AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğaldan azad edilmiş ərazilərdə yaradılan yol infrastrukturu iqtisadi və sərmayə resurslarının şaxələndirilməsini təmin edəcək

  • + A
  • - A
  • 22-02-2021, 09:46

    İşğaldan azad edilmiş ərazilərdə yaradılan yol infrastrukturu  iqtisadi və sərmayə resurslarının şaxələndirilməsini təmin edəcək

    Anar MƏMMƏDOV
    Milli Məclisin deputatı


    Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uzaqgörən iqtisadi siyasət sayəsində ölkəmizdə müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində böyük uğurlar əldə olunmuşdur. Bu inkişaf aparılan islahatların mühüm tərkib hissəsi olaraq, yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi və xidmətləri vasitəsilə nəqliyyat ehtiyaclarına sürətlə artmaqda olan tələbatın təmin edilməsinə, əlverişli coğrafi mövqeyi baxımından respublikamızın geniş tranzit imkanlarından tam və səmərəli istifadəyə yönəlmişdir.

    Məhz ölkə başçısının diqqət və qayğısı, tövsiyələri əsasında müxtəlif nəqliyyat növlərinin vahid nəqliyyat sistemində mövcud şəbəkələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, bu sistemin etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğun gəlməsi baxımından konkret tədbirlər sisteminin həyata keçirilməsinə başlanılıb. Bu gün nəqliyyat sistemində aparılan dövlət siyasəti məhz cənab Prezidentin tapşırıqlarına əsaslanır və özündə ölkəmizin sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönəlmiş tədbirləri əhatə edir.

    Bir faktı da nəzərə almaq lazımdır ki, nəqliyyat yalnız sərnişin və yük daşımalarını həyata keçirmir, eyni zamanda məhsuldar qüvvələrin inkişafında, təbii ehtiyatların və əmək resurslarının istehsal dövriyyəsinə operativ cəlb olunmasında, əhalinin məskunlaşmasında və məhsuldar qüvvələrin ərazi üzrə optimal yerləşdirilməsində mühüm rol oynayır. Dünya ölkələri arasında iqtisadi əlaqələrin səmərəliliyinin yüksəldilməsi və yük axınlarının əlverişli tənzimlənməsinin həyata keçirilməsi hər bir nəqliyyat sahəsində beynəlxalq normalara uyğun təkmilləşdirmə işlərinin aparılmasını tələb edir. Ölkələr yerləşdikləri coğrafi mövqedən asılı olmayaraq çalışırlar ki, öz məhsullarını daha sərfəli yollarla dünya bazarlarına çıxarsınlar və daha çox səmərə əldə etsinlər. Məhz bu baxımdan beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Republikasının əlverişli nəqliyyat sisteminə malik olması dünyanın bir çox ölkələri ilə qarşılıqlı səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə münbit şərait yaradır.

    Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq imkanına sahib olacaq. Çünki işğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində həyata keçirilən layihələrin arasında yol-nəqliyyat infrastrukturunun böyük əhəmiyyəti var. Məlum olduğu kimi, Prezident İlham Əliyevin əvvəlki səfərləri zamanı Şuşaya çəkilən yeni avtomobil yolunun, Füzulidə beynəlxalq aeroportun təməli qoyulmuşdu.

    Fevralın 14-də isə Prezidentin iştirakı ilə Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması isə ilk növbədə ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək.

    Məlum olduğu kimi, Kəlbəcər yaxud Laçın rayonlarının ərazisində ikinci hava limanın inşası nəzərdə tutulur. Bunlarla paralel olaraq bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Horadiz-Zəngilan, Zəngilan-Naxçıvan, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir. İşğaldan azad edilmiş bölgələrimizdə ilk olaraq yol-nəqliyyat infrastukturunun yenidən qurulmasına, təkmilləşdirilməsinə xüsusu diqqət göstərilməsi bu ərazilərin malik olduğu potensial imkanlardan səmərəli istifadəni təmin edəcək ki, bu da öz növbəsində ölkəmizin dayanıqlı inkişafına böyük dəstəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR