AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT-lərin gözləntisi doğrulacaqmı – Şuradan Agentliyə keçid

  • + A
  • - A
  • 21-04-2021, 22:35


    Ya da yeni Agentlik QHT sektoruna nə kimi töhfələr verəcək?

    Prezident İlham Əliyev qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb.

    Fərmanda qeyd olunur ki, Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək. Şura üzvlərinin 8 nəfəri qeyri-hökumət təşkilatlarının, digər 3-ü isə dövlət orqanlarının nümayəndələrindən ibarət olacaq. İcraçı direksiyaya isə Müşahidə Şurasının vəzifəyə təyin və azad etdiyi İcraçı direktor rəhbərlik edəcək. Qurumun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək.

    Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası 2007-ci ildə yaranıb və bu müddətdə minlərlə qrant layihəsini maliyyələşdirib. Şuranın yaradılmasından öncə isə Prezidentin sərəncamı ilə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası qəbul edilib.

    AYNA Azərbaycanda QHT sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri, Agentliyin gələcək fəaliyyət istiqamətləri və yeni yaranan qurumdan gözləntilərlə bağlı ekspertlərin fikirlərini öyrənib.

    Milli Məclisin üzvü Məşhur Məmmədov QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılmasını təqdir edir. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatlar bütün sahələrdə müşahidə olunur: “2018-ci ilin prezident seçkilərindən sonra inauqurasiya çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmizdə ciddi islahatlar həyata keçiriləcək. Bu günlərdə cənab İlham Əliyevin yenidən Prezident seçilməsinin üç ili tamam oldu. Bu müddətdə Azərbaycanda köklü institusional, siyasi, iqtisadi, kadr islahatları həyata keçirildi. İslahatlar hakimiyyətin bütün qollarını – icraedici, qanunverici, məhkəmə və digər sahələri əhatə edib. Eyni zamanda şəffaf və optimal idarəetmə sisteminin təşkili məqsədilə Azərbaycan İnvestisiya Holdinqi təsis edilib. Düşünürəm ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması da bu xüsusda təsadüfi sayıla bilməz. Yəni, ümumi islahatlar prosesinin tərkib hissəsidir”.

    Agentliyin gələcək fəaliyyətindən danışan deputatın bu qurumdan gözləntiləri böyükdür: “Bilirsiniz ki, vətəndaş cəmiyyəti institutları, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan qeyri-hökumət təşkilatları kifayət qədər həssas fəaliyyət sahədir. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, “xarici oyunçular” hər hansı digər dövlətlə bağlı öz maraqlarını həyata keçirən zaman bu seqmentə xüsusi önəm verirlər. Elə uzağa getməyək, Soros Fondunun fəaliyyəti buna əyani misaldır. Hesab edirəm ki, Agentlik ölkədə fəaliyyət göstərən QHT-lər arasında şəffaf, ədalətli, o cümlədən cəmiyyətin inkişafına yönəlik layihələr həyata keçirməlidir. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, ictimai nəzarət mühiti təmin olunmalıdır. Bu mənada yeni Agentliyin üzərinə böyük məsuliyyət düşür”.
    Ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud da düşünür ki, Prezidentin son sərəncamı bu sahədə ciddi dəyişikliklərin əsasını qoyacaq: “Ən ciddi məqamlardan biri də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə ictimai nəzarəti təşviq etmək səlahiyyətinin verilməsi ilə bağlıdır. Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev dövlət qurumları üzərində ictimai nəzarətin təşkil olunması ilə bağlı dəfələrlə açıq çağırışlar edib. İctimai nəzarət dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlılığı artıra biləcək çox önəmli instrumentdir. İctimai nəzarətin əsas komponentlərindən biri də ictimai şuralardır. Bildiyimiz kimi “İctimai iştirakçılıq haqqında” qanuna müvafiq olaraq həm bir çox mərkəzi, həm də bəzi yerli icra qurumlarının yanında ictimai şuralar yaradılıb. Bu proses bu gün də davam edir”.

    “Həmin şuraların fəaliyyətinin təyinatı üzrə qurulması, effektivliyinin və çevikliyinin təmin olunmasına ehtiyac var. Agentlik öz Nizamnaməsinin 2.1.5. bəndinə əsasən qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etmək səlahiyyətinə malikdir. Cənab Prezidentin bu fərmanı qurumun fəaliyyətinin müasir standartlara, yeni çağırışlara uyğunlaşdırılması, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsi, QHT-lərin fəaliyyətinin stimullaşdırılması baxımından mühüm addımdır. Bilirsiniz ki, QHT-lərə Dövlət Dəstəyi Fondu 2007-ci ildə yaradılsa da, onun statusu tam bəlli deyildi. Agentliyin isə statusu Nizamnamədə əksini tapıb. O, publik hüquqi şəxsdir. Agentlik Şuradan fərqli olaraq daha konkret və daha geniş istiqamətlərdə fəaliyyət göstərəcək”, - deyə Behbud bildirib.

