AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin Sədri İran parlamentinin nümayəndə heyəti ilə görüşüb – FOTO

  • + A
  • - A
  • 17-02-2021, 19:02


    Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Bildirilib ki, Sədr qonaqları səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Ortaq tarixi, mədəni və dini dəyərlərimiz münasibətlərimizin qarşılıqlı anlaşma əsasında inkişafı üçün yaxşı zəmin yaradır. İnanıram ki, bu möhkəm təməl üzərində əlaqələrimiz gələcəkdə daha da genişlənəcək. İranla hərtərəfli əməkdaşlığın dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir.

    Spiker qeyd edib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin bugünkü səviyyəyə çatmasında əsaslı rol oynayıb. Siyasi dialoqun ardıcıl xarakter alması iqtisadi, humanitar, mədəni sahələrə də öz müsbət təsirini göstərir. Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyəti, keçirilən biznes forumlar və ikitərəfli görüşlər ticarət dövriyyəsinin artmasına şərait yaradır.

    Ölkələrimizin Ali qanunvericilik orqanları arasında mövcud olan xoş münasibətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda özünü büruzə verir. Sədr hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, bu qruplar arasındakı təmasların intensivləşdirilməsi, beynəlxalq parlament təşkilatları çərçivəsində çoxtərəfli əsasda görüşlər ümumi hədəflərə çatmaq baxımından önəmlidir.

    Spiker İranın Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dönəmində ölkəmizin haqq işini dəstəkləməsini yüksək dəyərləndirib, bu ölkənin daim Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyi üçün öz adından və Azərbaycan parlamenti adından İran xalqına və dövlətinə təşəkkürünü ifadə edib. Bildirilib ki, erməni işğalçılarının azad olunmuş Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər, dini abidələrə münasibətdə etdikləri hərəkətlər insanlığa yaraşmayan vandallıqdır. Bu, təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman dünyasına qarşı yönəlmiş mənəvi terrordur.

    Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikası İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnuri səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır.

    Dağlıq Qarabağda Azərbaycanın apardığı Vətən müharibəsi zamanı İran vətəndaşlarının ürəyi Azərbaycanla birlikdə döyünüb. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun haqq işini həmişə dəstəkləmişik. 44 günlük hərbi əməliyyatlar zamanı ən müxtəlif səviyyələrdə verilən bəyanatlar bunu bir daha təsdiqləyir.

    Qonaq Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinin minalardan təmizlənməsində, bərpa işlərində, dini abidələrin yenidən qurulmasında İran tərəfinin yaxından iştirak etmək arzusunu bildirib. Qeyd edilib ki, Qarabağın yenidən dirçəlməsinə onun ölkəsi də öz layiqli töhfəsini vermək niyyətindədir.

    Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Madər Musayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR