Natiq İbrahimov,
Lənkəran Dövlət Universitetinin rektoru, professor2021-ci ilin 15 iyun tarixini bundan sonra xalqımız ikiqat bayram kimi qeyd edəcək. Həm Milli Qurtuluş Günü , həm də bütün Türk dünyasının ən yeni tarixinin bir başlanğıc nöqtəsi kimi . Bu şanlı tarixin şahidi,bir azərbaycanlı kimi sonsuz sevinc hissi keçirir, qürur duyuram.
2021-ci ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, sözün əsl mənasında, tarix yazdılar. Türkiyə Prezidentinin Şuşaya səfəri ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin həqiqətən də ən yüksək səviyyədə olmasının sübutu oldu.
Biz ziyalılar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini ölkəmiz , həm də bütün türk dünyası üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bir tarixi hadisə kimi qiymətləndiririk. Prezident Ərdoğanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə məhz 15 iyun Milli Qurtuluş Günündə səfər etməsi özlüyündə böyük əhəmiyyət və məna daşıyırdı. Səfərin günü və təyinat nöqtəsi seçiminin heç də təsadüfi olmadığını əminliklə deyə bilərik. Səfərin məhz 15 iyun tarixində baş tutmasını bu əlamətdar günün Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğuna işarə kimi qəbul etmək lazımdır.
Bəli, Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisə idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olması məsələsinə bir daha aydınlıq gətirdilər və faktın müzakirəyə belə açıq olmadığı bütün dünyaya nümayiş olundu. Türkiyə Prezidentinin Şuşaya səfəri Azərbaycanın arxasında qardaş ölkənin timsalında böyük gücün dayandığını göstərdi və bu ölkələr arasındakı strateji müttəfiqliyin daha güclü birliyə çevrildiyinin növbəti təsdiqi oldu.
Prezident İlhamin Əliyev Şuşada mətbuata bəyanatında Türkiyənin müharibə dövründə Azərbaycana dəstəyindən danışarkən : “İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. “Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi” deməklə bütün xalqın minnətdarlığını ifadə etdi.
Prezident İlham Əliyev iki qadaş ölkə arasında bağlanan Bəyanamənin vacibliyini xüsusu vurğulayarq dedi : “ Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.
Qeyd edək ki, Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə iki ölkə arasında birgə əməkdaşlıq, fəaliyyət, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunub. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. “ Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq” deyən ölkə başçısının uzaqgörən siyasəti bir vətəndaş kimi bizi də çox sevindirir.
“Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” ! Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu deyimi ölkələrimiz arasında əbədi və sarsılmaq dostluqdan xəbər verir. İnanırıq ki, Şuşa Bəyannaməsi də bu tərəfdaşlığın hüquqi əsaslar üzərində bazasının yaradılmasına xidmət edəcək. Bir sözlə, Azərbaycan və Türkiyə prezidentləri Şuşada Bəyannamə imzalamaqla yeni tarix yazdılar və bu tarix bütün türk dünyasının həm nüfuzunun, həm də qüdrətinin daha da artması ilə əlamətdar oldu.Bu şanlı tarixin şahidi olmaqla fəxr edirik!