    Onun sözlərinə görə, yeni yaranan Agentlik öz fəaliyyətini dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirəcək: “Ölkəmizdə QHT layihələrinin maliyyələşdirilməsini QHT Şurası ilə yanaşı, bir sıra digər dövlət qurumları da həyata keçirir. Bu layihələrin effektivliyinin qiymətləndirilməsi, o cümlədən QHT-lərin həmin qurumlardan maliyyə dəstəyi almasının mexanizmləri ilə bağlı müxtəlif təkliflər səsləndirilirdi. Prezidentin bu fərmanı Agentliyə sözügedən istiqamətdə dövlət qurumları ilə koordinasiyalı və daha effektiv şəkildə fəaliyyət göstərmək imkanı verəcək. Agentlik bu layihələrin dəyərləndirilməsi və səmərəliliyinin artırılması ilə bağlı müvafiq hesabatlar hazırlayaraq aidiyyəti instansiyalara təqdim edəcək. Digər dövlət qurumları QHT layihələrinin maliyyələşməsinə Şuradan daha çox vəsait ayırır. Bu mənada Agentliyin qeyd olunan istiqamətdəki fəaliyyəti ölkə QHT-lərinin daha səmərli, cəmiyyət üçün aktuallıq kəsb edən layihələr həyata keçirməsinə gətirib çıxaracaq. Hesab edirik ki, Agentliyin yerli filial və nümayəndəliklərinin yaradılması, təkcə dövlət büdcəsindən deyil, digər mənbələrdən də maliyyələşmə imkanının olması, onun strukturunun daha geniş tərkibdə yenidən qurulması QHT sektorunun inkişafında keyfiyyətcə yeni mərhələnin başlanmasına önəmli təkan verəcək. Təbii ki, bu məsələlərdə QHT-lərin də üzərinə böyük məsuliyyət düşür. Onlar fəaliyyətini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, fəaliyyətlərində şəffaflıq və hesabatlığı artırmalı və ictimaiyyəti narahat edən mövzularla bağlı daha adekvat layihələrlə çıxış etməlidirlər”.
    “Media+” İctimai Birliyinin sədri Mətanət Ağamirlinin dediyinə görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması gözlənilən idi: “O səbəbdən ki, demək olar, bütün sahələrdə islahatlar aparılıb. Bundan öncə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında MEDİA Agentliyi yaradıldı. QHT-lərə Dövlət Dəstəyi Şurasının bazasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması da gözlənilən idi. Agentliyin səlahiyyətlərinin daha geniş olması gözlənilir. Eyni zamanda statusu da artıq bəllidir. Ölkədə həyata keçirilən çoxşaxəli islahatlar bu sektordan da yan ötməməli idi və cənab Prezident İlham Əliyevin dünən imzaladığı fərmanı alqışlayıram. Bu fərman QHT sektorunun qarşısında böyük imkanlar açacaq”.

    Agentliyin bu sahədə ciddi dəyişikliklər həyata keçirəcəyinə inamını ifadə edən təşkilat rəhbəri əmindir ki, bunun üçün uzun zaman lazım olmayacaq: “Çünki bu qurum QHT-lərə Dövlət Dəstəyi Şurasının bazasında yaradılıb. Şura da 12 ildən artıqdır fəaliyyət göstərir. Digər yandan “İctimai iştirakçılıq haqqında” qanunun qəbulu, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılması və bu sahəyə də nəzarətin yeni Agentliyə verilməsi, dövlət qurumlarının qrant layihələrinə nəzarət sisteminin tətbiqi şəffaflığa yol açacaq. Bu, QHT sektorunda keyfiyyətcə yeni mərhələdir və təbii ki, hər bir qeyri-hökumət təşkilatı öz fəaliyyətini təkmilləşdirməli və müasir dövrün tələbələrinə uyğunlaşdırmalıdır”.
    Qht.az saytının rəhbəri, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də Prezidentin sözügedən fərmanını QHT-lərin fəaliyyətində yeni mərhələ olaraq qiymətləndirir: “QHT-lərə Dövlət Dəstəyi Fondunun uğurlu fəaliyyəti ilə bağlı Prezidentin imzaladığı fərmanda bir sıra vacib məqamlar öz əksini tapıb. Şuranın Agentliyə çevrilməsi qurumun səlahiyyətləninin artırılması, ümumi nəzarət sisteminin tətbiqi, hüquqi statusun təmini baxımından bu fərman olduqca vacib idi”.

    “Agentliyin yeni Nizamnaməsində çox ciddi müddəalar öz əksini tapıb. Korporativ idarəetməyə keçid, Müşahidə Şurasında vətəndaş cəmiyyəti insitutlarının çoxluqda təmsil olunması mühüm amillərdir. Agentliyin vacib vəzifələrindən biri də onun fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi olacaq. QHT sektoru ilə bağlı vəziyyət haqqında təqdim ediləcək hesabat həm Agentliyin, həm də tərəfdaş QHT-lərin məsuliyyətini xeyli artırmaqla, ölkədə vətəndaş cəmiyyətinin daha da güclənməsini şərtləndirəcək”, - deyə QHT rəhbəri vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR