Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyev və Azərbaycanda Qurtuluş Günü” mövzusunda məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biridir. O, kitabxana əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib.
Professor Məmməd Əliyev, MEK-də artıq 7 aya yaxındır ki, təşkil olunan “Heydər Əliyev lektoriyası”nda indiyədək “Heydər Əliyev və Azərbaycanda dil siyasəti”, “Heydər Əliyev və Nizami irsi”, “Heydər Əliyev və Azərbaycanda kitabxanaçılıq işi” və digər mövzularda məşğələlərin keçirildiyini vurğulayıb.
O, “Heydər Əliyev və Azərbaycanda Qurtuluş Günü” mövzusunda keçirilən bugünkü məşğələnin əhəmiyyətindən danışıb. Ümummili liderin hakimiyyətə yenidən qayıdışı dövründə ölkədə xaotik vəziyyətin hökm sürdüyünü deyən baş direktor Azərbaycan xalqının yeganə güman yeri ulu öndərin olduğunu bildirib. Onun ölkəmizin bu gün var olması üçün gördüyü əvəzolunmaz xidmətlərdən bəhs edib. Dahi liderin uzaqgörən siyasətini, onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirməsindən danışıb.
M.Əliyev, həmçinin Ali Baş Komandan Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın geri qaytarılması üçün gördüyü misilsiz xidmətlərdən söhbət açaraq, bunun məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Baş direktor iyunun 24-də MEK-də Azərbaycanda ilk dəfə olaraq Qarabağ Müharibəsi Qəhramanları Fondunun açılışının nəzərdə tutulduğunu xatırladıb.
Sonra çıxış edən Azərbaycan Dillər Universitetinin prorektoru, millət vəkili, tarix üzrə fəlsəfə doktoru, dosent Tamam Cəfərova builki Qurtuluş Gününün qalib ölkənin qalib vətəndaşları kimi tamamilə fərqli bir əhval-ruhiyyədə qeyd olunduğunu deyib.
O, Azərbaycanın ikinci dəfə müstəqillik qazandıqdan sonra həmin dövrdə ölkəyə rəhbərlik edən siyasətçilərin təcrübəsizliyi səbəbindən respublikamızın bu müstəqilliyi itirmək təhlükəsi ilə üzləşdiyini xatırladıb. Vurğulayıb ki, Heydər Əliyev Azərbaycan tarixində dönüş nöqtəsi yaradan şəxsiyyətlərdəndir, ölkəmizin qurucusu və xilaskarıdır: “Məhz ulu öndərin qətiyyəti, uzaqgörənliyi nəticəsində 1993-cü il iyunun 15-də Azərbaycan uçurumun kənarından xilas olundu”.
T.Cəfərova bu faktların Azərbaycanın gələcək müstəqilliyinin, onun möhkəmlənməsinin əsasını təşkil etdiyini bildirərək, qeyd olunanların Azərbaycanın bu gün əldə etdiyi tarixi qələbənin başlanğıcı olduğunu diqqətə çatdırıb.
Daha sonra ilk dəfə ulu öndər Heydər Əliyev irsinin dərindən tədqiqi ilə məşğul olan Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova çıxış edıb. O, müəllifi olduğu kitabları MEK-ə hədiyyə edib.
Professor İ,Hüseynova ümummilli liderin fəaliyyəti, Azərbaycan xalqı üçün qoyduğu zəngin irs barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Heydər Əliyev 34 illik çoxcəhətli fəaliyyəti və rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, ümummilli lider statusunu qazanmışdır. Möhkəm iradəyə, qibtə doğuracaq hafizəyə malik olan xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başlamışdır. Professor qeyd edib ki, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoymuş, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edilmişdir.
İ.Hüseynova Heydər Əliyev ilə bağlı xatirələrini tədbir iştirakıları ilə bölüşüb, onun gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Ulu öndərin kadrların milliləşdirilməsi siyasətinə böyük önəm verdiyini vurğulayaraq əlavə edib ki, Azərbaycan var olduqca Heydər Əliyev ideyaları da yaşayacaq.
Tədbirdə AMEA Tarix İnstitutunun Heydərşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov çıxış edərək ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlərin görüldüyünü vurğulayıb: “Ulu öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır”.
Ə.Qasımov ümummilli liderin yenidən hakimiyyətə qayıdışından sonra dövlət çevrilişinə cəhdlər olduğunu, lakin bu dahi şəxsiyyətin işıqlı dühası, zəngin siyasi təcrübəsi, xalqa möhkəm bağlılığı, nüfuzu, ən gərgin və həlledici anlarda vəziyyəti real qiymətləndirmək bacarığı və qətiyyəti sayəsində həmin cəhdlərin qarşısının qətiyyətlə alındığını diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.