Həkim: “Əgər Azərbaycanda Britaniya ştammı tapılarsa...”
Covid-19-a yoluxma sayı dünyada hələ də ziqzaqvarı formada dəyişir. Biz bu materialı hazırlayan zamanda dünyada koronavirusa yoluxanların sayı 110 milyon 929 min 475 nəfər, bu virusdan ölənlər isə 2 milyon 454 min 516 nəfərdir.
Dünyada koronavirusa günlük yoluxma sayında ötən günlərlə müqayisədə bir qədər artım müşahidə edilir. Ölüm sayı da eyni qaydada, artım var. Belə ki, əgər ötən həftə günlük yoluxanların sayı 250-300 min olubsa, hazırda bu say 400 minə yaxındır. Eləcə də günlük ölüm 5-6 min olubsa, hazırda bu say 11 min 500 nəfəri keçib.
Lakin dünyada sürətli şəkildə koronavirusa qarşı vaksinasiya prosesi aparıldığı üçün hesab edilir ki, kollektiv immunitet və virusun özünün mutasiyaya uğraması nəticəsində bu bəladan qurtula biləcəyik.
Britaniyanın səhiyyə naziri hesab edir ki, bu ilin sonuna qədər COVID-19 qrip kimi vərdiş halına gələcək və müalicəsi nisbətən asan olacaq. “Ümid edirik ki, COVID-19 ilin sonuna qədər müalicə edilə bilən bir xəstəliyə çevriləcək”, - deyə o bildirib. Onun sözlərinə görə, bu, yaxşılaşdırılmış müalicə protokolları, COVID-19-a qarşı effektivlik göstərən yeni dərmanların ortaya çıxması və kütləvi peyvəndlər sayəsində reallaşacaq. Nazir əlavə edib ki, nəticədə hər birimizin həyatını təsir edən pandemiyalardan olan COVID-19 qrip kimi yaşamağımız lazım olan növbəti xəstəlik olacaq.
Onu da bildirək ki, Azərbaycanda yoluxma sayı pik həddə çatmasa da, karantin rejimi davam edir. Hələ də fəaliyyətinə məhdudiyyət tətbiq edilən sahələr var. Ancaq bütün bunlar da yoluxmanın qarşısını tam ala bilmir. Paytaxtdakı 82 nömrəli tam orta məktəbin fəaliyyəti də müvəqqəti dayandırlıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb. Belə ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVİD-19 testi pozitiv çıxıb.
Bu səbəbdən Bakı şəhəri Nərimanon rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.
[img]https://mektebgushesi.az/wp-content/uploads/2020/04/91953192_2265620206874048_8094904680166981632_n-1.jpg?w=640[/img]
Adil QeybullaBir çoxları hesab edir ki, mart ayında Azərbaycanda növbəti dəfə sərt karantin rejimi tətbiq ediləcək. Buna əsas varmı?
“Yeni Müsavat”a danışan professor Adil Qeybulla hesab edir ki, hazırkı gedişat karantin rejiminin sərtləşdirilməsinə əsas vermir: “Əgər ölkəyə Britaniya ştammı gələrsə, o zaman sərt karantin barədə düşünmək olar. Lakin hələ ki, prosesdə stabilləşmə müşahidə edilir. Azərbaycanda son zamanlar metronun fəaliyyətinin bərpası, toylara icazə verilməsi məsələsi müzakirə edilir. İnsanlar istəyirlər ki, metro açılsın, toyların keçirilməsinə icazə olsun. Lakin heç kim karantin qaydalarının gözlənilməsinə toxunmur. Hesab edirəm ki, hələ metronun fəaliyyətinin bərpası, o cümlədən toylara icazə verilməsi tezdir. Biz müəyyən müddəti gözləməliyik”.
Adil Qeybulla da hesab edir ki, ilin sonuna qədər koronavirus adi hal ala bilər: “Koronavirus onsuz da hər il mövcuddur və qrip kimidir. Bu baxımdan düşünürəm ki, getdikcə Covid-19 virusu tamamilə zəifləyəcək”.
Əli RAİS,