AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi dayanıqlı inkişafın təminatında əsas amillərdəndir

  • + A
  • - A
  • 27-01-2021, 19:10

    Əliabbas Salahzadə: Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi dayanıqlı inkişafın təminatında əsas amillərdəndir


    Milli Məclisin deputatı Əliabbas Salahzadə ölkəmizin davamlı inkişafını şərtləndirən amillərdən bəhs edərkən bildirib ki, Azərbaycanın bu gün beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasına, islahatların dövrün, zamanın tələblərinə uyğun təkmilləşdirilməsinə əsaslanır: «Möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyaraq son 17 ildə bu istiqamətdə həyata keçirilən uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsinə nail olunub. Dayanıqlı inkişafın təmin olunmasında, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafında infrastruktur layihələrinin uğurlu icrası əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən nəqliyyat sahəsinə qoyulmuş vəsaitin bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərdiyini önə çəkərək bildirmişdir ki, yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz.

    Bütün bu amillər ölkə daxilində infrastrukturun tamamilə yenidən qurulmasını zərurətə çevirdi. Regional inkişaf proqramlarına uyğun olaraq bölgələrdə enerji, qaz, su xətlərinin çəkilişi, yenilənməsi vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, həmçinin qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə Azərbaycanın yol-nəqliyyat infrastrukturunun aydın mənzərəsini təqdim edə bilərik.”

    Ə.Salahzadə qeyd edib ki, infrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir: “Özünüməşğulluq proqramı uğurla icra edilir. Ailə təsərrüfatlarına asan dəstəyi həyata keçirən ABAD mərkəzləri fəaliyyət göstərir. O da məlumdir ki, son illərdə dövlətimizin başçısının tapşırığına uyğun olaraq ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Bölgələr üzrə aparılan ixtisaslaşma bu prosesi daha da sürətləndirir. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. COVID-19-la mübarizə tədbirlərinə başlanarkən dövlətin diqqətdə saxladığı əsas məsələ insanların sağlamlığının, eyni zamanda, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi oldu. Sahibkarlara dövlət qayğısı pandemiya dövründə diqqətçəkən addımlar sırasındandır.”

    Ə.Salahzadə vurğulayıb ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəsi ilə bölgədə yeni reallıqlar yaratdı: “Yaranan yeni imkanlar yeni əməkdaşlıq formatlarına yol açmaqla yanaşı, Azərbaycanın tranzit imkanlarını da genişləndirir. İşğaldan azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələri icra edilməyə başlanıb. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri zamanı Füzuli beynəlxalq Hava Limanının və Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Kəlbəcər, yaxud Laçın rayonlarının ərazisində ikinci hava limanın inşası nəzərdə tutulur. Bunlarla paralel olaraq bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Horadiz-Zəngilan, Zəngilan-Naxçıvan, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir. İşğaldan azad edilmiş bölgələrimizdə ilk olaraq yol-nəqliyyat infrastukturunun yenidən qurulmasına, təkmilləşdirilməsinə xüsusu diqqət göstərilməsi bu ərazilərin malik olduğu potensial imkanlardan səmərəli istifadəni təmin edəcək ki, bu da öz növbəsində ölkəmizin dayanıqlı inkişafına böyük dəstəkdir. Xalqımız tam əmindir ki, quruculuq və bərpa işləri nəzərdə tutulan vaxtda başa çatacaq. Azərbaycana dost ölkələrin şirkətləri bu ərazilərimizdə görüləcək işlərə cəlb ediləcəklər.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR