“Sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə dərc olunan iddialar əsassızdır və böhtan xarakterlidir”.
Bunu AzadMedia.az a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
O qeyd edib ki, iyunun 21-də Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən “Qoşa Qala” restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub:
“Polis əməkdaşları adıçəkilən restorana gəldikdə, restoran sahibi obyektin qapılarını bağlayaraq, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub, daha sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə mane olub, onlara zor tətbiq edərək xuliqanlıq hərəkərləri edib.
RPŞ əməkdaşları qanunla müəyyən edilmiş qaydada T.Zeynalovu saxlayaraq RPŞ-yə gətirib, lakin sonuncu polis şöbəsində nalayiq söyüşlər söyərək və və zor tərbiq edərək, xuliqanlıq hərəkətlərini davam etdirib”.
E.Qasımovun sözlərinə görə, polis əməkdaşları tərəfindən zərərsizləşdirilən Tural Zeynalov barəsində Cinayə Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
“Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edim ki, daha öncədə də T.Zeynalovun obyektində bundan əvvəl də yeddi dəfə karantin rejiminin pozulması aşkar edilərək, barəsində inzibati tədbir görülüb.
Bundan başqa, o, polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, komendant rejimini və karantin qaydalarını pozduğuna görə, barəsində İnzibati Xətalar məcəlləsinin 510 (Xırda xuliqanlıq), 517 (Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması ), 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Zeynalov 15 sutka inzibati həbs olunub”.