Azadmedia.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanaların kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edilir.
Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.
Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 40 nüsxə alınacaq.
İştirakçılar tərəfindən nəşrlər 22.07.2021 tarixinədək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.
Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.
Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.
Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.
Müsabiqədə iştirak qaydaları
Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, jurnal redaksiyaları, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.
22.06.2021 tarixindən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 2 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir.
Müsabiqəyə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir.
Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınması qaydası
Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.
Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. Satınalma müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.
İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.
Məlumat üçün bildiririk ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və Azərbaycan Milli Kitabxanasına təhvil verilir.
Müsabiqə və Komissiyanın fəaliyyəti ilə bağlı müəyyən edilmiş meyarlarla aşağıdakı linklərə daxil olaraq tanış olmaq mümkündür:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı, buraxılışı və satınalınmasına dair Meyarlar
Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın fəaliyyətinə dair Meyarlar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.