İllər keçsə də, nə tarix, nə də xalqımız bu vəhşilikləri unutmur, soyqırım qurbanları ehtiramla yad edilir
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
1918-ci il mart soyqırımından bizi 103 il ayırır. Ermənilərin mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə illərlə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin birbaşa dəstəyi altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Məhz Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də aydın göstərirdi. Elə buna görə də S.Şaumyan Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək, xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, "Müsavat" partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara "dərs vermək" istəyirdi.
Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksutyun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi.
Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədə pulemyotlar qoyulmuşdu.
Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər.
Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirdilər.
Tariximizi çox gözəl bilən, erməni xislətinə bələd olan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Vətən Müharibəsinin Zəfər Qələbəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızı, dağıdılan şəhər və kəndləri, tarixi abidələri gördükcə, erməni vəhşiliklərinin bir daha şahidi oluruq. Təəssüf ki, onlar ötən yüzillikdə mart soyqırımı ilə kifayətlənmədi, Xocalı faciəsində də öz vəhşiliklərini bir daha törətdikləri əməllərlə sübut etdilər.
İllər keçsə də, nə tarix, nə də xalqımız bu vəhşilikləri unutmur, soyqırımı qurbanları ehtiramla yad edilir. Diplomatik nümayəndələrin işğaldan azad olunmuş ərazilərə dəfələrlə təşkil edilmiş səfərlərində də, ölkəmizlə əməkdaşlıq edən dövlətləri təmsil edən diplomatlar erməni vəhşiliklərini öz gözləri ilə görür, Azərbaycanın haqq səsini, ermənilərin tikililərə, tarixi abidələrə qarşı törətdiyi vəhşilikləri öz ölkələrinə çatdıracağına ümid edirik. Azərbaycan dövləti etibarlı əllərdədi, güclü dövlətimiz, bacarıqlı dövlət başçımız, peşəkar ordumuz var. Xalqımız bir daha bu faciələri yaşamayacaq, əməlləri ilə soyqırımı qurbanlarının ruhunu şad edəcəklər.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR