Məşhur Məmmədov,
Milli Məclisin deputatıSon günlərin ən çox müzakirə mövzusu Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarının əraziləri üzrə mina xəritələrinin əldə edilməsidir. Bu, dövlətimizin başçısı İlham Əliyevin diplomatik qələbəsinin növbəti sübutu, həm də Azərbaycan diplomatiyasının daha bir uğurudur. Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Azərbaycan tərəfinə təqdim edib. Ölkələrarası münasibətlərdə güc və beynəlxalq hüquq əsas amil olduğunu nəzərə alan dövlətimiz elə bu xətt üzrə hərəkət edir. Bilirik ki, işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işləri sürətlə davam edir. Minalanmış ərazilər işin sürətinə əngəl yaradırdı. Məhz abadlıq-quruculuq işlərinin sürətini artırmaq üçün cənab Prezident İlham Əliyev beynəlxalq hüquq çərçivəsində bu ərazilərin mina xəritələrini Ermənistandan tələb edirdi və hazırda bu davam edir. Azərbaycan dövləti hər fürsətdə işğalçı Ermənistana və onun havadarlarına israrla xatırladır ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda da bu tələblər öz əksini tapıb.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək. Azərbaycan dövləti üçün vətəndaş sağlamlığı, vətəndaş təhlükəsizliyi əsas faktorlardan biridir. Minalanmış ərazilərin xəritələrinin alınması işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işlərinin aparılmasını sürətləndirəcək. Bu da, illərlə vətən həsrəti ilə yaşayan qaçqın və məcburi köçkünlərimizin doğma torpaqlarına qayıdışını sürətləndirəcək. Xatırladım ki, Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin həyata keçirildiyi bölgə Füzuli rayonudur. İşğaldan azad edilmiş ərazilərin bütün yol-nəqliyyat infrastrukturu bu rayondan keçir. Zəngilan rayonu da böyük strateji əhəmiyyət kəsb edir, çünki “ağıllı kənd” layihəsi ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində icra ediləcək. İlkin olaraq 200 evin tikilməsi nəzərdə tutulur. Dövlətimizin başçısı İlham Əliyev “ağıllı kənd” layihəsinə start verilməsini Qarabağa Böyük Qayıdışın başlanması kimi dəyərləndirir.
Mina xəritələrinin Azərbaycana verilməsi büdcəmizə böyük məbləğdə vəsaitə qənaət etməyə, həmin vəsaiti digər iqtisadi layihələrə yönəltməyə imkan verəcək. Minaların axtarılması, yerinin müəyyən edilməsi və zərərsizləşdirilməsi prosesi təhlükəli olmaqla yanaşı, böyük maliyyə vəsaiti tələb edən prosesdir. Bu səbəbdən işğaldan azad edilmiş ərazilərimizin mina xəritələrinin əldə edilməsi maliyyə itkilərinin qarşısını almaqla yanaşı, digər mühüm layihələrin icrasına da dəstək olacaq”.
Bir sözlə, cənab Prezidentin vurğuladığı kimi, istədiyimizə nail olmuşuq və yeni dövr - quruculuq, torpaqlarımızın bərpası dövrü başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.