18 yaşlı amerikalı 300 ildən çox davam edən dünya rekordunu yenilədi

ABŞ vətəndaşı Natan Tomas rəsmi olaraq kollec tarixinin ən gənc professoru kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, 18 yaş 346 günlük olarkən kollecdə dərs deməyə başlayaraq 300 ildən artıq qüvvədə qalan rekordu qırıb.
2023-cü ilin avqustunda Tomas Florida ştatındakı Miami Dade College-də onlayn dərslər keçməyə başlayıb. Həmin vaxt onun hələ 19 yaşı tamam olmamışdı ki, bu da ona yeni dünya rekordu qazandırıb.
Bundan əvvəl kişilər arasında rekord 300 ildən çox əvvəl 19 yaşında professor olmuş şotland riyaziyyatçısı Kolin Maklorenə məxsus idi.
Natan Tomas həmçinin 2008-ci ildə dünyanın ən gənc qadın professoru adına layiq görülən amerikalı Aliyə Saburdan da 16 gün daha gənc yaşda professor olub.
Tomasın akademik uğurları erkən yaşlarından başlayıb. O, cəmi 10 yaşında Miami Dade College-ə qəbul olunub, 14 yaşında isə Florida Beynəlxalq Universitetinə köçürülüb. 18 yaşına çatanda artıq elektrik mühəndisliyi üzrə magistr dərəcəsi əldə etmişdi.
Hazırda o, müəllimlik fəaliyyətini Mayami Universitetinin hüquq fakültəsində təhsili ilə paralel davam etdirir. Tomas hüquq doktoru dərəcəsi almağa hazırlaşır və gələcəkdə elm və texnologiyalarla bağlı əqli mülkiyyət hüququ sahəsində ixtisaslaşmağı planlaşdırır.
Natan Tomasın sözlərinə görə, mühəndislik təhsili ona mürəkkəb problemləri sistemli şəkildə təhlil etməyi öyrədib və bu yanaşma hüquq təhsilində də ona böyük üstünlük qazandırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.