AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xocalı soyqırımından 29 il ötür

  • + A
  • - A
  • 26-02-2021, 08:43



    Bu gün Xocalı soyqırımının törədilməsinin 29 ili tamam olur.

    1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı törədib.

    Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

    Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında Sovet ordusunun 366-cı alayının 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak edib ("Xocalının işğalına dair istintaq materiallarından").

    Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib.

    Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.

    Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri də dəhşətə gətirib.

    Bu il Xocalı soyqırımın ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri işğaldan azad edilib, qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən Azərbaycana qaytarılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR