“Son günlər Milli Məclis sədrinin İrana səfəri haqda bəzi yazıları, şərhləri oxuduqca adam dəhşətə gəlir. İnformasiyanın bu qədər bol və əlçatan olduğu bir dövrdə, “dürüst ol, ədalətli ol” kimi milli, dini, sosial təbliğatın durmadan getdiyi bir dövrdə hələ də belə zehniyyətə malik olmaq ən azı faciədir...”
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili spiker Sahibə Qafarovanın İrana rəsmi səfəri ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirə və tənqidlərə cavab verərkən deyib. O qeyd edib ki, Milli Məclis sədrinin İrana səfəri zamanı yayılan dezinformasiyalara bir çox peşəkar izahlar, cavablar yazılıb: “Amma hər zaman baş verməyən hadisələr barədə açıqlamalar vermək tələbatı dövlətin və onun nümayəndələrinin resurslarını istehlak edir, lüzumsuz dialoq yaradır.
Bildirilir ki, Sahibə Qafarovanın İran prezidenti ilə görüşündə Azərbaycan bayrağının olmayıb. Protokol qaydalarını bilən, maraqlanan, internetdə araşdıra bilən hər kəsə bəllidir ki, bayraqlar yalnız bərabər ranqlı dövlət nümayəndələrinin görüşündə olur. Əks halda, yalnız qəbul edən tərəfin bayrağı olur. Azərbaycan tərəfinin də görüşlərində bu protokol qaydaları işləyir. Deməli, bu irad yersiz idi.
İkincisi, sədrin İrana səfəri zamanı geyim forması ilə bağlı fikirlər bildirilir. Hər kəsə məlumdur ki, İran İslam Respublikasının qadın geyimi ilə bağlı xüsusi qaydası var və hər kəsdən, xarici nümayəndələrdən də buna əməl etmək xahiş edilir. Avropa Birliyinin, digər xarici ölkələrin qadın dövlət nümayəndələrinin İrana səfəri zamanı bunu hər kəsə görə bilər.
Xanım spiker də bu adətə əməl edib. Pandemiya şəraitinə uyğun olaraq qara maskadan istifadə etdiyindən bəzilərində bu görünüş yanlış təəsürat yarada bilərdi, amma istəyən hər kəs şəkillərdə bunu qara maska olduğunu görə bilər (Biz də əksər hallarda qara rəngli maskalardan istifadə edirik, daha praktik və qoruyucu olduğu üçün).
Bundan öncə Sahibə xanımın Pakistan İslam Respublikasına səfəri zamanı qəbul edən tərəfin qadın geyimlərinə xüsusi xahişi (qaydası) olmadığından xanım spikerin ordakı geyimini hər kəs görə bilər. Yəni, bu irad da yersiz idi”.
Komitə sədrinin sözlərinə görə, Milli Məclis sədrinin İran prezidenti, parlament sədri ilə görüşləri zamanı Vətən müharibəsində Azərbaycanın qələbəsi, işğalçı Ermənistanın azad edilmiş ərazilərdə törətdikləri vəhşiliklər, İranın Xocalı faciəsini tanımasına çağırışlar səfərin Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətli olan tərəfi idi: “Amma təəssüf ki, bəzi qruplar öz daxili komplekslərinə qapılaraq artıq inkişaf etmiş ölkələr və xalqlar üçün gülünc obyeklərinə çevrilən mövzuları ölkə gündəminə gətirməyə çalışırlar.
Azərbaycan Milli Məclisi sədrinin, Azərbaycan xanımının bu sözləri İran rəhbərlərinə birbaşa, cəsarətlə deməyindən başqa bu xalqa faydalı nə ola bilərdi ki? Yoxsa, bu kəslər hələ də Azərbaycan xanımının dövlət hakimiyyətinin ali qanunvericilik qolunun rəhbəri olmasını, hər məqamda dövlətin və xalqın maraqlarını üstün tutmasını həzm edə bilmirlər və yersiz olaraq yeni parlament seçkilərinə çağırırlar? Əslində bəlkə də, dövlət maraqları, protokol qaydaları, milli mənafeləri anlamayan adamlardan başqa nə gözləmək olar ki... Amma biz hər zaman bu kəslərlə mübarizəmizi aparacağıq!”
Qeyd edək ki, deputat Avropa Birliyinin qadın nümayəndələrinin İrana səfərindən çəkilmiş şəkilləri də paylaşımına əlavə edib.