AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xocalılar builki anım günündə Xocalıya getmək İSTƏYİRLƏR

  • + A
  • - A
  • 24-02-2021, 10:25



    Xocalı faciəsindən 29 il keçir. Rəşadətli ordumuzun əldə etdiyi böyük Qarabağ zəfəri nəticəsində Xocalı rayonunun bir neçə kəndi də düşmən tapdağından azad edilib. Bundan sonra Xocalı soyqırımının ildönümü zamanı keçirilən anım mərasimlərində də dəyişikliklər olacağı gözlənilir.

    Məsələ ilə bağlı Modern.az-a danışan Xocalı sakinləri bundan sonra anım günlərinin Xocalının özündə keçirilməsini arzuladıqlarını deyiblər.

    Soyqırımına 10 yaşında şahidlik etmiş Əfsanə Ələkbərova düşmən vəhşiliyi nəticəsində hər iki valideynini və ailə üzvlərini itirib:

    “Xocalı soyqırımında atamı, anamı, əmimi, bibimi, xalamı, hər iki nənəmi, babalarımı – ümumilikdə 49 nəfər ailə üzvümüvə qohumumu şəhid vermişəm. Atam - “Mixaylo” ləqəbli Milli Qəhrəman Tofiq Mirsiyab oğlu Hüseynov Şəhidlər Xiyabanında uyuyur. Həyatımın 4 ilini zirzəmilərdə, gülləbaran altında keçən Xocalı sakini kimi evimizə getmək, evimizi görmək, Xocalıma baş çəkmək istərdim. Xocalının hər daşı, hər torpağı, evimiz bugünkü kimi yadımdadır. Reallıqdır ki, əzizlərimi əvvəlki kimi orda tapmayacağam. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında məcburi köçkünlər, eləcə də biz xocalılar öz torpaqlarımıza qayıdacağıq!”

    Əfsanə Ələkbərova erməni vəhşiliyini gələcək nəsillərə nümayiş etdirmək məqsədilə Xocalı şəhərinin, açıq səma altında muzey kimi saxlanılmasını təklif edir: “Anım tədbirləri Xocalıda keçirilməlidir. Mən arzu edərdim ki Xocalı erməni vəhşiliyini gələcək nəsillərə göstərmək üçün açıq səma altında muzey kimi saxlanılsın”.

    Əfsanə Ələkbərova beynəlxalq ictimaiyyətin hələ də Xocalı faciəsinə lazımi hüquqi qiymət vermədiyindən təəssüflənir:

    “Xocalı faciəsi göstərdi ki, həyat tərzi qan içməkdən ibarət olan ermənilər uşaq qatilidirlər. Onlar hüquq qarşısında cavab verməlidirlər. Mən inanıram ki, “Xocalıya ədalət” deyən, Xocalı üçün ədalət axtaran “Xocalıya ədalət” kampaniyası bundan sonra – XOCALIYA QAYIDIŞ kampaniyasına çevriləcək. Doğma torpaqlarımıza böyük qayıdış baş tutacaq”.

    Ailə üzvlərini faciə gecəsi itirən Səidə Ələkbərova hesab edir ki, anım gününün Xocalıda keçirilməsi şəhidlərin də ruhunu şad edərdi:

    “Faciənin canlı şahidi kimi illərdir bu günlərin arzusuyla yaşayırdım. Xocalıda atam və anam, bacım və bacımın övladlarını şəhid vermişəm. Qayınatamdan hələ də bir xəbər yoxdur. Əzizlərimi itirdim, girovluq həyatı yaşadım. Məni bu ağrılı-acılı vəziyyətdə yaşadan Qarabağımıza, Xocalımıza qayıtmaq istəyi olub. Çəkdiyimiz bütün əzab-əziyyətlərə baxmayaraq, torpaqlarımızın azad olacağına həmişə inanmışıq. Bu sevinci bizə yaşadan Ali Baş Komandanımıza və mərd Azərbaycan oğullarına minnətdaram. Xocalının anım gününü orada qeyd etsək, bu şəhidlərimizin ruhunu da şad, edər. Onlar yatdıqları yerdə rahatlığa qovuşarlar”.

    Xocalı sakini Vəsilə Məhərrəmova isə 29 il keçməsinə baxmayaraq, hələ də yaşadığı acını unutmayıb. O da tezliklə Xocalısına qayıtmaq istəyir:

    “Elə bilirəm ki, valideynlərim, atam-anam mənim yolumu gözləyir. Onların şəhid olduqlarına inanmaq istəmirəm. Əgər anım günü doğma torpaqlarımızda keçirilsə, canla-başla bu təklifin reallaşmasında iştirak etməyə hazıram”.

    Digər Xocalı sakini Validə Orucova da torpaqlarına dönəcəyi günü səbirsizliklə gözləyir. O, bildirib ki, 26 fevral tarixini bu il Xocalıda keçirilməsini arzulayır:

    “Bunu çox istərdim. Sürünə-sürünə də olsa, o torpaqlara gedərdim. Təəssüf ki, bu il alınmadı. Mən elimə-obama getməyə hazıram. Talan olunmuş, viran qoyulmuş, inildəyən torpaqlarımız üçün, bizsiz qalan, bizim üçün qəribsəyən yurd yerlərimiz üçün çox darışmışam. Deyərdim ki, mənim canım ordadır”.

    Validə Orucova deyir ki, Xocalıya dönəcəyi, yenidən həmin torpaqlara ayaq basacağı gün hansı hisslər keçirəcəyini təsəvvür belə edə bilmir:

    “Mənə elə gəlir ki, elə həmin gün sevincimdən ölərəm, ürəyim partlayar. Mən o torpaqlarda böyüyüb boya-başa çatmışam. Ailə qurmuşam, övlad dünyaya gətirmişəm. Vaxtilə yaşadığım bir şəhər, bir kənd üçün hər şeyimi - canımı da verməyə hazıram. Evim Xocalı hava limanının yaxınlığında idi. Orada bir təpə var idi, ortası haça. Ona Haçatəpə deyirdik. Elə bilirəm ki, bircə dəfə o Haçatəpəyə çıxıb yaşadığım kəndə baxsam, bəlkə də nitqim quruyar, dilim batar. Yenidən o torpaqlara getmək ən böyük arzumdur. Qələbədən sonra bu arzumuzun gerçəkləşməsinə inanırıq. Yəqin ki, Prezidentimiz, Ali Baş Komandanımızın səyi nəticəsində həmin günləri tezliklə görəcəyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR