"44 günlük Vətən müharibəsində əldə olunan qələbə ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Hazırda işğaldan azad edilmiş regionlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri, yenidənqurma fəaliyyəti həyata keçirilməkdədir. Bu, eyni zamanda, Böyük Qayıdışın sürətlənməsinə xidmət göstərir. Qeyd etmək lazımdır ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan şanlı qələbədən sonra dəfələrlə həmin regionlara baş çəkib, aparılan işlərlə yerindəcə tanış olub, tövsiyə və tapşırıqlarını verib. Zəngilan rayonunda "Ağıllı kənd" layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Zəngilan və Laçın rayonlarında hava limanlarının tikilməsi istiqamətində atılan addımlar, o cümlədən Kəlbəcər rayonunda infrastrukturun qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı canlandıracaq, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin edəcək".
Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, şanlı Qələbəmiz Azərbaycanın qarşısında postmüharibə dövründə yeni çağırışlar, yeni vəzifələr qoyur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərinə diqqət çəkən Cavanşir Paşazadə qeyd edib ki, artıq bu regionlarımızda da zəruri infrastrukturun qurulması yönündə işlər görülür ki, bu da Böyük Qayıdışın təmin edilməsi üçün vacib şərtdir: "Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarında bir sıra yeni obyektlərin açılışını etdi. Bütün bu vacib infrastrukturun yaradılması, eləcə də Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması olduqca mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini ardıcıl olaraq və planlı şəkildə həyata keçirir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.