“Almaniya ordusu hər gün daha da inkişaf edən döyüş pilotsuz təyyarələrinin potensial hücumundan qorunmaq üçün zəif təchiz olunub”.
“Daily Sabah”ın məlumatına görə, bu barədə Almaniyada yerləşən analitik mərkəz, Beynəlxalq PUA bazarının və 44 günlük Dağlıq Qarabağ müharibəsində pilotsuz təyyarələrin oynadığı rolun analizlərindən sonra belə bir nəticəyə gəlib.
“Bir sözlə, Bundesver bu qarşıdurmada Azərbaycanla mübarizə aparsaydı heç bir şansı olmazdı”, - deyə Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun (GIDS) müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Maykl Karl bildirib.
“Döyüş dronları və kamikaze dronları kimi istifadə olunan silah sistemlərinə qarşı özümüzü yetərincə qoruya bilməzdik. Təkcə Hava Hücumundan Müdafiə Qoşunlarının olmaması bizim sonumuz olardı”, - deyə o, əlavə edib.
Ekspert Azərbaycanın işğal olunmuş torpaqlarını - Qarabağ ərazilərini böyük ölçüdə Türkiyə və İsrailin istehsal etdiyi pilotsuz təyyarələr sayəsində fəth etdiyini vurğulayıb.
“Azərbaycan Ermənistanla münaqişəsində Türkiyənin “Bayraktar TB-2”sini və İsrailin “Hermes 900”ünü istifadə etdi ki, bu da Bakıya havada üstünlük verdi”, - deyə zabit bildirib.
Mütəxəssisin fikrincə, bugünkü qarşıdurmada sağ qalmaq üçün Bundesverin əsasən Almaniyanın sahib olduğu, lakin silahlı qüvvələrdə istifadə olunmayan (səs sistemləri kimi) texnologiyalara ehtiyacı var.
2014-cü ildə Türk Silahlı Qüvvələrinin silahlandırılmasına verilən “Bayraktar TB-2” pilotsuz uçuş aparatları daha sonra sursatlarla təchiz olunaraq döyüş PUA-sı halına gətirilib. 93 faiz detalı Türkiyədə istehsal olunan sözügedən PUA hazırda Türkiyə, Ukrayna, Azərbaycan və Qətərdə ehtiyatda var.
Ekspertlərin fikrincə, səhra şəraitində istismara verilən “Bayraktar TB2” zamanla regionda oyun qaydalarını dəyişdirib: Türkiyənin terrorla mübarizə əməliyyatlarında gözləniləndən daha qısa müddətdə və daha az itki ilə uğur qazanmasının bu tip pilotsuz təyyarələrlə əlaqəli olduğu düşünülür.