Azərbaycanın Qarabağda dronlardan istifadəsi müharibə anlayışını dəyişdimi? - TƏHLİL
The National Interest, ABŞ
01.04.2021
Müəllif: Adam Leonq Kok Vey
Bu yaxınlarda baş vermiş Dağlıq Qarabağ müharibəsi dronların hökmranlığı, gələcək müharibələrdə mümkün dəyişikliklə bağlı böyük maraq və ajiotaj yaradıb.
Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna, zirehli texnikasına, artilleriyaya və hava hücumundan müdafiə sistemlərinə qarşı Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatı və İsrailin “Harop” “kamikadze” dronlarından geniş istifadə edib. İnternetdə yayılmış foto və videolar Azərbaycan dronlarının Ermənistanın hərbi birləşmələrinə ciddi dağıdıcı zərbələr endirdiyini aydın şəkildə sübüta yetirir. Nəticə də hər şeyi deyir. Hesablamalara görə, Ermənistan bu müharibədə 185 ədəd “T-72” tankı, 90 zirehli hərbi maşın, 182 artilleriya qurğusu, 26 ədəd zenit raket kompleksi və 14 ədəd radar itirib. Azərbaycanın itkisi isə cəmi 22 tank, 41 ədəd zirehli hərbi maşın və 25 drondur.
Azərbaycan Ordusunun uğurlu yerüstü əməliyyatı, o cümlədən dronlardan geniş istifadəsi nəticəsində meydana gəlmiş böyük dağıntı Ermənistan hökumətini sülhə razılaşmağa, bəzi mübahisəli əraziləri Azərbaycana təhvil verməyə məcbur edib.
Bəs Azərbaycanın dronlardan istifadəsi müasir müharibə anlayışını dəyişdimi? Strategiya tarixində buna cavab var.
Dronlar (ən azı mühərriki olan dron növləri) ilk dəfə Birinci Dünya müharibəsi zamanı sınaqdan keçirilib. O zaman dronlardan pilotlar və zenit raket artilleriyasının şəxsi heyətinin sərrastlığının yoxlanılması üçün hədəf kimi istifadə olunub. Dronlar digər müharibələr zamanı da istehsal edilib. Məsələn, Almaniya İkinci Dünya müharibəsi zamanı gəmi əleyhinə raketlər, həmçinin “V1” və “V2” raketləri hazırlanmışdı. Bunlar əslində, məsafədən idarə olunan pilotsuz uçuş aparatları idi. İkinci Dünya müharibəsi zamanı ən maraqlı dron ABŞ Hərbi Donanmasının istifadə etdiyi “Interstate TDR-1” pilotsuz uçuş aparatı olub. O, hərbi əməliyyatlar zamanı dronların effektli olduğunu təsdiqləmişdi.
“TDR-1” ilk öncə ABŞ ordusu üçün hədəf dronu kimi istehsal edilib. Daha sonra o, məlumatların məsafədən emalı, idarəçilik və məlumatların ötürülməsi sistemləri ilə təchiz olunub. “TDR-1” 2 min fut ağırlığında bomba və ya torpedo daşıya bilirdi. Bu dronlar onları izləyən “Grumman TBR Avenger” bombardmançı təyyarələrinin operatorları tərəfindən idarə olunurdu. ABŞ Hərbi Donanması “TDR-1” dronlarının Sakit okeanda Yaponiyaya qarşı istifadə edilməsi və sınaqdan keçirilməsi məqsədilə 3 ədəd xüsusi təyinatlı aviasiya qrupu (STAG) yaratmışdı. “STAG-1” 1944-cü ildə Buqenvil adasında yerləşdirilniş, hücum əməliyyatında istifadədən əvvəl burada sınaqdan keçirilmişdi. Sonda “STAG-1” üzləşdiyi şiddətli zenit raket zərbələrinə rəğmən, Yaponiyanın hərbi-dəniz və yerüstü hədəflərinə hücum edə bilmişdi.
Daha sonra ABŞ Hərbi Donanması “TDR-1”i “kamikadze” dron kimi istifadə etməyə başlayıb. O, ilk öncə hədəflərə bomba atır, bir müddət sonra isə bombardmaçı təyyarədəki operator onu digər hədəfə yönəldirdi. Bu zaman “TDR-1” hədəfi ona çırpılmaqla məhv edirdi.
Lakin “TBR-1”in mexaniki problemləri var idi. Üstəlik, dronun məsafədən effekli idarə edilməsi ilə bağlı da problemlər yaşanırdı. Hesabata əsasən, missiyanın uğuru 50%-dən bir az çox idi. Mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri odur ki, “STAG-1” təhlükəli hərbi uçuşlar zamanı bir pilotunu belə, itirməmişdi. Buna baxmayaraq, ABŞ Hərbi Donanması dron hücumu ilə bağlı proqramı 1944-cü ilin oktyabrında ləğv edib. Səbəb Birləşmiş Ştatların ehtiyac duyduğu miqyasda hərbi təyyarə istehsal etmək üçün güclü sənaye potensialına malik olması idi. Üstəlik, ABŞ çox sayda peşəkar hərbi pilot yetişdirmək qabiliyyətinə də malik idi. Belə vəziyyətdə dronlara ehtiyac qalırdı.
ABŞ Hərbi Donanmasının İkinci Dünya müharibəsi zamanı “TDR-1”dən istifadəsi yüksək dəqiqliklə zərbələr endirən müasir dronların müjdəçisi idi. Bir sözlə, Dağlıq Qarabağ müharibəsindən götürüləcək dərs əslində, dronlardan insanları heyrətləndirəcək formada istifadə olunması deyil. Əsas dərs odur ki, aviasiya havadan dəstək missiyasın və döyüş meydanına dəqiq zərbələr endirilməsində bu gün də mühüm əhəmiyyət kəsb edir.
Dağlıq Qarabağdakı hərbi hava missiyaları sübut edib ki, aviasiyanın strateji nöqteyi-nəzərdən faydası təkcə strateji hədəflərə zərbə endirməklə ölçülmür. Onun taktiki xüsusiyyətləri də mühüm əhəmiyyət kəsb edir. Bu, aviasiya nəzəriyyəsi ilə məşğul olan bəzi ekspertlərin geniş yayılmış fikirlərinə meydan oxumaqdır. Həmin ekspertlər miqyaslı bombardmana üstünlük verirlər.
İkinci dərs – inteqrasiya olunan müasir hava hücumundan müdafiə sistemləri mühüm əhəmiyyətə malikdir. İndi hava məkanı yüksək səviyyəli hava hücumundan müdafiə sistemlərilə yanaşı, həm də dronlara qarşı ciddi tədbirlər sayəsində qoruna bilər. Ermənilərdə isə bu, yox idi.
Amma ən narahatedici məqam ermənilərin müharibədəki məğlubiyyətə görə hökumətə ciddi etiraz etməsidir (onlar hətta Ermənistan parlamentinin spikerini linç etmişdilər). Bu, ermənilərin qəzəbli və məyus olduqlarını göstərir. Onlar özlərini təhqir olunmuş sayırlar. Odur ki, bu, son olmaya da bilər. Amma XX əsrin məşhur strateqi Liddell Hart deyirdi ki, “müharibənin əsas məqsədi daha mükəmməl sülhə nail olmaqdır”...
(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: The National Interest
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR