Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli xanım Prezident,
26 May – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Azərbaycan-Gürcüstan əlaqələri əsrlərdən bəri mehriban qonşuluq və dostluq şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində inkişaf edən və zəngin ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimizin əhatə dairəsinin daim genişlənməsi və bu gün strateji tərəfdaşlıq xarakteri daşıması xüsusi məmnunluq doğurur.
Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstana daim əmin-amanlıq və rifah diləyirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.