İqbal MƏMMƏDOV,
Milli Məclisin deputatıAzərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Elə bunun nəticəsidir ki, son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edir, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənir, yeni sənaye sahələri yaradılır, respublikamızda sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi getdikcə yüksəlir.
Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, respublikamızda qeyri-neft sektorunun inkişafına yönələn bu proseslər hazırda uğurla davam etdirilir. Ələt Azad İqtisadi Zonasının yaradılması da bunun bariz nümunəsidir.
Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bununla bərabər, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasını, yeni investisiyaların cəlbini sürətləndirəcək.
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə ölkəmizin rəqabətqabiliyyətliliyini təmin etməyin mühüm vəzifə kimi qarşıya qoyulub. Son illərdə bu məsələ nəqliyyat və iqtisadi əhəmiyyəti ilə bərabər, geosiyasi rolu baxımından da xüsusi diqqət çəkib. Ona görə də Azərbaycanın həm nəqliyyat dəhlizlərinin kəsişdiyi coğrafi məkan, həm də ciddi rəqabət qabiliyyətinə malik dövlət olaraq bu prosesdə iştirak etməsi, ölkəmizi regionun geosiyasi, iqtisadi, kommunikasiya və logistika mərkəzi kimi tanıdıb.
Xatırladım ki, Prezident İlham Əliyevin hələ 2016-cı il mart ayının 17-də Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması da məhz yuxarıda vurğulanan məsələ ilə bağlıdır. Yeri gəlmişkən, yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək. Məhz elə buna görə də Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyənləşdirən “Ələt Azad İqtisadi Zonası haqqında” 18 may 2018-ci il tarixli Qanun imzalayıb.
Ələt Azad İqtisadi Zonası iqtisadiyyatımıza güclü təsir göstərəcək. Bu iqtisadi zona respublikamızda daha çox nəqliyyat və logistikanın formalaşmasına xidmət etməklə yanaşı, investisiyaların cəlb olunması prosesini də sürətləndirəcək. Ümumiyyətlə, belə bir iqtisadi zonanın yaradılması Azərbaycanın tranzit ölkə olaraq öz imkanlarını genişləndirəcək və ölkə ərazisində daha çox yükdaşımalara müsbət təsir göstərəcək.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirir, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır. Təsadüfi deyildir ki, hazırda dünyada gedən siyasi-iqtisadi böhran fonunda Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edir.
Bu baxımdan dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, yeni sənaye sahələrinin yaradılması, ən müasir texnologiyalar təmin edilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
İqtisadi tərəqqidə “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələr hazırda uğurla gerçəkləşdirilir.