Yunanıstan rəsmiləri qeyri-adi yüksək temperatur və quraqlıq şəraitində işlədiyini dediyi bir vaxt yanğınsöndürənlər meşə yanğınları ilə mübarizəni davam etdirir.
"40 ildə ən pis hava şəraiti ilə qarşılaşırıq və səkkiz gündə 586 yanğının baş verməsi bənzərsiz bir vəziyyətdir. Yanğınsöndürmə xidmətinin tarixində heç vaxt belə bir vəziyyət olmamışdı" - deyə, Yunanıstanın Mülki Müdafiə başçısı Nikos Hardalias çərşənbə axşamı mətbuat konfransında bildirib.
Hökumət bir həftədən çoxdur yanmaqda davam edən Evia adası da daxil olmaqla, yanğınlardan zərər çəkənlərə 586 milyon dollarlıq yardım vəd edib. Evia adasında yanğınının nəzarət altına alınması üçün 900-dən çox yanğınsöndürən çalışır.
Yunanıstanın Evia adasındakı ən boyuk yanğın binaları və şam meşələrini məhv edib, minlərlə insan evakuasiya edilib.
Yunanıstandakı meşə yanğınları Avropanın bir çox ölkəsi və Əlcəzair də olmaqla, Aralıq dənizində baş verən yanğın dalğasının bir hissəsidir.
Avropa İttifaqıi Yunanıstan, Albaniya, İtaliya, Türkiyə və Şimali Makedoniyadakı yanğınların qarşısını almaq üçün yanğınsöndürmə qruplarını səfərbər edib.
Avropa Meşə Yanğını Məlumat Sistemi (EFFIS) bir sıra ölkələrdəki aktiv yanğınların xəritəsinə İspaniya, Sloveniya, Rumıniya, Ukrayna və Almaniyanı da əlavə edib.
EFFIS-ın çərşənbə axşamı açıqladığı xəritəsində bu il 334.515 hektar ərazinin yandığı göstərilib. Bu rəqəm iyulun 22-dən bəri iki dəfədən çox artdı. Bu rəqəm 2008-ci ildən 2020-ci ilə qədər olan məlumatlarla müqayisədə iki dəfə çoxdur.
Əlcəzair rəsmiləri meşə yanğınlarında 25-i əsgər olmaqla, azı 42 nəfərin öldüyünü bildirib.
Prezident Əbdelmədcid Tebbon çərşənbə axşamı tvitter səhifəsində ölən əsgərlərin 100 adamın həyatını xilas edən şəhidlər olduğunu yazıb.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası komissiya bazar ertəsi uzun zamandır gözlənilən hesabatı açıqlayıb və iqlim dəyişikliyinin "birmənalı olaraq insan fəaliyyətindən qaynaqlandığını" bildirib ki, bu da 19-cu əsrdən bəri Yer kürəsinin Selsi ilə tədricən 1,1 dərəcə istiləşməsinə səbəb olub.
amerikaninsesi.org