Nəcib təşəbbüsün böyük bəhrəsi
“İki sahil”in ötən ilki saylarında xəbər vermişdik ki, uzun müddət xeyriyyəçiliklə məşğul olan Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü ilə Masallı rayonunda təhsil fondu yaradılıb. İdarə heyəti rayonun nüfuzlu ictimaiyyət nümayəndələrindən ibarət olan fondun əsas hədəfləri rayonda erkən nikahın qarşısını almaq üçün umumtəhsil məktəblərinin məzunu olan qızların təhsilinə xüsusi diqqət yetirmək, onların pedaqoji sahələrdə ixtisaslı kadr kimi yetişməsinə maddi və mənəvi dəstək göstərməkdir. Bu günlərdə fondun yarım ildə gördüyü işlər müzakirə olunub, qarşıda duran yeni hədəflər müəyyənləşdirilib.
Fonda rəhbərlik edən təcrübəli pedaqoq Hüseyn Hüseynovdan aldığımız məlumata görə, bu il Masallının 66 tam orta ümumtəhsil məktəblərinin hamısında ali məktəbə sənəd verəcək qız məzunlara pulsuz “Azərbaycan dili”, “Riyaziyyat” test toplusu, “Abituriyent jurnalı” və “Cavab kartları”nın paylanmasına start verilmişdir.
Həmsöhbətimiz bildirdi ki, qız uşaqlarının təhsil almaları, əslində həm onların, həm də cəmiyyətin sağlam gələcəyi üçün çox vacibdir: “Əvvəllər rayonumuzun kəndlərində maddi çətinlik yaşayan bir çox valideynlər el arasında “qız yükü, duz yükü” deyilən ağırlıqdan xilas olmaq üçün orta təhsilini başa vurar-vurmaz qızlarını nigaha təhrik edərək, onların təhsillərini davam etdirmələrinə bir növ mane olurdular. Bu “tendensiyanın” qarşısını aımaq məramı ilə təsis olunan fondumuzun əməkdaşları valideynlərlə apardıqları fərdi söhbətlər qısa müddət ərzində öz bəhrəsini verdi. Hazırda fondumuz tərəfindən rayonumuzda qızların ali təhsilə cəlb edilməsi istiqamətində həm ciddi, həm də uğurlu işlər aparılır. Bütün nəcib təşəbbüslərimizi xüsusilə aztəminatlı ailələr minnətdarlıq hissi ilə qarşılayırlar.”
Fond 6 ayda tələbələrə 30 min manata yaxın maddi yardım göstərib. Fondun fəallarından biri, “Ümidim sənsən” ictimai təşkilatının rəhbəri Fidan Abbaslının dediyinə görə, 2021-ci dərs ili üçün Fondun xərclərinin 120 min manat təşkil edəcəyi proqnozlaşdırılır. Bunun 60 min manatını ötən il qəbul olunanlar, bir o qədərini də bu il ali məktəbə daxil olan tələbə qızlar üçün xərcləmək nəzərdə tutulur. Fondun imkanları genişləndikcə, biz təkcə pedaqoji yox, başqa fənlər üzrə təhsil alanların, ilk növbədə şəhid ailələrinin övladlarının, eləcə də Masallının digər ərazilərində yaşayan tələbələrin bu imkanlardan faydalanmasını təmin etməyi də düşünürük.”
Onu da qeyd edək ki, fondun hesabına təhsil alan qızlar ali təhsili başa vurduqdan sonra Masallı məktəblərində ən azı 3 il işləməlidirlər.
“Masallı Təhsil Fondu” sosial məsafə gözlənilməklə 70 saylı seçki dairəsinə daxil olan umumtəhsil məktəblərinin qız məzunlarının ali məktəblərdə birinci semestr imtahanların nəticələrini muzakirə etmək məqsədi ilə təşkil etdiyi görüşdə tələbə qızların ali məktəblərdə oxuduqları az müddətdə uğurlu nəticələr əldə etdiyi bildirilib. Fevral ayının sonunda uğurlu nəticə əldə etmiş bütün tələbələrin ödənişləri və təqaüdləri fond tərəfindən ödəniləcəyi nəzərdə tutulur. Fond eyni zamanda, rayondakı iş adamlarına, xeyriyyəçilərə ünvanladığı müraciətdə bildirir ki, hər bir yaşayış məntəqəsində və ya ərazi nümüyəndəliyi üzrə ali məktəbə qəbul olunan qızlara dəstək olsunlar.
“Cənub.az” saytı fondun mətbuat xidmətinin məlumatını dərc edəndən sonra müraciətə ilk qoşulan Bakıda yaşayan xeyriyyəçi xanım, ictimai fəal Arzu Bağırova Masallı rayonunda boya-başa çatdığı Bədəlan kəndindən ali məktəblərin pedoqoji fakültəsinin məzunu olacaq qızlara dəstək olacağını bəyan etmişdir.
Təhsil fondunda keçirilən görüş zamanı istedadlı şagirdlərin aşkar edilməsi, habelə onların təşəbbüskarlığını və yaradıcılığını daha da yüksəltmək məqsədi ilə Masallı Dövlət Regional Kollecində 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizə aid tədbir keçirməklə yanaşı, Masallı təhsil fondu “Qarabağ bizimdir” mövzusunda inşa müsabiqəsi keçirməyi nəzərdə tutur. Yuxarı siniflər şagirdlərinin əyani təhsili bərpa edildikdən sonra həmin müsabiqənin detalları ətraflı açıqlanacaq. Müsabiqənin qalibləri müəyyən ediləndən sonra onlar fond tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
"Masallı Təhsil Fondu"nun əməkdaşları ilə görüşdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məhşur Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən söhbət açıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı qalibiyyətin xalqımıza sonsuz qürur hissi bəxş etdiyini diqqətə çatdırıb. M. Məmədov fondun rayonda təhsilin inkişafına göstərdiyi faliyyətinə uğurlar diləyib və fondun əməkdaşlarına öz tövsiyələrini bildirib.
Nurəddin Muğanlı, “İki sahil”
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR