“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiqlənməsi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Hesab edirəm ki, sənəddə əksini tapan məsələlərin həyata keçirilməsi üçün bütün imkanlarımız var. Nəticədə ölkəmizin sosial-iqtisadi inkişafı daha da sürətlənəcək, iqtisadiyyatın dayanıqlığı möhkəmlənəcək. Milli Prioritetlər dövlətin, cəmiyyətin və fərdlərin inkişafına xidmət edir”.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
O qeyd edib ki, Vətən müharibəsində qazanılan Qələbədən sonra bölgədə yeni siyasi reallıqlar yaranıb, Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub: “Ermənistan 30 ilə yaxın ölkəmizin 20 faizini işğal altında saxlayıb. Həmin ərazilərdə zəngin təbii ehtiyatlar var, böyük hissəsi əkinə yararlı torpaqlardır, geniş otlaqlar mövcuddur. Bundan başqa, ölkəmizin əsas su mənbələri də işğaldan azad olunan ərazilərdə yerləşir. Düşmən 30 il yalnız torpaqlarımızı işğal altında saxlamayıb, eyni zamanda suyumuzu kəsib. Nəticədə onlarla rayonda su qıtlığı yaranıb, əkin sahələrini vaxtı-vaxtında suvarmaq mümkün olmayıb. Bundan başqa, işğaldan azad olunan ərazilərin çox zəngin turizm potensialı mövcuddur. Biz son 30 ildə bunların heç birindən istifadə edə bilməmişik. Bütövlükdə erməni işğalı Azərbaycanın daha sürətlə inkişafı qarşısında bir maneəyə çevrilmişdi. Vətən müharibəsində qazanılan Zəfərlə bu maneə aradan qaldırılıb, həmin ərazilərdəki təbii ehtiyatlardan istifadə hüququmuzu özümüzə qaytarmışıq. O resurslardan ölkəmizin inkişafı üçün istifadə edəcəyik”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra ölkəmizin inkişafını təmin edən onlarla dövlət proqramı, strategiya, tədbirlər planı təsdiqləyib, böyük layihələrə imza atıb: “Bunlara misal kimi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının adını çəkmək olar. Dörd belə sənəd qəbul edilib. Sonuncu proqram 2019-2023-cü illəri əhatə edir”.
Ü.Quliyev bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüsdür: “Belə bir proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir.
Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək”.
Milli Məclisin üzvü vurğulayıb ki, Vətən müharibəsində qazanılan Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb: “Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcək”.