüseynbala müəllim 60-cı illərin ortalarında baş ədəbi işçisi olduğu “Azərbaycan pioneri” qəzetində dərc etmişdi. Bir sözlə, Əflatun Amaşovun qapısını ərklə döyməyə mənəvi haqqım çatırdı. Səmimi söhbət etdik, mənzil məsələsində kömək edəcəyi bir neçə müstəqil fəaliyyət göstərən jurnalistin adını çəkdi. Pəhmətlik Adil Mirseyidin ailəsinə mənzil vermək təşəbbüsünü çox bəyəndim. Dediyinə görə, mən də onun “siyahısında” vardım. Təbii ki, müstəqil jurnalistlər üçün ona “ayrılmış” 20-25 mənzildən birinin mənə çatacağına ümidim çox az idi. Dedim ki, Əli Həsənovun qəbuluna yazılmışam. Dostyana məsləhət bildi ki, mənzillər Prezidentin jurnalistlərə əvəzsiz hədiyyəsidir. Əgər kiməsə “şirinlik” vəd etsən, adını siyahıdan çıxararlar... “Məsləhətli don gen olar” deyiblər. Amma...
Şeyxin xahişini yerə salan məmur
2017-ci ilin orucluq günləri idi. Şeyxülislam Allahşükür Paşazadənin qəbuluna yollandım. Şeyx 37-ci ilin repressiya qurbanları olan din xadimlərindən bəhs edən “Əsrin sönməz şamları” adlı publisistik kitabıma “Ön söz” yazmışdı. Bundan başqa ötən əsrin 80-ci illərində Azərbaycanda məscidlərin təmirinə kömək edən Əməkdar İnşaatçı, Sosialist Əməyi Qəhrəmanı Məmməd Hüseynov haqqında yazdığım kitabımı Şeyxə apardım. Elə zənn etdim ki, əgər Şeyx mənim Məmməd Hüseynovun xalası nəvəsi olduğumu bilsə, yüz faiz Əli Həsənova zəng edəcək. Amma Qafqazın mötəbər ağsaqqalı köməkçisi Rüfət bəyin vasitəsi ilə bildirdi ki, jurnalistlərdən kiməsə mənzil məsələsi ilə bağlı elədiyi xahişi Əli Həsənov yerə salıb. Buna görə ona təkrar söz deməyi özünə rəva bilmir.
Beləliklə,1975-ci ildən 2017-ci ilə kimi qəzet və jurnallarda dərc olunmuş, 80 - ci illərdə radionun “Bulaq” verilişində səsləndirilmiş yazılarımın siyahısını hazırlayıb Əli Həsənovun qəbuluna yollandım. Mənzillərin verilməsinə təqribən 40 gün qalmışdı. Məni Əli Həsənovun köməkçisi Vüqar Əliyev qəbul etdı. (yenə Vüqar?!) KİVDF-yə təqdim etdiyim bütün sənədlərin surəti ilə bərabər şəxsən Əli Həsənova ünvanladığım ətraflı müraciətimi ona təqdim etdim. Müraciətdə xahiş edirdim ki, yaşadığım mənzilə baxış keçirilsin. Ailə yataqxanası kimi inşa olunmuş binanın nə istilik sistemi vardı, nə də qaz xətti.Yay-qış rütubət təkcə mənzilin əşyalarını deyil, adamın özünü çürüdürdü.
Heydər Əliyevin kitab hədiyyəsi
Nədənsə, jurnalistlərə mənzil bölgüsündə Əli Həsənovun ədalətinə çox güvənirdim. Düşünürdüm ki, alim zalım olmaz! Üstəlik V.Əliyevə Əli Həsənova təqdim etmək üçün bir arayışın əslini verdim. Arayışda yazılırdı: “Ümummilli liderimiz H. Əliyev 1995-ci ildə Milli Kitabxanada olarkən öz şəxsi kitabxanasından Ədiloğlu Nurəddinin “Azərnur” (1994-cü il nəşri) kitabını Milli Ktabxanaya hədiyyə etmişdir.” İmza: K. Tahirov. 18 aprel 2007-ci il.”
Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, o zaman (1995-ci ildə) “Günün ekranı” xəbərlər proqramında Milli Kitabxanadan bəhs edən reportajda Heydər Əliyevin əlində mənim adıçəkilən kitabım göstərilmişdi. Bundan başqa Vüqar Əliyevə “Millət” qəzetində dərc olunmuş “Davam edir 37...” (29.07. 1992) və “Arxandan vurduğu zərbəyə görə “mükafat” umanlar” (15.07.1993) sərlövhəli məqalələrimi göstərib bildirdim ki, Cənub bölgəsində DİN-in “subtropik” əməliyyatından və qondarma TMR yaratmağa çalışan Ə. Hümmətovdan tənqid yazdığma görə təqib də olunmuşam. Yəqin həmin illərdə “Azərbaycan” nəşriyyatının 7-ci mərtəbəsindəki redaksiyaların əməkdaşları respublika daxili işlər naziri İsgəndər Həmidovun şəxsən özünün 3-4 “Boz qurd”la “Millət”in redaksiyasına gəlib “Subtropik əməliyyatı”ndan bəhs edən məqaləyə etirazını xatırlayırlar. Baş redaktor Vilayət Quliyev (Hazırda Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri-N.Ə) redaksiyada olmadığından nazirin əsəbi halda “hanı bu məqaləni yazan o narkoman?” sualına “Millət”çi həmkarlarım cavab vermişdi ki, o, heç siqaret də çəkmir, hardan narkoman oldu? Sonralar rəhmətlik Zöhrab Əmirxanlı yarızarafat-yarıciddi deyirdi ki, anan namaz üstəymiş həmin an, yaxşı ki, redaksiyada olmadın...
Mənzilə həqiqi ehiyacı olanlar və...
Əlqərəz, Vüqar Əliyev məni çox diqqətlə dinləyib bildirdi ki, mənzil məsələsinə burada (yəni Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində) baxılacaq. Adımı meşin cildli yaraşıqlı qeyd dəftərinə yazıb mənə kömək edəcəyinə söz verdi. Bir neçə gündən sonra biz onunla adının mətbuatda açıqlanmasına etiraz (?!) edən bir qəzet redaktorunun oğlunun toyunda görüşdük. Hər iki Vüqar – V.Səfərli və V. Əliyev ali məktəb müəllimim professor Cahangir Məmmədli ilə bir masada oturmuşdular. Mən müəllimimlə şəkil çəkdirərkən ayaqüstü Vüqar Əliyevə verdiyi sözü bir daha xatırlatdım. Sonra nifrət hissimi boğub şadlıq evinin foyesində Vüqar Səfərlinin özü ilə də təklikdə söhbət elədim. O, süni təbəssümlə gülümsünüb “çalışaram” dedi. Yenə boş vədlər. Yenə yalanlar... İndi özümü bəzən qınayıram. Bax, o məqamda “ləbləbi – eldəbi” deyib “şirinlik” təklif etsəydim, 2-ci binadan mənzillə təmin olunan 255 nəfərdən biri də mən olardım. Amma mənim 2 otaqlı mənzilə 10-15, 3 otaqlı mənzilə 20-25 min AZN “şirinlik” verməyə hələ bundan sonra 40 il yaşasam da imkanım olmayacaq! Sözsüz ki, vüqar səfərlilər, əli həsənovlar və ya onların əlaltıları yaşadığım mənzili görsəydilər, mənə qarşı ədalətsizlik etməzdilər. Mənzillərinsə KİVDF, Milli Televiziya və Radio Şurasının rəhbərliyi tərəfindən bölüşdürülməsi ərəfəsində Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə isə belə açıqlama vermişdi: “Evi olan da, olmayan da ev istəyir, amma ədalətlilik prinsipini itirmək olmaz. İlk növbədə həqiqi ehtiyacı olanlar nəzərə alınmalıdır...” Həqiqi ehtiyacı olanlar nəzərə alındımı?
“İşığı yanmayan” mənzillər
...Ötən il jurnalistlər məhəlləsində yaşayan bir qələm dostumun evinə getmişdim. İkinci binanın 255 mənzilindən 60-70-nin işığı yanırdı. Öyrəndim ki, binanın komendantı “işığı yanmayan” mənzillərin sahiblərinə zəng edib, kommunal pullarını ödəməyi tələb edəndə ondan soruşurlar: “O bina Bakının hansı hissəsində yerləşir?” Bax, bu haqsızlığa necə dözəsən? “Qəlbimizi şumlayan dərdlər” silsiləsindən olan publisistik düşüncələrimdə bu barədə çox yazmışam; bizim Azərbaycan cəmiyyətində bir çox məmurların başı feodalizmdə, ayaqları sosializmdə yaşayır, əlləri isə kapitalizmdə “işləyir.” V. Səfərli hətta özünün “Mövqe” qəzetində çalışan əməkdaşına haqsızlıq etmişdi. Xatırlayırsınızsa, onun “2-ci binadakı mənzillər jurnalistlərə xidməti ev kimi verilib” ifadəsi də qalmaqala səbəb olmuşdu.Vüqar Səfərli jurnalistlərə dövlət başçısı tərəfindən mülk olaraq hədiyyə edilən mənzillərdən qazanc götürmək məqsədi ilə dövlətə aidiyyəti olmayan “Jurnalist” MMC də yaratmışdı. Ağlı başında olan hər hansı dövlət məmuru vəzifəsindən sui-istifadə edib dövlət rəhbərinin hədiyyə verdiyi mülkü “qazanc mənbəyi”nə çevirməzdi.
Məmurun dövlətə, Vətənə xidmət anlayışı
Özünü bir vaxtlar yüksək statuslu məmur kimi qələmə verən Əli Həsənov isə bu yaxınlarda fb səhifəsində yazır ki: “Mən məmur idim, insanlara şəraiti də mənə olan münasibətlərinə görə deyil, dövlətə, hakimiyyətə münasibətə, insanlara göstərdikləri xidmətə və həmin xidmətin ictimai dəyərləndirilməsinə görə qiymət verirdim.” Bərəkallah! Onda belə çıxır ki, kosmopolit Ə.Vəzirov, qiyamçı “milli qəhrəman” S. Hüseynov, Azərbaycanı parçalamaq istəyən separatçı Ə. Hümmətov kimi adamlardan tənqidi məqalə və kitab yazan jurnalist Nurəddin Ədiloğlu Vətənə, xalqa xidmət etməyib? Amma onları tərifləyənlər, “Əməkdar mədəniyyət işçisi” kimi fəxri adlarla və "Vətənə xidmətə görə" ordeni ilə təltif olunan V.Səfərli kimi, dövlət başçısının jurnalistlərə hədiyyə etdiyi mənzillərin bölgüsündə və qəzetlərə dövlət yardımında ədalətsizliyə yol verənlər Vətənə, xalqa, dövlətə xidmət edirmiş?! Qocaman jurnalist, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun bu barədə geniş məqaləsi mənə elə gəlir ki, ƏDALƏT MƏHKƏMƏSİ üçün hazır və təkzibolunmaz ittihamnamədir. Təkcə məhkəmənin hökmü və hökmün icrası qalıb... Mənim də az yaşım yoxdur. Bu gün 64 yaşıma qədəm qoyanda özümə belə sual verdim:
Qələm adamının həyatında maraqlı olan nədir?
Dəbdəbəli evmi, hər cür şəraiti olan geniş mənzilmi, fəxri adlar, ya çalışdığı işdə aldığı yüksək maaşmı? Bəzən yaradıcı adama adi DİQQƏT də bəs edir. 90-cı illərdən üzübəri Vilayət Quliyev (“Millət”) Babək Hüseynoğlu (“Aydınlıq”), İrfan Sapmaz (“Avrasiya”), Ağacəfər Həsənli (“Mars” jurnalı), Həsən Merac (“Yeni Dirçəliş”), Vaqif Bəhmənli (“Humanitar qəzet”), Valid Qardaşlı (“Axşam”), Əli Mahmud (“Qarabağa aparan yol”) kimi vicdanlı, vətənpərvər redaktorlarla çalışmışam və onların yaradıcı adamlara yaxşı münasibətlərinin şahidi olmuşam. Publisistik və bədii kitablarım haqqında Rahid Ulusel, Sabir Rüstəmxanlı, İsmayıl Vәliyev, Zeydulla Ağayev, Vaqif Yusifli, Nizamәddin Şәmsizadә, İslam Qəribli, Aqşin Babayev, Qulu Məhərrəmli, Həsənbala Sadıqov, Nizami Rzayev, Fərahim Sadıqov, Qəmərşah Cavadov, Əjdər Fərzəli, Füzuli Bayat, Salidə Şərifova, Buludxan Xəlilov kimi görkəmli alim və professorların yazdığı məqalələr, söylədiyi fikirlər ən böyük qazancım olub. Eyni zamanda, mənə qarşı haqsızlq və “mirqəzəblik” edən əsrimizin “siyəvuşlarını”, vüqarlarını, imam adı daşıyıb amma Allahsızlıq edən alim-məmurlarını, redaktorlarını gördüm. Müdrik kəlamların birində deyilir: "Eşq olsun sənə, ey yoxsulluq. Sənin mərhəmətin sayəsində mən bütün dünyanı görürəm, məni isə heç kim görmür." Bu da bir taledir. “Jurnalist ömrünün həyəcanlı anları” (manevr.az 05.07.2017) yazımda çətinliklərim barədə qısa da olsa, bəhs etmişəm. İndi isə XXI əsrin 21-ci ilidir. Dünyada və ölkəmizdə ən böyük problemlərdən biri gəlir bərabərsizliyidir. Bəzən 3-4 yerdən yüksək “əmək haqqı” alan, elə fəxri adların sahibinə rast gəlirsən ki, “kasıb, kimsəsiz” jurnalistlərin taleyinə “ustadları” Əli Həsənov, Vüqar Səfərli kimi yanaşırlar. Əfsus ki, KİV-i belələrindən xilas etmək üçün illərlə vaxt lazım olacaq!..
Allah öz bəndələrinə belə “ssenari” yazmazdı...
Bu gün özümə daha bir sual verdim.Yox, bu sual deyil, cavabı tapılmayan tapmacadır: Eyni yaradıcı kollektivdə çalışanların biri komfort həyat yaşayır, digəri ömrüboyu əzab-əziyyət içində. Axı Allah -Təala öz bəndələri üçün belə “ssenari” yazmayıb. Yadıma uşaq çağı OVCUMUZA “qonan quşu bölərkən” baş barmaqdan çeçələ barmağadək hər birinin "vəzifəsini" sadaladığımız bir OYUN düşdü: “Bura bir quş qondu, bu vurdu, bu tutdu, bu bişirdi, bu yedi, culu-culu, sənə nə qaldı?” Bax, dövlətin yaradıcı insanlara qayğı və mərhəmətini o uşaq oyunundakı “quş” kimi bölüşdürənlər "Haram tikə bogazda qalar" məsəlini də unutmasınlar.
Sonda onu da qeyd edim ki, 2013, 2017-ci illərdə V.Səfərlinin, Ə. Həsənovun sayəsində mənzillə təmin olunmuş bəzi “müxbirlərin” həbs olunan dövlət məmurlarının övladları haqqında xəbərləri təxribat xarakteri daşıyır və onlara millət vəkili, yazıçı Aqil Abbasın “37-Cİ İL DEYİL, CƏNABLAR” (“Ədalət” qəzeti,14.01. 2021) yazısındakı bir fikri xatırladıram: “Ataların cəzalarını oğullar çəkməli deyil.Təbii ki, həmin o oğullar bu dövlətə, bu millətə sədaqətlə qulluq edirlərsə...”
Nurəddin ƏDİLOĞLU,
yazıçı-jurnalist. 01.02.2021.