AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Vətən müharibəsində əsas yükü gənclərimiz çəkdilər” - MÜSAHİBƏ

  • + A
  • - A
  • 4-03-2021, 11:42



    Ölkə Prezidenti yerli və xarici media təmsilçiləri üçün keçirdiyi mətbuat konfransında bütün suallara cavab verdi və çox maraqlı məqamlara toxundu.

    Bu məqamalardan biri də son 17 ilin Azərbaycan gəncliyi ilə bağlı oldu. Dövlət başçısı son 17 ilin gəncliyini yüksək dəyərləndirdi.

    Bəs, bu gənclik özündə hansı xüsusiyyətləri cəmləşdirir? Müsahibimiz Milli Məclisin deputatı, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, karate üzrə 9-cu dan Qara kəmər ustası Ülvi Quliyevdir.

    - Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında Azərbaycan gəncliyinə xüsusi yer ayırdı, son 17 ildə yetişən nəslin torpaqlarımızın işğaldan azad olunmasında müstəsna xidmətini qeyd etdi. Sizcə, məhz bu illər ərzində formalaşan Azərbaycan gəncliyinin əsas keyfiyyətləri hansılardır?

    - Şübhəsiz ki, Vətən, torpaq sevgisi, dövlətə inam və vətəndaş məsuliyyəti. Bu keyfiyyətlər yeni nəsildə daha qabarıqdır. Bugünkü Azərbaycan gəncliyinin Vətənə, torpağa, dövlətə bağlılığı o dərəcədə səmimidir ki, onların bu hisslərinin təbiiliyinə zərrə qədər şübhə yeri qalmır. Ötən il Ermənistan Tovuz istiqamətində növbəti hərbi təxribatı törədəndə Azərbaycanda, Bakıda nələrin baş verdiyini təkcə özümüz yox, düşmən də, havadarları da, bütün dünya gördü. Yadınızdadır, küçələrə axışan onminlər? Onların mütləq əksəriyyəti gənclər idi. Azərbaycan gəncliyinə heç kim deməmişdi ki, meydanlara axış. Onlar öz ürəklərinin səsinə qulaq asıb Vətən, torpaq, Qarabağ naminə yürüşə çıxmışdılar. Gənclərimizin bu yürüşü əsl Vətən sevgisi, vətənpərvərlik nümunəsi idi. Gənclik emosional güc deməkdir. Lakin həmin günlərdə bu emosionallıq pafosdan, yalançı hisslərdən çox-çox uzaq idi. Onlar heç bir hərəkəti görüntü xatirinə etmirdilər. Vətən müharibəsi günlərində əsas yükü də gənclərimiz çəkdilər. Onların çoxu heç Qarabağın üzünü görməmişdi, suyunu içməmiş, havasını udmamışdı. Amma Qarabağın, milli qürurumuzun xilası gənclərimizin amalına çevrilmişdi. Bu cür hisslər təsadüfən formalaşmır. Gənc nəsil görəndə ki, onun güclü dövləti var, Aprel döyüşlərində görəndə ki, onun Ali Baş Komandanının düşmənin belini sındırmağa qətiyyəti var və bunda israrlıdır, Münhen Təhlükəsizlik Konfransında görəndə ki, onun Prezidenti düşmən ölkənin baş nazirini kəkələməyə vadar edir, təbii ki, məhz belə şərtlər altında formalaşan gənclik vətənpərvər ruhda yetişir, dövlətinə və Prezidentinə qəlbən inanır, güvənir. Bütün dövrlərdə gənclər üçün önəmli məsələlərdən biri gördükləri nümunə olub. Bugünkü gənclik həmin nümunəni öz Ali Baş Komandanının qətiyyətli addımlarında gördüyü üçün, Vətən müharibəsinə yalnız qələbə və qisas naminə çıxmışdı. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza şəfa, qazilərimizə uzun ömür arzu edirəm. Müharibədə düşmənə aman verməyən gənclərimiz sübut etdilər ki, ermənilərin özləri haqqında düşündükləri bir mifdir, xalqımız döyüşkən xalqdır və öz haqqını heç kimə verən deyil,milli qürurunu da qorumağa qadirdir.

    - Ülvi müəllim, bugünkü Azərbaycan gəncliyinin fiziki hazırlığını, idmana marağını necə qiymətləndirirsiniz? Çünki, özünüz bu sahənin ən tanınmış nümayəndələrindənsiniz.

    - Əsas olan ruhdur, daxili inamdır. Gənclərimizin ruhunu, qələbəyə inamını və fiziki hazırlığının səviyyəsini müharibədə təkcə özümüz və düşmən yox, bütün dünya gördü. Azərbaycan bir çox dövlətlərə nümunə ola biləcək idman ölkəsidir. Pandemiyaya qədər Vətənimizdə keçirilən neçə-neçə beynəlxalq yarışların, 2015-də Avropa, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının şahidi olmuşuq. İdmançılarımızın qələbəsi münasibətilə Azərbaycan bayrağı ucaldılanda, dövlət himnimizin sədalarını eşidəndə hər dəfə hər birimiz fərəh hissi yaşamışıq. Son 17 il ərzində gənclərimiz bu cür anları bizlərə tez-tez yaşadıblar. Bayaq dediyim kimi, həyatda heç nə, xüsusən də böyük qələbələr təsadüfən ərsəyə gəlmir. Hər bir qələbənin arxasında böyük zəhmət, peşəkar müəllimlərin keçirdiyi məşqlər dayanır. Bütün sahələrdə olduğu kimi,əgər idmana da dövlətin qayğı və diqqəti indiki səviyyədə olmasaydı, idmançılarımızın qələbələri ənənə halını almazdı. Ölkəmizin elə bir guşəsi yoxdur ki,bu illər ərzində orada ən müasir standartlara cavab verən Olimpiya İdman Mərkəzləri tikilib gənclərimizin istifadəsinə verilməsin. Yeri gəlmişkən, ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü də məhz Prezident İlham Əliyevin təşəbbüsü və sərəncamı ilə 2005-ci ildə təsis olunub. Dövlət qayğısı dedikdə, həm də bu cür qərarları, real əməlləri nəzərdə tuturam. Qarşıdan 5 mart İdman Günü gəlir. Bu münasibətlə bütün idmançılarımızı, məşqçiləri, müəllimlərimizi, bütövlükdə Azərbaycan gəncliyini səmimi qəlbdən təbrik edir, dövlətimiz və xalqımız adına yeni-yeni qələbələr arzulayıram. Onu da bilirəm ki, idmançılarımızın pandemiya ilə bağlı narahatlıqları var. Əksər yarışlar təxirə salınıb. Obyektiv məhdudiyyətlər bütün sahələrdə olduğu kimi, idmana da şamil olunur. İdman isə rəqabət deməkdir, sağlam rəqabət və ədalətli qələbə. İnşallah dünya bu bəladan xilas olsun,hər şey təbii axarına düşər.

    “Vətən müharibəsində əsas yükü gənclərimiz çəkdilər”


    - İdmançı gənclərimizin, bütövlükdə gəncliyin təhsilə, elmə olan maraq səviyyəsini, dünyagörüşünü necə qiymətləndirirsiniz?

    - Təəssüf ki, hər yerdə olduğu kimi, bizim cəmiyyətdə də müəyyən stereotiplər var. Bəzilərinin idmançılara yanaşması belədir ki, biz idmançıları yalnız fiziki hazırlıq, fiziki güc düşündürür. Əsla belə deyil. Əksinə, təsadüfən deyilmir ki, sağlam bədəndə sağlam ruh olar. Həmin ruh idmançılarımızı sövq edir ki, həyata sağlam gözlə baxsınlar, özlərini peşəkar idmandan sonrakı dövrə hazırlasınlar. Bunun üçün isə təhsilli, elmli,dünyagörüşlü olmaq gərəkdir. Bu illər ərzində yüzlərlə idmançımız sübut edib ki, cəmiyyətimizə başqa sahələrdə də faydalı olmaq üçün elmi hazırlıqları,mütərəqqi dünyagörüşləri var. Lakin bir məsələyə toxunmaq istərdim. İnternet dövründə yaşayırıq, istənilən məlumata dərhal yetişə bilirik. Təəssüf ki, texnologiyaların inkişafı mütaliəyə olan marağı səngidib. Daha çox mütaliə etmək lazımdır.Bu,təkcə idmançılara aid deyil.

    - Ülvi müəllim, bundan sonrakı Azərbaycan gəncliyində hansı keyfiyyətləri görmək istərdiniz?

    - Prezident İlham Əliyev mətbuat konfransında qələbəmizi şərtləndirən amilləri sadalayarkən xüsusi olaraq bunu qeyd etdi: “Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır. Yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var. Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib Vətən uğrunda. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər”.

    Prezidentimizin xüsusi önəm verdiyi, vurğuladığı bu fikirlərə istinadım təsadüfi deyil. Gələcək nəsillər də bilməlidirlər ki, Vətən müharibəsində qələbə məhz onlar kimi gənclərimizin həyatı,qanı,qəhrəmanlığı hesabına qazanılıb, bu cür fədakarlıqlar bahasına milli qürurumuz xilas edilib. Düşmən üzərində qələbənin əldə olunması hansı şücaəti və fədakarlığı tələb edirsə, qələbəmizin qorunması da eyni keyfiyyətlərə malik olan gələcək nəsillərdən asılıdır. Bu məsələdə yük və əsas məsuliyyət yenə də gəncliyin üzərinə düşəcək. İnanıram ki, gələcək nəsillərin Vətən sevgisi, dövlətimizə bağlılığı və öz dövlət rəhbərinə inamı indiki Azərbaycan gəncliyinin yaşatdığı səviyyədə olacaq. Arzu edirəm ki, adət-ənənələrimizi, mənəvi dəyərlərimizi göz bəbəyi kimi qorusunlar. Çünki, hər bir qələbədə haqqın və mənəvi dəyərlərin xüsusi çəkisi olur. İnanıram ki, gələcək nəsillər indikindən də sağlam ruhlu, elmli və təhsilli olacaq. Çünki o nəsli yetişdirəcək, onlara tərbiyə verəcək, ənənələrimizi ötürməli olacaq insanlarımız artıq bu illər ərzində yetişib, möhtəşəm Qələbəmizin əldə olunmasında məhz onlar qəhrəmanlıq göstərib. Bugünkü Azərbaycan gəncliyi sübut etdi ki, torpaq həqiqətən də uğrunda ölən varsa Vətəndir, dövlətə inam olan məmləkətdə isə Qələbə mütləqdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR