MASALLIYA SALAM SÖYLƏ... (essevari düşüncələr)
Nurəddin Ədiloğlu yazır:
Tələbə yoldaşım, şair-publisist Həzi Həsənli mənə deyir ki, milli papaq sənə çox yaraşır, köşə yazılarındakı papaqla çəkdirdiyin şəkillərdə çox möhtəşəm görünürsən... Bu gün ictimai nəqliyyatda işə gedəndə Həzinin həzin bulaq kimi ruhunun dərinliyindən gələn özünəxas səslə və təmkinlə dediyi bu sözü xatırladım. Cavan bir oğlanın ədəb-ərkanla ayağa qalxıb mənə əyləşmək üçün yer təklif etməsi də görünür ki, təkcə yaşlı adama deyil, həm də başımdakı milli papağa hörmət və ehtiramın ifadəsi idi. Mən də ona ucadan “sağ ol” deyib ürəyimdə DƏDƏMİN RUHUNA rəhmət oxudum. Dədə dediyim atam dünyasını dəyişəndən sonra qardaşlarımdan kiçiyinə evi, ortancılına mal-qarası, mən də milli papağı miras qalmışdı. Sazın-sözün vurğunu olan tələbə yoldaşımın sözünə qüvvət, bu milli papağı qoyanda özümü elə ömrümün dədəli-nənəli bəxtəvər çağlarımdakı kimi məmnun və arxayın hiss edirdim.
Təki Allah hər gün tıxaclarda hədər keçən vaxtımızı ömrümüzə yazmasın!.. Şəhərdə ucu-bucağı göünməyən tıxaclar nə başdakı papağa baxır, nə də qocaya-cavana... Bax budur, yenə “Bakıbus” avtobusu şəhərin mərkəzi küçəsində “addım - addım” gedir. Üstəlik içəridə yaman bashabasdır. Adamlar karantin rejiminə əməl edib, maska taxsalar da, burun-buruna dayanıblar. Paytaxtın ictimai nəqliyyatlarında sosial məsafədən əsla söhbət gedə bilməz. Üstəlik hamı narazıdır, hamı deyinir. Fəqət sürücünün dediyini sərnişinlər, sənişinlərin dediklərini sürücü həzm etmir. Arada hər iki “səngərdən” hökümətin və Bakı Nəqliyyat Agentliyinin ünvanlarına güllə kimi söyüşlər yağdırılır. “Bu əbləhlərin fikri nədir, bilmək olmur? 100-150 nəfər adamı avtobuslara doldurmaq olar, amma geniş şadlıq evlərində 50-60 adam yığışıb oğul-qız toyu edə bilməz?!” Kimsə siyasi sayıqlıq göstərib ÜST-ü, yəni Ümumdünya Səhiyyə Təşkilatını topa tutur... Başqa biri, “yox” deyir, “bu, dünyanı PULLA idarə edən mafiozlarının oyunudur...” Hamı filosofluq edir, yolboyu xoruz səsi eşitməmiş elə söhbətlər edirlər ki, bəzən qələm adamı olduğuna utanırsan...
Əsl mərəkkə avtobusdan enəndən sonra qopur. İş yerinə yolum 20 Yanvar metrosunun yaxınlığından ötüb gedir. Səhər tezdən buradan müxrəlif istiqmətlərə sərnişin aparan şəxsi maşın sürücülərinin cingiltili səsləri aləmi bürüyür. Kimi “Koroğlu” çağırır, kimi “Qarayev”, yolun o biri tərəfində ucadan “Müşfiq”, “Yeni qəsəbə”, “Qobu park” deyə qaraqışqırıq salan sürücülər də az deyil...
Əlimdəki “notbuk” çantasını görcək bir gənc “Masallı, Masallı...” deyə-deyə mənə yaxınlaşır: “Əmi, qabaqda bir yerim qalıb!” Ayaq saxlayırm, maşallah, pəhlivan cüssəlli oğlandı. “Masallıya neçə saata çatırsan?” Cavan oğlan məni potensial müstərisi zənn edib, sevincək cavab verir: “Uzağı ikicə saata ordayıq.”
İki saata... Nə yaxşı, deyə düşünürəm, mənimsə Bakının bu başından o başına işə gedib -gəlmək üçün 3 - 4 saat vaxtım gedir. Orta hesabla hər ilin 1 ayından çoxunu tıxaclarda keçirirəm. Bu, 10 il ərzində 1 ildən çox edir. Belə çıxır ki, Bakıda 60-70 il yaşayan adamın ömrünün 6 -7 ili tıxaclarda keçir. Ürəyimdə tıxaclarda hədər keçən ömrümün illərinə heyfislənib fikrə dalıram. Tarixi mövzuda olan 350 səhifəlik “Taxt və tabut” romanını yazmağa 4 ilə yaxın vaxt sərf eləmişdim. Demək, tıxaclar olmasaydı, iki-üç kitab da araya-ərsəyə gətirmək olardı...
“Əmi, siz aşıqsız?” sürücünün qəfil sualı məni daldığım düşüncələrin qoynundan ayırdı. Başımı bulayıb gülümüsündüm: “Yox!” Rəhmətliyin nəvəsi, yaxşı ki, məni mollaya, axunda oxşatmadı... Bu zaman “Cəlilabad”, “Biləsuvar” və başqa rayonların adlarını çağıra-çağıra daha bir neçə sürücü mənə yaxınlaşdı. Dedim: “Ay cavanlar, belə hündürdən qışqırmadansa əlinizə gedəcəyiniz rayonun adı yazılmış balaca lövhələr götürün...” Mən onlara Riqa şəhərində latış sürücülərin öz maşınlarının yanında sakitcə dayanıb əllərində getdikləri şəhərlərin adı yazılan lövhələr tutduğunu söyləyəndə biri səbirsizlik edib sözümü kəsdi: “Eh ay əmi, sən nə danışırsan? Bizdə belə şey alınmaz, latışlar almanlar kimi, dəqiq və mədəni xalqdı”-dedi. Dedim: “Amma biz onlardan da qədim xalqıq... Hətta bir çox Avropa xalqlarının əcdadları sayılırıq...”
QARAQIŞQIRIQLA PUL QAZANAN CAVANLAR
təklifimi qulaqardına vurub, yenə hay-küy sala-sala öz dilləri ilə desəm, “klent tutmağa” davam etdilər. Masallıya getməyə sərnişin axtaran sürücü isə məndən: “Bəs siz Masallıya getmirsiniz?” - deyə soruşdu. Masallı üçün burnumun ucu göynəsə də, dünyada tüğyan edən PANDEMİYA dövründə rayona bir dəfə də getməmişdim. “Bayaq dedin ki, 2 saata Masallıya çatırsan?” O, yenə həvəslə cavab verdi: “Hə, əgər yolda çay içməyə dayanmasaq, iki saata Masallıdayıq.” Dedim: “Cavan oğlan bir halda ki, sən məni aşığa bənzətdin, onda qoy səndən Masallıya aşiqanə bir ismarıc yollayım:
Masallıya salam söylə, UCADAN,
Tıxaclarda can çürüdən QOCADAN,
Üzümzə bağlanıb çox “qapılar...”
Qədə-qədə ruhum çıxır BACADAN...
Lap yaxınlığımızda dayanan və biz az əvvəl “Koroğlu” qışqıran cavanlardan biri çırtıq çala-çala Koroğlu kimi nərə çəkib ismarıcımı meyxana kimi oxumağa başladı:
Masallıya salam söylə, ucadan,
Tıxaclarda can cürüdən qocadan...
“Yaxşı yol” deyib masallılı sürücüdən aralanıb yoluma davam edirəm. Ətrafda əli-qolu sarıqlı, qoltuq ağacını yaralı ayaqlarına dayaq edən əsgərlər görünür. Onlar yaxınlıqdakı hərbi hospitalda müalicə alıb evlərinə dönən İkinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Bizə QƏLƏBƏ bəxş etmiş bu qazilər adətən,“xalturaçı” sürücələrdən onlara güzəşt etmələrini xahiş edirlər. Məsələn, Masallıya adambaşı 10 manatdırsa, onlar 7-8 manat təklif edirlər. İnsaflı sürücülər, “heç pul verməsən də olar” – deyirlər. Amma elə o yaralı əsgərlərlə yaşıd olan insafsız sürücülər də var...
ÜRƏK CAMIŞ GÖNÜ DEYİL Kİ...
Yeraltı keçidin girişində “Sumqayıt”, “Masazır” qışqıran sürücülərin “səddini yarıb” aşağı enirəm. Sonra Həsən bəy Zərdabi küçəsinə çıxıb redaksiyaya sarı addımlayıram. Respublika Uşaq Klinik Xəstəxanasının yaxınlığında ortayaşlı bir xanım yolun kənarında dayanmış taksi sürücüsünə yaxınlaşıb soruşur: “Qardaş, məni Biznes Universitetinə neçəyə apararsan?” Sürücü saymazyana “5 manat” deyir. Şəhərə nabələd qadını aldatmaq istəyən sürücünün bivecliyi yadıma Nazim Hikmətin bir kəlamını saldı: “Ürək deyilmiş bu, camış gönündən çarıqmış...” Hər halda mənim köksümün altında gəzdirdiyim CAMIŞ GÖNÜ deyil, ÜRƏKdi... Özü də yumruq boyda xalis ətdəndir...
Üzümü həmin qadına tutub dedim: “Xanım, arxamca gəlin, Biznes Universiteti bura yaxındır...” Taksi sürücüsü məni acıqlı baxışlarla süzdü. Yəqin daxilində çörəyinə bais olduğuma görə qəzəblənmişdi. Amma başımdakı milli papağa baxıb əsəbini birtəhər boğdu. Bax, elə bu məqamda mən dədəmin ruhuna bir də rəhmət oxuyuram. Milli papaq zirehli qalxan kimi sürücünün mənə tuşladığı qəzəb oxlarının qarşısını almışdı... Onun 300 addımlıq yola 5 manat istəməsi isə təkcə insafsızlıq deyildi, həm də TAMAH hissindən doğulan YALAN idi. Yaponlarda belə atalar sözü var: “Yalan – oğurluğa atılan addımdır.” Bizim məmləkətdə YALANLA TALAN həmqafiyədir. ƏN KİÇİK YALAN ƏN BÖYÜK TALANA GEDƏN YOLDA mavi işıq yandırır. Yalanla milyardları talayanlarda isə mərhəmət hissi olmur...
QƏM PƏNCƏRƏSİ, NEVROZ GÖRÜNTÜLƏR VƏ...
...Axşamüstü işdən evə gedəndə Bakınını köbəyində - 28 May metrosunun qarşısındakı meydanda müştəri səsləyən sürücülərin də gur səsi eşidilir. Ara vermədən “Həzi Aslanov”,“Koroğlu”, “Hovsan”, “Günəşli” qışqırırlar. Polislər qaraqışqırıq salanlara mane olmurlar. Müasir dövrdə həyasızlıq bütün sahələrdə çörək pulu çıxarmaq üçün ən böyük reklamdır. Adamı nevroz edən bu mənzərənin fonunda isə marşrut avtobusların dayanacaqlarında həmişəki kimi adam əlindən tərpənmək mümkün deyil. Əslində pandemiya təhlükəsi olmasa mənim fikrimcə, ictimai nəqliyyatda ayaq üstə işə -gedib gəlmək arıqlamaq üçün ən yaxşı “idman növüdür.” Amma avtobuslardakı sıxlıq yoluxma riskini dəfələrlə artırır. Mən də sağlamlığımı düşünərək “Sprinter” adlanan "Mercedes-Benz" mikroavtobusuna yaxınlaşıram. 21 saylı marşurutun yolu ilə gedən mikroavtobusdə az adam olsa da, yenə hamı, Bakı Nəqliyyat Agentliyinin, hökümətin qarasınca deyinir. Hətta susanların çatılmış qaşları da kaman kimi gərilib.
Kirpikləri ox kimi sancılmağa hədəf axtarır. Axı mənim kimi maaşları bu aydan o biri aya güclə çatan bu adamlara gündə 2 manat yol pulu vermək ağır gəlir. Ürəyimdə ilin əvvəlindən nəşrə hazırladığım, fəqət çapı PULSUZLUQ ucbtından yubanan “Sözün müharibə rəngi” adlı kitabımı, bir ay ərzində ödədiyim kommunal xərcləri, gündən-günə qiyməti artan tələbat mallarının haqq-hesabını apara-apara qəm dəryasına qərq oluram. Bu adi QƏM deyildi, 100 il əvvəl böyük Mirzə Cəlilin qələmə aldığı “Danabaş kəndinin müəllimi” komediyasındakı QƏMLƏ əkizdir. Nəsillər dəyişir, biz qocalırıq, amma ötən əsrin “Qəm pəncərəsi”ndən bu günümüzə boylanan böyük USTAD “Molla Nəsrəddin”lə birlikdə həmişə cavan qalacaqlar...
Mənimsə xəyalım Bakının tıxaclarında yorğun düşmüş ruhumun QƏM PƏNCƏRƏSİNDƏN (BACASINDAN) çıxıb doğma ata-baba yurdumun göylərində qanad açır və cənnət misallı Masallıya ucadan SALAM söyləyir...
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR