Ötən gün sosial şəbəkələrdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində şəhid Fərhad Babayevin yaşamış olduğu binanın blokunda xatirə lövhəsinin və bayrağın işığının kəsilməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə məlumatı Haldun Novruzzadə adlı sosial şəbəkə istifadəçisi paylaşıb. Qeyd edib ki, ailə bu hadisədən məyus olub. Məsələ ictimailəşəndən sonra əraziyə elektrik göndərilib və şəhidin xatirə lövhəsinin və bayrağın işığı bərpa olunub.
Məsələ ilə bağlı şəhid Fərhad Babayevin qardaşı Zamiq Babayevlə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında işığın professional formada kəsildiyini bildirib: “Kimsə işığı xüsusi qayçı ilə hər iki tərəfdən kəsib cərəyandan ayırıb, 5 metrə yaxın kabel götürüb çıxıb. Kabel lazım olan adam bütün kabeli kəsərdi, 20 qəpiklik kabelə görə narkoman öz həyatını riskə atmaz. Belə görünür ki, burada kiminsə əli var, amma baş açmaq olmur kimdir. Bunu təxribat kimi ediblər”.
O, hadisədən axşam saatlarında xəbər tutduğunu, lakin kabelin bir neçə saat əvvəl, gündüz vaxtı kəsildiyini ehtimal edir: “Dərhal Suraxanı RİH-dən bizimlə əlaqə saxladılar, MKİS nümayəndələri əraziyə gəldilər, “Azərişıq” ASC-dən elektrik göndərdilər və bərpa edildi. İşığın kim tərəfindən kəsildiyi ilə bağlı heç bir ehtimalımız yoxdur. Ancaq onu bilirik ki, işıqdan başı çıxan şəxsdir”.
Faktla bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Bildirildi ki, artıq bununla bağlı icra başçısı Əziz Əzizov tərəfindən rayon prokuroru və polis rəisinə göstəriş verilib: “Hadisədən xəbər tutan kimi əməkdaşlarımız əraziyə getdilər. Məlum oldu ki, 20 metr kabel mis olduğuna görə iki tərəfdən də kəsilərək götürülüb. Həmin binada, sağ və sol tərəflərdə ümumilikdə üç şəhid ailəsi yaşayır. Necə olur ki, bu şəhidlərdən birinə məxsus lövhənin işığı kəsilir, digərlərində yanır?
Ehtimal edirik ki, hər şeyin İcra Hakimiyyətinin üzərinə atılması kimlərinsə təxribatı ola bilər. Əziz Əzizov tərəfindən rayon prokuroru və polis rəisinə də bu təxribatı törədən şəxsin tapılması ilə bağlı göstəriş verilib. İkinci ehtimal isə budur ki, belə şeyləri narkomanlar edə bilər. Çünki kabel misdəndir və mis də bahalı metaldır. Araşdırma gedir və yəqin ki, hər şey ortaya çıxacaq”.
“Azərişıq” ASC-dən isə "Qafqazinfo"ya bildirdilər ki, təkcə Suraxanı rayonu ərazisində onlar tərəfindən 100-dək belə yer işıqlandılıb: “Belə olduğu halda, biz oranın işığını necə kəsə bilərik? Bu, tamamilə əsassız fikirdir. Həmin ərazidə işıq naməlum şəxs tərəfindən kəsilib və naqillər oğurlanıb. Bundan xəbər tutan kimi dərhal “Azərişıq” əməkdaşları həmin ərazinin işığını bərpa ediblər”.